Amerika Rusiyanın iqliminə təsir edəcək - İqlimə söz keçirtmək mümkündür? - ARAŞDIRMA


ABŞ Konqresi və Ağ Ev "iqlim müdaxilələri” üçün beş illik plan qəbul edib.

amerika-rusiyanin-iqlimine-tesir-edecek
12.03.2023 19:05 4 dəq oxuma

Plan iqlimə nəzarət etməyə imkan verəcək texnologiyaların hazırlanmasını nəzərdə tutur. Beləliklə, ABŞ Rusiyanın kənd təsərrüfatındakı mövqeyini zəiflətməyi planlaşdırır.

Ekspertlər qeyd edirlər ki, ABŞ iqtisadiyyatının ən zəif nöqtəsi məhz kənd təsərrüfatı sektorudur. İstilik və quraqlıq hər il əkin sahələrini məhv edir.

Proqramın məqsədi günəş radiasiyasını idarə etməkdir. Amerikalılar atmosferin yuxarı qatlarına kükürd dioksidi səpmək niyyətindədirlər ki, bu da şüaları əks etdirən xüsusi təbəqə əmələ gətirir və temperaturun azalmasına gətirib çıxarır.

Alimlər bu cür müdaxilələrə qəti şəkildə qarşı çıxırlar, çünki bunun planetin digər yerlərindəki iqlimə necə təsir edəcəyini proqnozlaşdırmaq mümkün deyil.

Təhlükəsizlik mütəxəssisləri bu cür texnologiyalardan istifadənin mənfi nəticələrini də proqnozlaşdırırlar. Bildirilir ki, bu, iqlim müharibəsinə səbəb ola bilər.

Sizcə, insan havaya təsir edib onu dəyişə bilərmi? Məsələn, yağış yağdıra, fırtınaları idarə edə ya da buludları qovub əvəzində günəşi çıxara bilərmi?

TurpKimi.com bu haqda maraqlı bilgiləri oxucuları ilə bölüşəcək:

2008-ci ildə Pekində keçirilən yay olimpiyada oyunları avqust ayına təsadüf edirdi. Yay ayının sonları, yəni əsasən avqust ayı Pekində yağışların ən çox yağdığı aydır. Həmin dövrdə Pekinin ətraf rayonlarına 100 mm-ə qədər yağış yağsa da, açılış mərasiminin baş tutduğu gün  şəhərdə yağışsız bir hava vardı. Çin hökümətinin sonradan etdiyi açıqlamaya görə, o zaman havaya müdaxilə olunmuş və buludlar hələ Pekinin üzərinə  çatmamış yağış yağdırılmışdır. Bunun üçün  30 təyyarə, 4 min raket atan və 7 min başqa təyinatlı silahın gücündən istifadə edildiyi də açıqlamada yer almışdır.  Tarixdə bənzər müdaxilədən 1960-1970-ci illərdə ABŞ-Vietnam müharibəsi zamanı da istifadə olunub. Amerika dövləti Asya qitəsi üçün xarakterik olan musson yağışlarının müddətini uzadaraq Vietnam əsgərlərinə qida, geyim, silah tədarükündə xeyli çətinliklər yaratmışlar.

Rəsmi qaynaqlar bir-biri ilə soyuq müharibə aparan dövlətlərin hələ də bu üsuldan istifadə edildiyini deməyə əsas verir. 2018-ci ildə İran dövləti ciddi quraqlıqla üz-üzə qalmış və hökumət bu quraqlığı bir başqa dövlətin müdaxiləsi kimi qiymətləndirmişdir. Təqsirləndirilən tərəf isə, İsrail idi. İran dövlətinin  iddiası ilk əvvəl gülünc qarşılanmış, amma, 2019-cu ildə ölkədə şiddətli yağışlardan sel fəlakəti ortaya çıxınca 1 il öncəki mövzu yenidən gündəmə gəlmişdir. İsraili yağış və qar yağıntısına müdaxilədə günahlandıran İran dövləti iddiasını Əfqanıstan nümunəsi ilə əlaqələndirmişdir. Dövlət rəsmiləri Əfqanıstan və Akdəniz istiqamətində uzanan 2200 metr yüksəklikdə qar olmasına baxmayaraq, eyni yüksəklikdə İran ərazisindəki quraqlığa diqqət çəkmişdi.

Bu cür müdaxilələr onu  həyata keçirən ölkə üçün hər nə qədər faydalı olsa da, ümumi dünya iqliminə mənfi təsir edir və ədalətli hesab edilə bilməz. Elə buna görə də 1977- ci il mayın 18-də SSSR və ABŞ arasında müqavilə imzalanmışdı. Müqavilə şərtlərində hava şəraitinin dəyişdirilməsinin müharibə məqsədli istifadəsi qadağan edilmişdir. Amerika hava təhlükəsizliyinin 1996-cı ildə yayınlanmış qaynağında bildirilir ki, ABŞ iqlimə təhlükəsizlik məqsədi müdaxiləni dəstəkləyir. Eyni zamanda 2025-ci ilə qədər dövlətin hava şəraitinə müdaxilə edə biləcək texnologiyaya tam sahib olacağı da qaynaqda yer almış, hətta, məsələ ilə bağlı Amerika milli təhlükəsizlik kommitəsinin 2013-cü ildə NASA ya maddi kömək göstərdiyi də təstiqini tapmışdır.

Qeyd edək ki, NASA artıq uzun illərdir süni yağış yağdırılması layihəsi üzərində araşdırmalar aparır. Bu araşdırmalardan biri də, 2001 ci ildə Missisipi əyalətində roket testi edilən zaman öz təstiqini tapmışdır. Maye halındakı hidrogen və oksigenlə işləyən roket hərəkətə keçərkən 3000 dərəcəlik buxar yaratmış və daha sonra soyuyan buxar yağış halında yerə qayıtmışdır. Başlıca məqsədi roket testi olan bu prosesdə BBC nümayəndəsi Jeremy Clarkson testi izləyərkən leysana tutulduğunu bildirmişdir. Əlbəttə testin məqsədi yağış yağdırmaq olmasa da, qeyd edilən hadisə, süni yağış yağdırmanın asanlıqla mümkün olduğunu bir daha sübut etmişdir.

Şimşəklərin lazer üsulu ilə idarə olunması ideyası isə ilk dəfə İsveçrənin Cenevrə Universitetinin əməkdaşı Jeremy tərəfindən irəli sürülüb. Amma onun araşdırma komandası  bu sahədə uğur qazana bilməmişdir. Komandanın fikrincə, uğur qazanmaq üçün daha güclü lazer şüalarına ehtiyac duyulurdu. Nəhayət, 2012-ci ildə başqa bir araşdırma komandası bu uğuru əldə etməyi bacarmış və komanda fırtına buludlarında yaranan şimşəklərin qarşısını  lazer üsulu ilə ala bilmişdir.

Təcrübələr onu göstərir ki, hava şəraitinə müdaxilə insanlar üçün həm yararlı həm də zərərli xüsusiyyətlərdə istifadə edilə bilər. Günümüzdə texnologiya hər nə qədər inkişaf etmiş olsa da, hava şəraitinin tam olaraq idarə ediləbilindiyi haqda heç bir qaynaqda məlumat yoxdur. Ümid edək ki, günümüzdə və gələcək zamanda ediləcək müdaxilələr insanlıq və təbiət üçün yararlı olacaqdır.

TurpKimi.com