Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa və inkişaf işləri ilə yanaşı, müxtəlif innovasiyaları da tətbiq etmək niyyətindədir. Bunlardan ən iddialısı həmin ərazilərdə «ağıllı şəhər» və «ağıllı kənd» sistemlərinin yaradılmasılıdır.
Qeyd edək ki, hazırda bütün dünyada «ağıllı şəhər» anlayışı sürətlə yayılır. Sadə desək, bu - şəhərin rəqəmsallaşması və bu sistemin cari problemlərin həllində istifadəsi deməkdir.
FED.az xatırladır ki, «ağıllı şəhər» təkcə sadəcə texnoloji yeniliklərinə görə maraqlı deyil, bu sistemin qurulması həmin ərazilərdə həyatı rahatlaşdırır, vaxt itkisini aradın qaldırır, xərcləri azaldır, eləcə də biznesin işini asanlaşdırır və həm biznesin, həm də insanların gəlirlərini artırır.
"Ağıllı şəhər" nədir?
«Ağıllı və dayanıqlı şəhər»in göstəricilərini BMT 2015-ci ildə müəyyən edib. Qurumun verdiyi ümumiləşdirməyə əsasən ağıllı və dayanıqlı şəhər – informasiya texnologiyalarından istifadə edən innovasiyalı şəhərdir. Hansı ki, bu imkanlar həyat səviyyəsinin yüksəlməsi, xidmətlərin daha effektiv və rəqabət qabiliyyətli olması, eləcə də, indiki və gələcək nəsillərin iqtisadi, sosial və mədəni tələblərinin ödənilməsinə şərait yaradır.
BMT-nin qaydalarına görə «ağıllı şəhər» sistemləri şəhərdə demək olar bütün sahələrdə tətbiq edilməlidir. Burada əsas 3 istiqamət var:
1) İqtisadiyyat – İKT, innovasiya, məşğulluq, ticarət, istehsal, fiziki infrastruktur.
2) Ətraf mühit – havanın tərkibi, su təchizatı, səs-küy, ətraf mühitin keyfiyyəti, biomüxtəliflik, energetika.
3) Cəmiyyət və mədəniyyət – təhsil, səhiyyə, təhlükəsizlik, mənzil, mədəniyyət, sosial qaynayıb-qarışma.
Bu istiqamətlər ilk baxışdan ümumi görünsə də, insan həyatının bütün tərəflərini, hətta ən xırda məsələləri əhatə edir. Məsələn, bütün evlərdə internet və elektron qurğular olmalı, məşğulluq daima artmalı, kreativliyi təmin etmək üçün isə müəllif hüquqları ciddi şəkildə qorunmalıdır. Şəhərin hər yerində elektron və mobil ödənişlər işləməli, elektron ticarət mümkün olmalıdır.
«Ağıllı şəhər»in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.
Bundan başqa, tələblərə görə, belə şəhərlərdə su, qaz və işıq sayğacları sistemi və sayğacları da «ağıllı» olmalıdır. İctimai nəqliyyat haqqında məlumat da onlayn olmalıdır – yəni, məsələn, istənilən şəxs, istənilən yerdən öyrənə bilməlidir ki, hansı avtobus nə zaman haradan keçəcək.
Havanın tərkibi və şəhərdəki səs-küy səviyyəsi normalarda saxlanılmalıdır, bütün insanların xəstəlik tarixçələri elektron olmalı, tele səhiyyə (yəni məsafədən müayinə və müalicə) mümükn olmalıdır. Mənzil xərcləri aşağı olmalı qadınların gəlirləri artmalı və əlillər sosial həyata qaynayıb-qarışmalıdırlar.
Hansı şəhərlər artıq «ağıllıdır»?
Əslində «ağıllı» şəhərin ayrı-ayrı elementləri indiyə qədər də mövcud idi. Dünyanın böyük meqapolislərində – Paris, Şanxay, Moskva, Dubay, Pekin və sairdə «ağıllı» parkinqlər yaradılır, «ağıllı» işıqlandırma və videonəzarət sistemi qurulur. Hətta «ağıllı» zibil toplama mexanizmləri yaradılır. Bu məsələrlə, xüsusilə Cənubi Koreya, ABŞ və Avropa şəhərləri çox irəlidədirlər. Elə bunun nəticəsidir ki, Avropada məsələn, terror aktları zamanı cinayətkarın şəxsiyyətini bir neçə dəqiqəyə müəyyən edib tuturlar.
«Ağıllı şəhər» yaxşı biznesdir
Analitiklərin proqnozlarına görə, 2025-ci ilə «ağıllı şəhərlər» üçün texnologiyaların bazarı 327 milyard dollara çatacaq. «Ağıllı şəhər»lərin inkişafı nəticəsində biznesin imkanları, yəni ədlə edə biləcəyi yeni gəlirlər 2,46 trilyon dollara yaxınlaşacaq. Bu isə özünü ümumi iqtisadi vəziyyətdə göstərəcək. «McKinsey Global Institute»nun (MGI) proqnozlarına görə rəqəmsallamşdırma ayrı-ayrı ölkələrdə ÜDM-ni 19-34% artıra bilər.
«Ağıllı şəhər»dən kim nə qazanıb? - MİSALLAR
Dünya şəhərlərinin rəqəmsallaşmasının iqtisadi faydası asanlıqla ölçülə bilir. Məsələn, Sinqapurda küçələrin və iri binaların işıqlandırılmasında ağıllı sistemilərin qurulması nəticəsində şəhərin enerji sərfiyyyatı 40% azalıb. Bostonda isə yollardakı çalalar barəçdə məlukmat toplayan «Street Bump» sisteminin tətbiqi nəticəsində bir il ərzində belə çalaların sayı 2 dəfə azalıb. Barselona şəhəri isə suyun sərfinə nəzarət edən ağıllı sensorlar sayəsində ildə 42,5 mln avroya qənaət edir.
