Atanın uşaq tərbiyəsində rolu - Atalar üçün təlimat


Ataların buraxdığı 6 səhv...

atanin-usaq-terbiyesinde-rolu
28.03.2022 23:36 6 dəq oxuma

Gözəl və sağlam tərbiyə hər iki valideynin, yəni ana və ataların da uşağın həyatında aktiv iştirak etdiyi prosesdir. Atanın ailədəki rolu uşağın psixoloji və fiziki sağlamlığı üçün inanılmaz dərəcədə önəmlidir.

Deyilənə görə hər kəs ata ola bilər, amma yaxşı ata olmaq bir ömür davam edən təcrübədir. Bir atanı fərqli qılan onun özü və ailəsini ruhlandırmaq üçün əsasını qoyduğu məqsədlər, arzular və istəklərdir.

Ata olmaq həyatda ən zövq verici və çətin təcrübələrdən biridir. Övladınızın həyatında iştirak edən, ona dəstək verən və onu sevən bir ata olmaq istəyirsinizsə, sizi bir atanın uşağın həyatındakı rolu, ataların mütəmadi olaraq buraxdığı səhvlər və pozitiv valideynlik haqqında məlumat alacağınız təlimatımızı oxumağa dəvət edirik.

Atanın uşağın tərbiyəsindəki rolu

Elmi araşdırmalara əsasən, atalar uşaqlarının böyüməsində aktiv iştirak etdiyi halda uşaqların daha az pis davranış problemləri olur və onlar istər sosial, istərsə də akademik olaraq daha uğurlu fərd olurlar. Atanın ailədəki rolu “çörək qazanmaq” ilə bitmir. Ataları ilə daha yaxın və isti münasibəti olan uşaqların əksəriyyəti böyüyüb özünə daha əmin yetkinlər olaraq yetişir.

Uşaqlar böyüdükcə atalar oyun yoldaşı, dost, bələdçi və mentor rollarını da həyata keçirirlər. Əziz atalar, əgər övladınızın həyatının müxtəlif mərhələlərində hansı rolları oynamaq lazım olduğunu bilmək istəyirsinizsə oxumağa davam edin.

Atalar və yeni doğulan uşaqlar

Analar uşaqları emosional stabillik ilə təmin etdiyi halda, atalar uşaqları təhlükəsizlik və güvənlik ilə təmin edir. Uşağın beyin inkişafına dəstək olub onu fiziki cəhətdən aktivləşdirməyə ata anadan da artıq tövhə verir. Motivasiya dolu valideynlərin nəzarəti altında böyüyən uşaqlar daha baxımlı, xoşbəxt və uğurlu olur.

Atalar və körpələr

Bu mərhələdə ata bələdçi olub nəinki uşağın ətrafdakıları kəşf etməsinə kömək edir, həm də bu yaşa uyğun olan limitləri təyin edirək onu daima qoruyur. Analar adətən ev işləri ilə məşğul olduğu üçün atalar uşaqların oyun yoldaşına çevrilir. Bu mərhələdə onlar dəqiq və aydın davranış çərçivəsini təyin etməklə uşaqların özünə əmin olmasına şərait yaradır və onlara probləm həll etmək bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Atalar və məktəbli uşaqlar

Uşaqlar məktəbə getməyə başladığı an atalar onları üzərinə daha çox məsuliyyət almağı və bu istiqamətdə uğurlu olmağa ilhamlandırır. Analar övladlarını daha çox qorumağa üstünlük versələr də, atalar onları daha azad və özünə əmin olmağa həvəsləndirir. Bu mərhələdə uşaq həm də atasından digərlərinə hörmət etməyi öyrənir. Bu mərhələdə uşaqlar valideynlərini izləyərək onların davranışını təkrarlayırlar.

Ata nümunədir

Atalar bundan çox vaxt xəbərsiz olsalar da, onlar öz övladları üçün nümunədir. Onu sevən və ona qayğı göstərən ata ilə böyüyən qız uşaqları böyüdükcə oğlanların onlara hörmətlə davranmalı olduğunu öyrənir və gələcək həyat yoldaşının seçərkən nələrə fikir verəcəyinə dair fikirlər formalaşdırır.

Atalar oğlan uşaqlarına dürüstlük, təvazökarlıq və məsuliyyət kimi dəyərləri nümayiş etdirərək, onlara həyatdakı önəmli olan dəyərləri öyrədir.

