Koronavirus pandemiyası zamanı bir çox xəstənin həyatını xilas edən üsul...
Ağciyər detoksu başda siqaret çəkənlər, davamlı olaraq çirkli havaya məruz qalanlar, astma, xroniki obstruktiv ağciyər xəstəliyi (KOAN) və kistik fibroz kimi tənəffüs yollarına təsir edən, xroniki narahatlığı olanlar üçün son dərəcə faydalıdır.
Ağciyərlərin sağlamlığını qorumaq orqanizmin hər hissəsini sağlam saxlamaq deməkdir. Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) qeydinə görə, dünyada hər il sadəcə çirkli havadan 4,2 milyon insan həyatını itirir.
TurpKimi.com ağciyərlərin sağlamlığını qorumaq üçün evdə edə biləcəyiniz ağciyərlərin təmizlənməsi üsulunu təqdim edir.
BUXAR TƏNƏFFÜSÜ
Buxar tənəffüsü nəfəs alma, soyuqdəymə və öskürəyin müalicəsində istifadə olunan məşhur vasitədir. Buxar inqalyasiyası tənəffüs yollarını açmağa və ağciyərlərin selikli suyunu boşaltmasına kömək edir. Asanlıqla tətbiq edilsə də, təsiri dərhal nəzərə çarpır. Xüsusilə ağciyər xəstəliyi olan insanların simptomları quru və soyuq havalarda kəskinləşir, hava şəraitindən asılı olaraq tənəffüs yollarındakı selikli qişaları quruya və qan axınını məhdudlaşdıra bilir. Lakin buxarda nəfəs aldıqda havaya istilik və nəmlik qatır, nəfəs almanı yaxşılaşdırır, ağciyər və tənəffüs yollarındakı iltihabın boşalmasına kömək edir. Amma bu müvəqqəti üsuldur.
NƏZARƏTLİ ÖSKÜRMƏK
Bu öskürək üsulu bəlğəmin tənəffüs yolları vasitəsiylə boşaldılmasına kömək edir. Bunun üçün rahat bir yerdə oturmalıyıq. Burundan yavaşca alınan nəfəs irəliyə doğru əyilərkən qolları mədəyə doğru aparmaq və ağzı yüngül tutub 2-3 dəfə öskürmək kifayət edəcək. Bəlğəm atılana qədər bu hərəkəti təkrarlaya bilərsiniz.
POSTURAL DRENAJ
Postural drenaj bəlğəmi ağciyərdən xaric etmək üçün cazibə qüvvəsindən istifadə etməklə müxtəlif mövqelərdə üzü üstə uzanmaqdır. Bu yolla daha rahat nəfəs almağa və ağciyər infeksiyalarının qarşısını almağa, müalicə etməyə kömək edir. Postural drenaj üsulları mövqeyinə görə dəyişir. Belə ki, yatağa üzü üstə uzanmış xəstə sinə nahiyəsinin aşağı qalması üçün budlarının altına yastıq qoymalıdır. Bu vəziyyətdə yavaşca burnundan nəfəs alıb, ağzından nəfəs verir. Nəfəsini vermə müddəti, alma müddətinin iki qatı uzunluğunda olmalıdır. Daha sonra hər iki yan tərəfə dönərək bir neçə dəqiqə bu texnikanı davam etdirir. Qeyd edək ki, koronavirus pandemiyası zamanı bir çox xəstənin həyatı bu yolla xilas edilib.
İDMAN
İdman əzələləri daha çox işləməyə məcbur edir. Bu da orqanizmin nəfəs almasını sürətləndirir, əzələlərə daha çox oksigen verilməsini təmin edir. Eyni zaman qan dövranını yaxşılaşdırır ki, bu da karbon dioksidi bədəndən xaric edir. Xroniki ağciyər xəstələri idman etməkdə çətinlik çəksələr də, amma mütəxəssisin yardımı ilə bu mümkündür.
YAŞIL ÇAY
Yaşıl çayda ağciyərlərdə iltihabı azaldan antioksidantlar var. Bu birləşmələr hətta ağciyər toxumasını tüstü-dumanın zərərli təsirlərindən qoruyur.
İLTİHAB ƏLEYHİNƏ QİDALAR
İltihabla mübarizə aparan qidalar bunlardır: brokoli, kərə yağı, ispanaq, yaşıl yarpaqlı tərəvəzlər, sarıkök, zəncəfil, çuğundur, albalı, qarağat, soğan, sarımsaq, zeytun yağı, qoz, lobya, mərcimək.
AÇIQ HAVADA GƏZMƏK
Mümkün olduğu qədər bol oksigenli havada gəzmək, həftədə bir gün olsa belə yenə də bu fürsəti əldən verməmək lazımdır. Çünki ağciyərlərin təmizlənməsində əhəmiyyətli dərəcədə mühüm rol oynayır.
SU İÇMƏK
Su bütün bədənin detoksu olduğu kimi ağciyərlərin də detoksunda vacib rol oynayır. Gün ərzində su içmək insanın çəkisinə görə dəyişir.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 27-05-2021