1-ci sinfə onlayn qeydiyyatın tarixi açıqlandı


Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini açıqlama verib.

1-ci-sinfe-onlayn-qeydiyyatin-tarixi-aciqlandi
02.03.2020 20:04 2 dəq oxuma

"2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək".

TurpKimi.com bildirir ki, bunu birinci sinfə qəbulla bağlı keçirilən mətbuat konfrasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib. Onun sözlərinə görə, məktəb seçimi isə 13 martdan 15 sentyabr 2020-ci il tarixinədək həyata keçiriləcək: "2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla)".

İ.Abdullayeva deyib ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün  sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn 10 mart tarixindən 13 mart 2020-ci il tarixinədək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Alternativ qeydiyyat mərkəzləri də fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər".