Valideynləri uşaqlarından qoparan bağlar...
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Nigar Məmədova bu gün bir çox valideynləri narahat edən valideyn-uşaq münasibətlərindən danışıb.
Harda və kimlə otursalar onları incidən, sözlərinə baxmayan, aqressivlik edən uşaqlarından danışarkən, valideynlər bu münasibətin nədən qaynaqlandığını anlamırlar. Bəziləri bunu dəcəllik və ya genetik faktorla əlaqələndirib bir növ özlərinə yüngül təsəlli verirlər. Nəticə etibarı ilə uşaqlardakı davranışların səbəbi tapılmadan həlsiz qalır və sonrakı mərhələlərdə problemlərin daha da artmasına gətirib çıxarır.
TurpKimi.com-a açıqlamasında Nigar Məmmədova ailə daxilində bir uşağın inkişaf mərhələsinə təsir edən amilləri ardıcıl izah edib:
HAMİLƏLİK DÖVRÜ
“Uşağın ümumi psixoloji, nevroloji və hərtərəfli inkişafı hamiləlik dövründən başlayır. Valideynin hamiləlik dövrünü sağlam formada keçirməsi vacib şərtdir. Buna həm psixi sağlamlıq, həm qidalanma, həm də yaşadığı həyat tərzi aiddir. Uşağın sinir sistemi ilk 3 ayda inkişaf etdiyi üçün həmin 3 aya önəm vermək lazımdır. Çünki bu zaman uşaq ananın deposundan qidalanır.
Hamiləlik dövrü əsasdır. Bu dövrdə anada progesteron hormonu yüksəlir. Progesteron hormonun yüksəlməsi qadınlarda mütəmadi olaraq hər ay davam edən menstrual siklı dayandırır. Bu proses dayandığı üçün qadınlarda progesteron hormonundan qaynaqlanan gərginlik, üstəlik taksikoz baş verirsə, bütün bunlar bətndə inkişaf edən yeni bir canlıya psixoloji təsir edir. Bundan başqa, yaşanan gərginlik zamanı kənar şəxslərin – həyat yoldaşı, ana-atanın da hamilə qadına psixoloji təsiri var. Həyat yoldaşı ananın hamiləliyi ilə bağlı psixoloji vəziyyətini nəzərə alıb 9 ay müddətində ona əlavə gərginlik verilməməlidir. Beləliklə, bütün ruhi sağlamlıq hamiləlik dövründən başlayır.
Lakin altından xətt çəkərək qeyd etmək istəyirəm ki, cütlük bir körpənin doğulmasına, ümumiyyətlə ana-ata olmağa psixoloji hazır deyilsə, uşaq dünyaya gətirməməlidir. Əgər valideyn psixi sağlamlığa malik deyil və ya qadın-kişi münasibətləri yolunda getmirsə, “bir uşaq olsun, münasibətimiz düzəlsin” deyilirsə, bu gün mən bunu ən böyük cinayət sayıram. Uşağa hər hansı vasitə kimi baxmaq olmaz. Uşaq dünyaya gətirmək üçün birinci psixi sağlamlığa malik olmaq lazımdır. Övladımız üçün edəcəyimiz nələrsə, yəni maddi imkanlar daha sonra gəlir.
Uşaq anadan olandan sonra da yenə qadında hormonal tarazlıq pozulur, progesteron enir, prolaktin qalxır. Bu isə süd hormonudur. Qadının hamiləlik dövrünü 3 hissəyə bölmək olar: natal, pronatal və post-natal. Post-natal hamiləlikdən sonra yaşanan dövrdür ki, burda artıq uşağa süd verilir, anayla-uşağın ilkin kontaktı başlayır. Doğum evində analarda post-natal depressiyya yaşanma halları da ola bilir. Çünki hamiləlikdən sonra ana ya uşağını çox qucağına alır, heç kimə vermək istəmir, itirmək qorxusu yaşayır, ya da qətiyyən uşağa yaxın dura bilmir. Çox yaxşı olar ki, ana həm hamiləlik dövründə, həm də hamiləlikdən sonra psixoloji dəstək alsın.
UŞAĞI ANADAN AYIRMAQ OLMAZ!