İşə getmə vaxtı 0-15%, ölüm halları 8-10% azalır
«McKinsey Global Institute» «ağıllı şəhər» sistemlərinin insanların həyatına necə təsir etdiyi barədə araşdırma aparığb. Dünyanın 50 şəhərini əhatə edən araşdırmada karşerinq (avtomobillərin bir neçə saatlığa onlayn icarəyə verilməsi), velosiped icarəsi, elektron qeydiyyat kimi yeniliklərin insanların həyatını necə yüngülləşdirdiyi araşdırılıb. Məlum olub ki, yuxarıda sadalanan və digər yeniliklərin tətbiqi şəhər sakinlərinin evdən işə getmə vaxtını 15-20%, havanın çirkləndirilməsini 10-15% azaldır, hətta ölüm hallarını 8-10% aşağı salır. Bu araşdırma Barselona, Berlin, Melburn, Mexiko, Moskva, Nyu-York, Paris, San-Paulu, Sinqapur, Tokio və başqa şəhərlərdə aparılıb.
Dünyada ən «ağıllı şəhər» hansıdır?
Dünyada ağıllı şəhərlərin ümumi dəqiq reytiinqi mövcud deyil, çünki şəhərlərin reytinqini ayrı-ayrı meyarlarla hesablayırlar. Amma bir qədər geniş yayılan sıralamalar var ki, onlardan biri də LOSI indeksidir. Bu reytinq yerli elektron xidmətlərin yayılması dərəcəsini ölçür. Digər reytinqi isə IMD şirkəti hesablayır və burada Sinqapur, Helsinki və Sürix irəlidədir. Ağıllı şəhər texnologiyalarına yatırımların həcminə görə isə Sinqapur, Pekin və Seul irəlidədir. Bu şəhərlərin hər biri belə texnologiyalara ildə 1 milyard dollardan artıq pul xərcləyir.
Hətta qonşu Rusiya da ağıllı şəhər texnologiyalarına başlayıb. Moskvada bu prosesə 2011-ci ildən start verilib, ağıllı şəhər sistemləri Peterburqda və Rusiyanın daha kiçik əyalət şəhərlərində də qurulur.
«Ağıllı şəhər»in pulunu kim verir?
Hazırda indiyədək olan təcrübə göstərir ki, «ağıllı şəhər»i dövlət və özəl sektor birlikdə yaradırlar. Bununla bağlı qərarları dövlət versə də, xərcləri hər iki tərəf ödəyir. Məsələn, MGI-nin araşdırması göstərir ki, «ağıllı» həllər barədə qərarları 70% hallarda dövlət verir, ilkin investisiyaların 60%-ni isə özəl şirkətlər ödəyir.
Ölkələrin əksəriyyyəti dövlət-özəl sektor əməkdaşlığı edirlər. Məsələn, Hindistanda 2015-ci ildə işə düşən «Smart City Mission» layihəsi çərçivəsində 2023-cü ildə ölkədə 100 ağıllı şəhər yaradılmalıdır. Buna 26 milyard dollar sərf ediləcək ki, onun da 5,5 milyard dollarını dövlət-özəl sektor birlikdə yatıracaqlar. Səbəbi odur ki, «ağıllı şəhər»lər yüatırım tələb etməklə yanaşı, həm də biznesə yeni qazanc imkanları da gətirir.
Azərbayan "ağıllı şəhərlər"i necə yaradacaq?
Qeyd edildiyi kimi, Azərbaycanda da ağıllı şəhərlər yaradılacaq. Bunu bir qədər əvvəl yeni təyin edilən Nəqliyyat, Rabitə və İnformasiya Texnolagiyaları naziri Rəşad Nəbiyevi qəbul edərkən prezident bir də təsdəqləyib: «Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır. Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik»-deyə prezident bildirib.
Hələlik bu prosesin nə vaxt başlanacağı hələlik məlum deyil. Məsələ bundadır ki, belə şəhərlərin yaradılması nəzərdə tutulan ərazilər yenicə işğaldan azad edilib. Burada hələ normal yaşıyış şəraiti yaratmaq üçün bir neçə il vaxt tələb olunur. Amma hökumət planlarını artıq elan edib və bu layihə üçün tərəfdaşlar da axtarır. Məsələn bir qədər əvvəl prezident İlham Əliyev "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı ilə görüşdə bildirmişdi kpi, Azərbaycanın «ağıllı şəhər» yaratmağa hazırlaşır və bununla bağlı sözügedən şirkətlə əməkdaşlıq etmək istəyir: «Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq»-deyə prezident bildirmişdi.
Azərbaycanda «ağıllı şəhər»in 10 əsas üstünlüyü
İqtisadçı millət vəkili Vüqar Bayramov bildirir ki, dünya praktikasına görə, «ağıllı şəhər»in 10 böyük üstünlüyü var.
«Birincisi bu, şəhərin idarəedilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir.
İkincisi, layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar.
Üçüncüsü təhlükəsiz icmaların yaradılmasıdır. Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. «Ağıllı şəhər» təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz yerə çevirir.
Dördüncü üstünlük ətraf mühitin qorunması baxımından, «ağıllı şəhər»lərdə alternativ enerji mənbələrinin imkanlarından istifadə olunmasıdır.
«Ağıllı şəhər»lərin beşinci üstünlüyü nəqliyyatın yüksək inkişafıdır. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir.
Altıncı üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, “Wİ-Fi”nin daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır.
Yeddinci üstünlük iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, “ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.
Səkkizincə üstünlük “ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsidir.
Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir. “Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun.
Nəhayət, onuncu üstünlük, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir»-deyə millət vəkili bildirib.