Uşağın mikrobla təmasda olmaması  xərçəngə  qapı açır - Yeni araşdırma


İngilis alimlərin apardığı yeni araşdırmanın nəticələrinə görə,  mikrobsuz mühitdə  uşaqlıq keçirənlər xərçəngə daha tez tutulurlar.

usagin-mikrobla-temasda-olmamasi-xercenge-qapi-acir
30.12.2019 21:08 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, "Nature Reviews Cancer" jurnalında nəşr olunan məqalə 30 illik araşdırmanın nəticələrindən bəhs edir. Araşdırmaçılar uşaqlıq çağı xərçənginin ən məşhur növü olan akut linfoblastik leykozun iki mərhələli müddətdən qaynaqlandığı kəşf edib.

Qeyd edək ki,  leykoz  sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir.  Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir.

Təmiz evlərdə böyüyənlərdə leykoz riski daha çoxdur

İlk addım doğumdan əvvəl uşağı leykoz formasını inkişaf etdirmə riskinə uyğun hala gətirən genetik bir mutasiyadır. İkinci addım infeksiyalara məruz qalmağı məhdudlaşdıran təmiz mühitdir. Yəni uşaqlıqda müəyyən infeksiyalara məruz qalmamaq akut linfoblastik leykoz riskini artırır.

Araşdırmalarda körpəliyin ilk illərində təmiz evlərdə böyüyən və sonrakı  illərdə digər uşaqlarla daha az münasibətdə olan  uşaqlarda akut linfoblastik leykozun  inkişaf ehtimalının daha yüksək olduğu məlum olub. Araşdırmaçılar uşaqların erkən dövrdə  kifayət qədər mikrobla təmas etmədiyində sonrakı illərdə bəzi xərçəng növlərinə tutulduqlarını sübut ediblər.

Mikroblara məruz qalmamaq immunitet sisteminə pis təsir edir

Yazar, Xərçəng Araşdırma İnstitutunun professoru Mel Greaves xərçəngin qarşısının əvvəlcədən alına biləcəyini qeyd edib.  Greaves uşaqlıq leykozunun  genetik, hüceyrə biologiyası, immunologiya, epidemiologiyası üzərində 30 ildən çox  araşdırma aparıb.  Greaves uzun müddət  sağlam uşaqlarda niyə və ya necə leykozun inkişaf etdiyini və bu xərçəngin qarşısının alınıb-alınmayacağını araşdırıb.

Araşdırmaya görə, həyatın ilk illərində mikroblara kifayət qədər məruz qalmamaq, immunitet sistemində qüsurlara gətirib çıxarır. Bu kimi vəziyyətlərdə yaşanan infeksiyalar 2 min uşaqdan birində leykoza səbəb olur. "Uşaqları mikroblardan çox  qorumaq xərçəngə qapı açır" deyən mütəxəssislər ailələrə sadə infeksiyalarla bağlı təlaşlanmamalarını tövsiyə edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com