Uşaq anadan olandan sonra anayla təmasda, onun qucağında olmalıdır. Xüsusilə də ilk 3 ay ananın sol tərəfində, ürək nahiyyəsində saxlanmalıdır. Çünki uşaq ana bətnində də həmin auraya öyrəşmiş olur. Tez-tez yeni doğulan uşaqlarda kolik hallar olur, mühitə uyğunlaşa, adaptasiya ola bilmir, qışqırır, ağlayır. Bu zaman uşaqda qaz sancılarının olduğunu deyirlər. Əslində qaz sancıları stress faktoruna əsaslanan sancılardır. Necə ki, biz böyüklərdə stress, həyəcan olanda tez mədə-bağırsağa təsir edir, uşaqda da elədir. Birdən-birə ana bətnindəki qaranlıq və isti mühitdən çıxıb kənar mühitə düşmək onlar üçün stress faktorudur. Bəzən anaya “uşağı özünə öyrəşdirmə” deyirlər. Bu, düzgün deyil, uşaq ana qucağını görməlidir. Ana çalışmalıdır ki, uşaq ana südüylə qidalansın. Çünki ana ilə uşağın arasında emossianal bağın formalaşmasında birbaşa yoldur, keçiddir. Ananın südü olmasa belə, uşağını əlavə qidayla qidalandırarkən, uşaq ananın qucağında başı solda, ürək nahiyyəsinə düşmək şərtiylə qidalandırılmalıdır. İlkin 3 ay bunların olması çox vacibdir.
Zaman keçdikcə artıq uşağın nitqi açılır, qıığıldamağa, ana və atanı analiz etməyə başlayır. Bunlar əslində uşaqda yaranan şərti reflekslərdir. Məsələn, çağıranda ata-anaya tərəf baxması, “babba”, “nənnə”, deməsi baba, nənə demək deyil. O sadəcə uşağın babıldama dövründə dediyi hecalardır, hansı ki Çinin də, Koreyanın da uşağı həmin hecaları edir. Daha sonra uşaq ata və ananın kim olduğunu anlamağa başlayır. Bu tanımaq və tanımanın adlandırılmasıdır. Reflekslər, çağırmaq, səsə doğru baxmaq, bunlar hamısı valideyn-uşaq münasibətləri arasında əhəmiyyətli faktordur.
UŞAQLA OYUN OYNAMAQ
Uşaqla ən gözəl bağ qurmağın yolu oyun fəaliyyətidir. Çünki uşaq fəaliyyəti, ancaq anayla ata arasında oyun ilə görür. Biz uşağın hər istədiyini edə, hər istədiyini ala, ən gözəl geyimlər, ən gözəl həyat tərzi bəxş edə bilərik. Amma biz onunla qarşılıqlı oyun oynamasaq, uşaq hər zaman özünü yetərsiz, əksik hiss edəcək. Çünki uşaq bizimlə ancaq oyun vasitəsiylə kontakt qura bilir. Niyə oyun? Çünki oyunun tərkibində biz uşağa emosiyalarımızla özgüvənimizi ötürə bilirik. Hansı ki uşaq oyunu bacardı, onu alqışlayırıq, oyundan hansısa bir nəticəni əldə edəndə “afərin, sən bunu bacarırsan!” deyirik. Yəni biz emosiyalarımızı oyunla uşağa ötürürük.
Uşaqlar üçün şüuraltı oyunlar da var, məsələn, kukla digərini vurdu, o ağladı, inciyə, küsə bilər. Bunu dolayı yollarla uşağa izah etmək lazımdır. Kiçik yaşlı uşağa birbaşa, davranışına köklənərək izah vermək düzgün deyil. Çünki valideyn uşağa birbaşa davranışa köklənərək izah verdikdə uşaq onsuz da onun fərqində deyil ki, niyə bunu edir?! Bu zaman anayla bala arasında və ya atayla uşaq arasında bağ qopur.
VERİLƏN TƏRBİYƏDƏ UŞAĞIN ÖZÜNƏ GÜVƏNİNİ ÖLDÜRDÜKDƏ...
İnsan üçün 3 böhran yaş dövrü var: 3 yaş, 6-7 yaş, bir də yeniyetməlik yaşı, hansı ki intihara cəhd edilən dövrdü. 3 və 6 yaşda ailə münasibətlərində alınan travmalar özünü yeniyetməlik dövründə göstərir. Bunlar hansılardır? Ailənin uşağa ayıra bilmədiyi düzgün olmayan zaman, bir də ailənin uşağa əsassız davranışı. Baxın eqosentrizim dövründən başlayaraq həm ailə olaraq qayda-qanunlar qoyulmalı, həm də uşaq öz məsuliyyətinin fərqində olmalıdır.
