Ağdama səfər etmək istəyənlərin nəzərinə - Növbəti avtobus bu tarixdə yola düşəcək


Bakıdan Ağdama gedəcək növbəti sərnişin avtobusu yanvarın 31-də səhər saat 06:30-da yola düşəcək.

agdama-sefer-etmek-isteyenlerin-nezerine
28.01.2022 19:45 1 dəq oxuma

Trend xəbər verir ki, növbəti səfər də 50 nəfərlik sərnişin avtobusu ilə təşkil ediləcək.

Ağdama səfər çərçivəsində iştirakçılar Pənahəli xanın 18-ci əsrdə inşa etdirdiyi İmarət kompleksi, ermənilərin dağıtdığı Xurşidbanu Natəvanın məzarı və digər erməni vandallığına məruz qalmış tarixi abidələrlə tanış olacaqlar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı yaradılıb.