Azərbaycanda adambaşına 93 kiloqram qida zibilliyə atılır - BMT-nin qida tullantısı üzrə statistikası açıqlandı


Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Ətraf Mühit Proqramı “Qida Tullantıları İndeksi 2021” (Food Waste Index) adlı hesabatını yayımlayıb.

azerbaycanda-adambasina-93-kiloqram-qida-zibilliye-atilir
12.04.2021 09:26 2 dəq oxuma

Məlum olub ki, dünyada qida tullantıları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Təkcə 2019-cu il ərzində 931 milyon ton qida məhsulu zibilə çevrilib. Bu isə o deməkdir ki, ilboyu bütün qida məhsullarının 17 faizi israf edilib. Qida tullantıları ilə bağlı vəziyyəti təsəvvür etmək üçün hesabatda bildirilib ki, həmin tullantıları daşımaqdan ötrü 40 ton tutumlu 23 mindən çox yük maşını lazımdır. İsraf edilmiş qida tullantılarının 61 faizi evlərdə hazırlanmış qidaların payına düşür. İsrafın 26 faizi xidmət sektorunda, 13 faizi isə pərakəndə satış nöqtələrində baş verir.

Hesabatda həmçinin qeyd olunub ki, dünyada 690 milyon insan aclıqdan əziyyət çəkib. Bildirilib ki, insan ömrü boyunca təxminən 70 min dəfə yemək yeyir ki, bu da toplam 25-30 ton qida deməkdir. İl ərzində israf edilən qida 30 milyondan çox insanın ömürboyu qidalanmasına yetə bilərdi. Hesabatdan bəlli olur ki, evlərdə qida tullantıları ilə bağlı problem gəlir dərəcəsinə baxmadan, bütün ölkələrdə müşahidə olunub. Ayrıca, qida tullantıları ekoloji problemlərə də təsir edir. Atmosferdəki zərərli qazların təxminən 10 faizi məhz qida tullantılarından qaynaqlanır. BMT qida israfı ilə bağlı yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün  həm hökumətləri, həm istehsalçıları, həm də istehlakçıları daha məsuliyyətli davranmağa çağırıb.

 Azərbaycanda adambaşına 93 kiloqram qida zibilliyə atılır

Hesabatda Azərbaycanda qida tullantıları ilə bağlı vəziyyət də əksini tapıb. Bəlli olub ki, 2019-cu il ərzində Azərbaycanda adambaşına 93 kiloqram, toplam 935 min ton qida tullantısı yaranıb.  Qida tullantılarının həcmi baxımından Azərbaycan bir çox ölkələri geridə qoyub və postsovet ölkələri arasında  Tacikistan və Gürcüstandan sonra  3-cü yerdə qərarlaşıb.

Rəsmi rəqəmlərdən məlum olur ki, Azərbaycanda əhalinin əsas xərc istiqaməti məhz ərzaq məhsullarıdır. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, ötən il pərakəndə ticarət şəbəkələrində istehlakçılara 40.2 milyard manatlıq, o cümlədən 21.7 milyard manatlıq ərzaq məhsulu, içki və tütün məmulatı, 18.5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Sırf ərzaq məhsullarının ümumi xərclər içərisindəki payı 48.6 faiz olub.

Dünya təcrübəsində rifahın əsas göstəricilərindən biri ailələrin aylıq gəlirlərinin ərzaq, geyim, əyləncə kimi sahələrə necə bölünməsidir. Aylıq gəlirin ərzağa xərclənən hissəsi bu hesablamanın əsas indikatoru rolunu oynayır, çünki hesablamalar göstərir ki, əhalinin rifah səviyyəsi aşağı düşdükcə ərzaq məhsullarının ümumi istehlak xərclərindəki xüsusi çəkisi artır. Məsələn, Avropa Birliyi ölkələri arasında ərzaq xərclərinin toplam xərclərdəki payı 9-26 faiz arasında dəyişir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu göstərici 10 faiz civarındadır. Azərbaycanda isə istehlak məqsədi ilə xərclənən hər iki manatdan biri məhz ərzağa sərf edilib. Bu göstərici ilə Azərbaycan Avropa məkanında ilk yerlərdən birini tutur.

TurpKimi.com