Müasir dünyada atanın rolu tez-tez dəyişir. İndiki dövrdə atalardan öz həyat yoldaşlarına ev işləri ilə bağlı kömək etməkləri də gözlənilir. Ailə daxilində atalar birdən çox məsuliyyəti öz üzərinə götürə bilər. Bunlardan bəzilərini sizə təqdim edirik:

  • Maddi dəstək
  • Həyat yoldaşına kömək etmək
  • Övladlarına sevgi nümayiş etdirmək
  • Evdə qalaraq uşaqlara qayğı göstərmək
  • Boşanma hallarında belə digər valideyn ilə uşağı birlikdə böyütmək

Ataların buraxdığı 6 səhv

Heç bir ata səhv buraxmaq istəməz. Lakin onlar adətən öz “valideynlik instinkləri”nə güvənirlər. Ataların buraxdığı bu səhvlər uşağın düzgün davranışı və harmoniya dolu inkişafında istənilməyən nəticələrə və maneələrə səbəb ola bilər.

Valideynlərin adətən buraxdığı bu səhvlərə yol verməməklə, daha effektiv olan tərbiyə üsuluna seçmiş olacaqsınız.

Uşaqla yetərli zaman keçirməmək

Birlikdə zaman keçirmək deyərkən ev tapşırıqlarının həllində kömək etməklə yanaşı birlikdə yemək yemək, velosiped təkərini düzəltmək, otağın yığışdırılmasına kömək etmək, birlikdə həkimə getmək, ehtiyacı olduqları əşyalar və ya paltarlar üçün alış-veriş etmək kimi yardımlar nəzərdə tutulur.

Ailə yığıncaqlarında birgə oynamaq və aktiv iştirak etmək də önəmlidir. Məhz bu zaman atalar uşaqları üçün qazanmaq və məğlub olmaq ilə bağlı müdrik həyat dərsləri keçə bilər.

Daima dəyişən tərbiyə üsulu

Mütəmadi olmayan tərbiyə üsulu qədər uşaqlarınıza zərər verəcək demək olar ki, başqa heç nə yoxdur. Əgər bəzən sərt münasibət bəsləyib bəzən də uşaqlarınızın nə ilə məşğul olduğuna önəm vermirsinizsə, onlardan nə gözlənildiyini bilməyəcək və necə davranmaq lazım olduğunu anlamayacaqlar.

Səbrin tükənməsi

Bəzən uşaqların davranışı dözülməz olur, lakin ata belə olduğu halda özünü sakit saxlamalı və səsini qaldırmamalıdır. Bir uşaq ailədə söyüş, qəzəb və qışqırıqla üzləşdiyi halda bu cür münasibəti dostları və digər ailə üzvləri ilə də uyğun görəcəkdir.

Ata belə bir hərəkətə yol verdiyi halda, yanlış etdiyini boynuna almalı və üzr istəməlidir. Bir valideynin səhvini boynuna alaraq səmimi olaraq üzr istəməsi qədər effektiv tərbiyə üsulu yoxdur.

Uşaqları nəticələrdən qorumaq

Heç kim övladlarının əzab çəkdiyinin şahidi olmaq istəmir. Lakin uşağınız yanlış bir hərəkət etdiyi halda hansısa bir cəza və ya ağır nəticə ilə üzləşirsə, siz problemi aradan qaldırmağa deyil, onun bu vəziyyəti tək başına yaşamasına imkan verməlisiniz. Məsələn, uşağınız ev tapşırığını yerinə yetirməyib son ana saxlayıbsa, ona kömək etmək yerinə, onun pis qiymət almağına göz yummalısınız. Bir atanın instinkti ona uşağını xilas etməyi işarə edəcək, amma belə etdiyiniz halda uşağınıza önəmli həyat dərsini almağa imkan verməyəcəksiniz.

Həddindən artıq nizam-intizamlı olmaq

Hər zaman ancaq valideyn rolunu oynamaq istəmədiyiniz kimi sərt tərbiyəçi olmaq da istəməzsiniz. Nizam-intizam önəmlidir, lakin siz uşaqlarınızın sizdən qorxmasına zəmin yaratmayın. Uşaqların üstünə qışqırmaq və ya onlara sərt cəzalar tətbiq etmək çıxış yolu deyil. Sevgi ilə böyütmək, şiddətlə böyütməkdən daha effektivdir.

