57 min illik tapıntı dünyanı heyrətləndirdi


Kanadanın Yukon ştatındakı qızıl mədənində tapılmış 57 min illik qurd balasının qalıqları tədqiqatçıları təəccübləndirib.

57-min-illik-tapinti-dunyani-heyretlendirdi
22.12.2020 22:41 1 dəq oxuma

Elm adamları ilk dəfə 2016-cı ildə aşkar olunan və mükəmməl qorunub-saxlanılan qalıqların canavar balasına aid olduğunu bildiriblər.

Paleontoloq Yuliya Miçen 57 min illik tapıntı haqda deyib:

“İndiyə qədər tapılmış tam mumiyalanmış boz qurddur. O qədər mükəmməl, o qədər möhkəmdir ki, xəzi də var. Hər şey yerindədir. Daxili orqanları belə bütövdür. Dərisi, xəzi və orqanları olan bir heyvan sümüklərindən daha çox şey öyrənə bilərik. Onu bütün orqanları ilə araşdıra bilmək inanılmazdır”.

Buz dövründə yaşadığı bildirilən heyvanın qalıqlarına Yukon yerlilərinin istifadə etdikləri dildə “canavar” mənası daşıyan “Jur” adı verilib.

Tədqiqat qrupu müxtəlif test və analizlər yolu ilə canavar balasının yeddi həftəlik olarkən yuvasında öldüyünü müəyyən edə bilib. Elmi qrup genetik testlər nəticəsində qurdun bu gün Şimali Amerikada yaşayan canavarlara bənzəmədiyini aşkarlayıb.

Paleontoloq Qrant Zazula Jurun ​​Avropadakı buz dövrü canavarları ilə yaxından əlaqəli olduğunu ehtimal etdiklərini bildirib: “Bu, həqiqətən maraqlıdır. Bu, bizə Şimali Amerikada buz dövrünün sonunda boz qurdlar arasında kütləvi populyasiya dəyişikliyi olduğunu izah edir”.

Elm qrupu kiçik qurdun gözlənilənin əksinə olaraq son yeməyinin bizon və ya maral deyil, bir balıq olduğunu açıqlayıb.

Jur Yukon ştatının paytaxtı Uaythorsdakı Beringiya Muzeyində sərgilənir.

Teleqraf.com/TurpKimi.com