Azərbaycan peykinin meteoritlə toqquşduğu ehtimal olunur


"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.

azerbaycan-peykinin-meteoritle-toqqusdugu-ehtimal-olunur
21.04.2023 00:20 3 dəq oxuma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" - Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.

Nazirlik xəbər verir ki, peyklə məlumat mübadiləsi dayanıb.

"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.

"Azərkosmos"un 2014-cü ildə "Airbus Defence and Space" şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, peyk "Airbus Defence and Space" şirkətinin "SPOT 6" peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, peyk olmasa belə, "Azərkosmos" "SPOT 6" peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda "SPOT 6" peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. Həmçinin, "Azərkosmos" ötən illərdə xarici peyk operatorları ilə qurduğu əlverişli əməkdaşlıq çərçivəsində yerli qurumların daha yüksək ayırdetməli peyk təsvirlərinə olan ehtiyaclarını güzəştli şərtlərlə təmin etmək gücündədir.

"Azersky" peyki yer müşahidəsi və ümumilikdə geoinformasiya xidmətləri sahəsində ölkədaxili tələbatın ödənilməsi, milli təhlükəsizliyin təmin edilməsinə dəstəyin verilməsi, ölkəmizdə kosmik sahədə elmi-tədqiqat və kadr bazasının yaradılması və beynəlxalq imicin yüksəldilməsinə xidmət etməklə, həm də kommersiya layihəsi kimi özünü doğruldub. Peykin kommersiya fəaliyyətinə başladığı tarixdən indiyə qədər 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub.

ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, "Azersky" peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36 500 obyekti izləyir. Lakin hesablamalara görə, planetimizin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.

Yaxın tarixə baxsaq, bu ilin əvvəli Səudiyyə Ərəbistanının "Arabsat" şirkətinin BADR-6 və ABŞ-ın Orbcomm şirkətinin FM36 peykləri, 2021-ci ildə Çinin Yunhai 1-02 peyki, 2019-cu ildə 50-dən çox peyki idarə edən "İntelsat" şirkətinin "İntelsat-29e" peyki, o cümlədən Rusiya və Türkiyənin peykləri də missiyalarını nəzərdə tutulan istismar müddətlərindən daha tez baş vurublar. Ona görə də, kosmik fəaliyyət sahəsində risklərin idarəolunması üçün kosmik əmlakın sığortası böyük əhəmiyyət kəsb edir. "Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.

Orbitdə olduğu müddətdə "Azersky" peykindən yarım petabayt həcmində, 80 000-dən çox peyk təsviri yüklənib. "Azərkosmos"da peyk təsvirlərinin geniş arxivi formalaşıb ki, peykin arxiv təsvirlərinin Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından əvəzsiz rolu var. "Azersky" layihəsi çərçivəsində ölkəmizdə quraşdırılmış yerüstü infrastruktur və anten sistemləri həm növbəti peyk layihələrində istifadə baxımından, həm də müxtəlif xarici peyk operatorlarının anten ehtiyaclarını kommersiya şərtləri ilə ödəmək baxımından faydalı olacaq.

İlk "Azersky" peyki layihəsi çərçivəsində Yerin məsafədən müşahidə peyklərinin idarəolunması üzrə Azərbaycanda peşəkar mütəxəssislər yetişib, qazanılmış bilik və təcrübə yeni müşahidə peyklərinin hazırlanması və orbitə buraxılmasına yol açıb. "Azərkosmos" artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlayıb.

TurpKimi.com