Uşağınızı digərləri ilə müqayisə etmək

Övladınızı digərləri ilə müqayisə etmək sizi cəzb edə bilər. Həqiqətdə isə başqaları ilə müqayisə etmək yerinə uşaqlarınızın fərdiliyindən zövq almağa üstünlük verməlisiniz. Uşaqlar fərqli zamanlarda və mərhələlərdə müxtəlif cür inkişaf edir. Balalarınızı digərləri ilə müqayisə etməkdən çəkinin ki, lazımsız olaraq həyəcan hiss etmək, onları sıxmaq və həddindən artıq tərifləmək məcburiyyətində qalmayasınız.

Uşaqları tərbiyə edərkən səhvlər buraxmaq hamının üzləşdiyi bir təcrübədir, lakin bu səhvlərdən xəbərdar olduqda siz bu səhvlərin qarşısını ala bilərsiniz.

Atalar üçün uşaq tərbiyə etməklə bağlı məsləhətlər

Başqasının qayğısına qalmaq və onun məsuliyyətini daşımaq böyük bir iş olduğu qədər də dəyərli bir təcrübədir. Başqa heçnə bu dünyada ata olub öz övladının addım-addım böyüməsinin, qayğınızın əvəzinin bir neçə dəfə artıq və övladınızın özünə qoyduğu dəyər şəklində geri qayıtmasının əvəzini verə bilməz.

Ümidvarıq ki, topladığımız bu məsləhətlər atalara uşaq tərbiyəsində daha aktiv iştirak edən, övladlarını dəstəkləyən və onları sevən ata olmaqda kömək edəcək:

-Nəvazişli, qayğıkeş və uşaqlarınızla heç bir maneə olmadan bağlantı qurmağa çalışın

-Uyğun sərhədlər təyin edin və onlara uyğun olaraq tərbiyə edin (zorakılıq, qışqırıq, uzunmüddətli cəza olmadan)

-Öz ideyalarınızı uşağa zorla yeritməyə və ya əks etdirməyə çalışmayın

-Uşağınıza özü kimi olmaq üçün şərait yaradın

-Ona şəfqətlə davranın və olduğu kimi qəbul edin

-Uşağın sizi dinləməsi haqqını qazanın. Uşağınızın fikirləri və problemlərini dinləmək üçün zaman ayırın

-Övladınızın müəllimi olun. Yaxşı ata olmaq üçün uşaqlarınıza nəyin düzgün, nəyin səhv olduğunu izah edib onları düzgün olanı seçməyə həvəsləndirin.

-Ailə olaraq birlikdə yemək yeyin. Ailə yeməkləri zamanı yaxınlıq qurmaq sağlam ailə həyatının bir parçasıdır.

-Uşağın digər valideyninə hörmətlə yanaşın. Bir-birinəhörmətlə yanaşan və uşaqlarına hörmət nümayiş etdirən valideynlər onları böyümək üçün sağlam bir mühit ilə təmin edirlər.

-Tərbiyədə nə qədər tez iştirak etməyə başlasanız bir o qədər yaxşıdır. Atalar tərbiyə prosesində iştirak etdiyi halda açıq və aydın bir mesaj verirlər: “Mən sənin atan olmaq istəyirəm. Sənə maraq göstərirəm və bizim birgə münasibətimiz mənim üçün önəmlidir.”

Hadigro’dan yekun

Atalar hər bir uşağın həyatında başqasının oynaya bilməyəcəyi rolu oynayır. Bizim Bakıdan fəaliyyət göstərən startapımız Hadigro-da, biz uşaqların uğur qazanması, yaşıdları ilə uğurlu münasibət qurması və azad şəkildə özünü idarə etməsini təmin edən şəfqət dolu ata-uşaq münasibətlərini təbliğ edirik.

Uşaq böyütmək strategiyasını yenidən gözdən keçirib sevgi dolu, əsaslı və güclü istiqamət verən bir ata olmaq heç bir zaman gec deyil. Unutmayın ki, uşaqlar çox tez böyüyür və onlarla münasibət qurmağın tam zamanıdır. İnternet saytımızda uşaqlarınızla zaman keçirə bilmək üçün rezervasiya edə biləcəyiniz çox sayda əyləncəli fəaliyyətlər var. “Fəaliyyətlər” bölməsinə keçid alaraq xoşunuza gələn fəaliyyəti seçin və daha sevincli uşaq böyütmək anını yaşayın!

TurpKimi.comHadigro.com