Ayaq ağrılarını kəsən ən təsirli idman hərəkətləri - FOTOLARLA


Ayaq ağrısı ilə az qala hamı qarşılaşır. Bəzən günün yorğunluğu,  bəzən idman, gərgin hərəkətli gündən sonra ayaqlarda ağrı insanın ciddi şəkildə sosial həyatına və həyat keyfiyyətinə təsir edir. 

ayaq-agrilarini-kesen-en-tesirli-idman-hereketleri
21.07.2023 21:47 2 dəq oxuma

Yaşlandıqca da  ayaqda ağrılar tez-tez müşahidə edilir. Yaş artdıqca sümüklər və toxumalar zəiflədiyindən ciddi problemlərlə də üzləşə bilirik. 

TurpKimi.com xarici mediaya istinadla ayaq və topuq ağrılarını azaldacaq məşqlər haqqında maraqlı məlumatları oxucularla bölüşür.  

Əsnəmə hərəkətləri ilə başlayaq

Qıçlarınız düz  şəkildə yerə oturun. Dəsmalı ayağınızın altından keçirin və yanlarından tutun.Təxminən 15 saniyə  ərzində dəsmalı özünüzə doğru çəkin. 2-4 dəfə təkrarlayın.

Stula oturun və ayaqlarınız yerə dəyəcək  şəkildə qıçlarınızı uzadın. Əlinizlə ayaq baş barmağınızı tutun və irəli, geri hərəkət etdirin. 2-4 dəfə təkrarlayın.

Divardan bir qol boyu uzaqlıqda dayanın. Sağ ayağınızı sol ayağınızın arxasına yerləşdirin. Sağ dizinizi düz tutun, sağ ayağınızı yerə qoyun və sol qıçınızı yavaşca qatlayın. 15-20 dəfə təkrarlayın, istirahət etdikdən sonra ayağınızı dəyişdirin və eyni hərəkətləri etməyə davam edin.

Masajla davam edək

Bir kətilə oturun və ayağınızın altına kiçik bir top qoyun. İstəsəniz  soyuq su doldurduğunuz bir su şüşəsindən də istifadə edə bilərsiniz. Ayağınızın altına qoyduğunuz topu, ya da soyuq su dolu şüşəni irəli, geri hərəkət etdirin. Hər iki ayaq üçün də gündə 10 dəfə təkrarlayın.

Kiçik daşları yerə tökün və ayaq barmaqlarınızdan istifadə edərək onları bir qabın içərisinə yığmağa çalışın. Bu məşqi nizamlı şəkildə etməklə ayaq əzələlərinizin də güclənməsinə kömək edəcəksiniz. 
Hər səhər yataqdan durmazdan əvvəl ayağınızı yuxarı və aşağı əsnədin. Hər iki ayaq üçün də ən azı 10 təkrar edin.

Yerə bir dəsmal sərin və ayağınızı dəsmalın üstünə qoyun. Ayağınızla dəsmalı sıxın. Hərəkəti 3-5 dəfə təkrarlayın.
Ayaq barmaqlarınızı bükün və topuğunuzu yerə qoyun. Bu şəkildə bir neçə saniyə gözləyin. Sonra  barmaqlarınızı sərbəst buraxın. Hərəkəti ən azı 5 dəfə təkrarlayın.

Bir pilləkənin kənarında durun. Topuqlarınız boşluqda qalacaq şəkildə durun, ayaq barmaqlarınızdan istifadə edərək özünüzü qaldırın. Hərəkəti ən azı 10 dəfə təkrarlayın. Bu məşqi hər ayağınız üçün ayrı-ayrılıqda edə bilərsiniz.  

Ayaq ağrısını kəsən bəzi vacib qaydalara əməl etmək lazımdır:

Yatarkən yataq dəstlərini və yorğanları döşəkcənin altına sıxışdırmayın. Ayaqlarınızın sərbəst  olması üçün yer düzəldin. Yataqda ayağınızın altı boş olmalıdır. 

Sərt səthlərdə çılpaq ayaqla gəzməyin. Xüsusilə səhər yuxudan oyandıqda sərt döşəməyə ayaq basmazdan əvvəl başmaq geyinin.

Fiziki hərəkətlərdən sonra ayaqlarınıza buz qoyun. Ağrıyan hissəyə buz torbasını gündə iki-üç dəfə tətbiq edə bilərsiniz.

Ortopedik ayaqqabılar seçin. Dikdaban və düz (babet, makasin) ayaqqabılardan mümkün olduqca  qaçının.

Vüsalə Əlövsətqızı, TurpKimi.com