Azərbaycan pandemiyaya nə zaman qalib gələ biləcək?


İndiyədək ölkədə ümumilikdə 200 mindən çox koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 800 nəfərə qədər şəxs vəfat edib.

azerbaycan-pandemiyaya-ne-zaman-qalib-gele-bilecek
06.01.2021 19:45 2 dəq oxuma

Günbəgün dəyişən statistika insanları təşvişə salır və virusun nə zaman yoxa çıxacağı ilə bağlı sualları açıq saxlayır.

Hələlik pandemiyaya qarşı ən effektiv həll yolunun vaksinasiya olduğu və bu məqsədlə Çin istehsalı olan “Sinovac” peyvəndinin yaxın vaxtlarda Azərbaycana gətiriləcəyi ilə bağlı rəsmi məlumatlar yayılıb.

Qeyri-rəsmi informasiyalara görə, ölkədə 60 faiz insan vaksinasiya olunarsa, pandemiyaya qalib gəlmək olar.

Bu informasiyalar nə dərəcədə doğrudur? Ümumiyyətlə, Azərbaycan pandemiyaya nə zaman qalib gələ biləcək?

Məsələ ilə bağlı “Report”a açıqlama verən tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, pandemiya artıq sona yaxınlaşır:

“Koronavirus pandemiyasının sonu ilə bağlı birmənalı nəsə demək çətindir, amma hesab edirəm ki, artıq sona yaxınlaşırıq. Azərbaycandakı reallıq budur ki, əhalinin təxminən 50 faizdən çoxu xəstəliyi keçirib. Xəstəliyə qarşı müəyyən dərəcədə immunitet formalaşıb. Əgər risk qrupuna aid olan şəxslərə, yəni tibb işçilərinə və xəstələrlə əlaqədə olan texniki işçilərə və 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası aparılsa, kollektiv immunitetə nail ola bilərik. Bir populyasiyada 75 faiz insanda immunitet yaranması artıq kollektiv immunitetin formalaşması deməkdir”.

Professor bildirib ki, vaksinasiya ilə bağlı əhali daha yaxşı maarifləndirilməlidir:

“Vaksinin mahiyyəti, onun təhlükəsizlik parametrləri, vacibliyi və vaksinasiya nəticəsində 20-ci əsrdə ən dəhşətli xəstəliklərin yoxa çıxması barədə əhaliyə ətraflı məlumat verilməldir. Bu məlumatlar olmadıqda onun yerini əsassız informasiyalar doldurur. Bu səbəbdən dövlət qurumları, xüsusilə də elektron KİV-də ciddi şəkildə fəaliyyət göstərməlidirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ötən gün koronavirusa qarşı peyvənddən danışıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq:


"Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov də bildirib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır: "Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcəkdir. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da, hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib".

Çindən alınan vaksinlərin ölkəyə nə zaman gətiriləcəyi ilə bağlı "Report" TƏBİB-ə sorğu verib.

"Vaksinasiya planı hazırlandıqdan sonra bütün məqamlar ictimaiyyətə açıqlanacaq", - TƏBİB-dən cavab olaraq bildirilib.