Aprelin son günü hava necə olacaq?


Günəşli havanın dadını çıxardacaqsınız.

aprelin-son-gunu-hava-nece-olacaq
29.04.2024 17:35 2 dəq oxuma

Aprel ayının 30-da Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin son günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

“Aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb”.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998 və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31.5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin may ayının 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”.