Uşaqlarda ən çox rastlaşdığımız isterika, nəyisə atmaq, incitmək, qışqırmaq, öz bildiyini etmək halları 3 yaşından başlayır. 3 yaş uşağın birinci böhran yaş dövrüdür və buna eqosentrizim dövrü də deyirlər. Eqosentrizim dövrü uşağın özünü kəşf etdiyi dövrdü. Bu zaman istəklər, “mən”lər çoxalır. Baxın, eqo, yəni özünü qiymətləndirməklə özünə güvənmək eyni deyil. Özünü qiymətləndirmə 3 yaşında eqo və super eqo tamam olur, yuxarı qalxır, özgüvən düşür.
Özgüvən 2 halda düşə bilir. Ana uşağın bütün məsuliyyətlərini özü öhdələndiyi zaman: uşağı ana geyindirir, ana tualetə aparır, bütün günü ana yedizdirir, yıxılan kimi ana qaldırır. Ana uşağın hər bir öhdəliyini öz üzərinə götürür deyə, uşaq tək - fərd olaraq özünü cəmiyyətdə göstərə, özünü anadan ayrı təsəvvür edə bilmir. Və zaman keçdikcə şüuraltının verdiyi siqnallar ona “sən bacarıqsızsan, sən bunu bacarmırsan” deyir. Uşaq şüurlu formada bunun anadan qaynaqlandığını düşünmür və özündən asılı olmayaraq, anaya qarşı aqressiv olmağa başlayır. Onu şüuraltı edir, uşaq fərqində olmur. Həmçinin ana da fərqində olmur və düşünür ki, mən bütün günü uşağımı əzizləyirəm, hər şeyini edirəm, vaxt ayırıram, amma övladım mənə qarşı aqressivdir. Axı niyə? Çünki bir ana olaraq uşağın bütün öhdəliklərini boynuna götürmək, uşaqdan nələrisə oğurlamaq deməkdir. Uşağın həyatını, həyatla bağlı fikir və düşüncələrini oğurlamaq deməkdir.
Bəs ikinci halda uşaq nə zaman özgüvənsiz olur? Ona daid mükəmməlçi və tələbkar mövqedə yanaşanda. Məsələn, “bunu niyə bacarmadın, niyə etmədin, niyə dəydin, niyə yıxıldın?” kimi çoxlu “niyələr” dolu suallar və birbaşa davranışa köklənmək uşaqdakı özgüvəni aşağı salır. Unutmayın, uşaq heç bir davranışını birbaşa və bilərəkdən istəyərək etmir. Nəyinki uşaq və nəyinki böyük, insanda əvvəlcə hiss formalaşır. Hiss və duyğulardan sonra düşüncə formalaşır, artıq düşüncəyə çevriləndə ki, “mən sevilmirəm, istənmirəm” ondan sonra o, davranışa yansıyır. Hər hansı bir uşaq xoş olmayan davranış göstərirsə, bunun kökündə mütləq şəkildə mənəvi doyumsuzluq var. Bu da sevgi doyumsuzluğudur. Bu təkcə uşaqlarda deyil, böyüklərdə də belədir. Hər hansı bir kəs durduq yerdə davranışlarında müəyyən pozulmalar göstərirsə, bunun kökündə sevgi doyumsuzluğu dayanır. Soruşula bilər, “axı bütün günü sevilən, hər istəyi olunan uşaqda da davranış pozuntusu yaranır. Bu nəyə görə?” Biz sevgini də qabardırıq, aqressiyanı da. Yəni sevgimizi də uşağa həddi keçərək veririk. O da doyum həddində olduğu üçün heç bir şeyə ac olduğunu hiss etmir. Məsələn, oyuncaq istəyir, həmin dəqiqə alınır, istəklər vaxtında yerinə yetirilir. Sabah cəmiyyət arasına çıxanda, bağçaya, məktəbə gedərkən onun istəkləri məhdudlaşdırıldıqda və bəzi şeylər tələb olunduqda, uşaqda müəyyən sıxıntılar baş qaldırır, nəyə görə? Uşaq bağça və ya məktəbə də getmək istəmir, aqressiya başlayır, ata-ananı vurur. Bu uşağın rahat mühitdən uzaqlaşdırılıb qayda və qadağaların olduğu yerə aparılmasından qaynaqlanır. Yəni “sən məni niyə rahat mühitimdən çıxarıb ora apardın?” Beləliklə, münasibətlər burdan korlanır. Ailənin aşırı sevgisi, əslində bu sevgi deyil, əsassız davranışı münasibətin korlanmasına birbaşa təsir edir. Bir də qoyulan qaydaların tez-tez pozulması münasibətlərə təsir edir”.
Psixoloq Nigar Məmmədova
Firuzə Alimova / TurpKimi.com