Ağlamaqla bu sağlamlıq problemindən qurtulmaq olur...
Adətən, cəmiyyət arasında ağlamaq zəiflik əlaməti kimi dəyərləndirilir. Lakin aparılan son araşdırmalar ağlamağın müxtəlif şəkildə orqanizmə yararlı olduğunu ortaya qoyub.
TurpKimi.com bildirir ki, ABŞ statistikasına görə, qadınlar ayda 3,5 dəfə, kişilər isə 1,9 dəfə ağlayır. İnsan bir gündə 300 ml, ildə isə 38 litr gözyaşı suyu istehsal edir. Gözyaşları fiziki və zehni olaraq insan sağlamlığına təsir edir.
Odur ki, ağlamaq orqanizmdə inkişaf edən təbii prosesdir və hər tərəfli sağlamlığa təsir edir.
STRESS
2014-cü ildə aparılan araşdırmaya görə, ağlamaq insanların stresli vaxtlarda rahatlanmasına kömək edir. Ağlamağın yaşatdığı nəticələr isə anlıq deyil və orqanizmin rahatlaması bir neçə dəqiqə davam edir. Tədqiqatçılara görə, ağlamaq beyin üzərində sakitləşdirici təsirə malik olan parasimpatik sinir sistemini hərəkətə gətirir.
YÜKSƏK TƏZYİQ
Bildiyimiz kimi yüksək təzyiq insult, infarkt, ürək çatışmazlığı, yaddaşsızlıq və hətta böyrək çatışmazlığı kimi çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Lakin ağlamaq qan təzyiqini aşağı salır, ürək döyüntülərini sakitləşdirir və onu nəzarətdə saxlayır. Əgər çox yüksək qan təzyiqiniz varsa, bu zaman ağlamağa deyil, həkimə müraciət edin.
TOKSİNLƏRİN ATILMASI
Ağlayarkən gözlərinizdən axan yaşlar tüstü və toz kimi çirkləri təmizləyir. Həmçinin ağlayan zaman göz yaşları stress nəticəsində orqanizmdə yığılmış toksinləri xaric edir. Toksinlərin bu formada xaric edilməsi bədəndəki kortizolun səviyyəsini aşağı salmağa kömək edir, nəticədə əhvalınız yaxşılaşır. Ona görə də təəccüblü deyil ki, insan ağladıqdan sonra üzərindən ağırlığın getdiyini hiss edir.
ƏHVAL-RUHİYYƏ
Davranışlarınızın niyə aqressivləşdiyini düşünürsünüzsə, son zamanlar özünüzü narahat və əsəbi hiss edirsinizsə, dəqiq bir cavabı olmaya bilər. Müxtəlif səbəblərdən dolayı əhvalınız dəyişə bilər. Orqanizmdə manqanın yığılması da sizi bu vəziyyətə sala bilər Amma ağlayanda bədəndəki artıq manqan göz yaşı ilə birlikdə xaric olur. Bu, onun orqanizmdəki miqdarını azaldır və nəticədə sizi sakitləşərək diqqətinizi cəmləyir.
AĞRI HİSSİ
Fiziki ağrı olarkən gözdən axan bir neçə damcı gözyaşı bədənin hiss etdiyi ağrını azaldır. Araşdırmalara görə, ağlamaq sevgi hormonu olaraq tanınan oksitosin və xoşbəxtlik hormonu olan endorfin ifraz edir. Bu hormonlar sayəsində insanlar özünü yaxşı hiss edir, onların həm fiziki, həm də emosional ağrıları yüngülləşir.
Firuzə Alimova / TurpKimi.com