2022-ci ildə elm dünyası qeyri-adi və möcüzəvi kəşflər etdi.
Donuzdan insana ürək transplantasiyasından tutmuş dünyanı xilas etmək əməliyyatına qədər gələcəyə olan ümidimiz insan şüurunun hüdudlarını aşan ixtiralarla gücləndi.
2022-ci ilin önəmli kəşflərini təqdim edirik:
1. Donuzdan insana ürək köçürülməsi
2022-ci il ABŞ-ın Merilend Universitetinin Tibb Məktəbində donuzdan insana ürək transplantasiyası xəbəri ilə başladı. Xəstə 57 yaşlı David Bennett geni dəyişdirilmiş donuz ürəyi transplantasiyası üçün könüllü oldu. O, əməliyyatdan iki ay sonra orqan qəbulu yox, ürək çatışmazlığından dünyasını dəyişdi.
2. 30 min illik yaşı olan mamont
2022-ci ildə Kanadanın Yukon əyalətində qızıl mədənində çalışan işçilər, demək olar ki, bütün bədəni bütöv halda 30 min illik yunlu mamont balası tapıblar. Mütəxəssislər mamontun Buz Dövründə donduğunu düşünürlər. Körpə mamont dünyada indiyə qədər kəşf edilmiş ən mükəmməl Buz Dövrü heyvanlarından birinə çevrildi.
3. Dünya müdafiə təlimi
2022-ci ildə alimlər asteroidi istiqamətləndirməyə müvəffəq oldular. İlk dəfədir ki, Yerdən göndərilən kosmik gəmi qəsdən asteroidlə toqquşub. DART adlı missiya ilə 11 milyon kilometr uzaqlıqdakı asteroid saatda 24 km sürətlə itələndi. Bu, dünya üçün təhlükə yarada biləcək asteroidlərə qarşı müdafiə mexanizmi yaratmaq məqsədi daşıyırdı.
4. Ən qədim dinozavr
Geridə qoyacağımız bu ildə Afrikadakı ən qədim dinozavr fosili Zimbabvedə aşkar edildi. Alimlər Mbiresaurus raathi adlanan dinozavrın 1.83 metr uzunluğunda və 29 kiloqram çəkidə olduğunu düşünürlər. Mbiresaurus raathinin ən azı 230 milyon il əvvəl yaşadığı düşünülür.
5. Qara dəlik fotosu
Bu il Qalaktikamızın mərkəzində mövcud olan "Süd yolu canavarı” (Oxatan A) adlı qara dəliyin "Horizon” teleskopu vasitəsilə görüntüləri çəkilib. Qara dəlik Günəşin kütləsindən 4.3 milyon dəfə böyükdür. Yerdən təxminən 27.000 işıq ili uzaqlıqdadır.
6. Qanda mikroplastik
Mart ayında Hollandiya alimləri ilk dəfə olaraq insan qanında mikroplastiklərin də aşkar edildiyini açıqlamışdılar. Aprel ayında ingilis alimləri insanlardan götürülmüş ağciyər toxumasında mikroplastiklərin tapıldığını bildirdilər. Oktyabr ayında italyan mütəxəssislər isə ilk dəfə ana südündə mikroplastikləri aşkar etdilər. (Azxeber.com)