Azərbaycanda dərmanların qiymətinin ucuz olmasına nə mane olur? - ARAŞDIRMA


Azərbaycanda dərman vasitələrinin qiymətinin baha olması problemi yenidən gündəmdədir.

azerbaycanda-dermanlarin-qiymetinin-ucuz-olmasina-ne-mane-olur
08.06.2023 22:51 3 dəq oxuma

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bildirib ki, Azərbaycanda dərman qiymətləri bahalaşıb. Onun qarşısının alınması üçün addımlar atılmır. Avropa dərmanları bizim bazardan çıxıb. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olurlar.

Bəs bu halların, dərmanların hədsiz bahalaşmasının qarşısını almaq üçün nə etmək lazımdır?

Milli Məclisin deputatı Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, dərmanların qiymətinin baha olmasını dəfələrlə qeyd edib:

"Düşünürəm ki, bunun həlli yolu ondan ibarətdir ki, Türkiyədən nəhəng əczaçılıqla məşğul olan şirkətlər Azərbaycanda öz filiallarını açsınlar. Bunun başqa həlli yolu yoxdur. Biz Türkiyədəki dərman standartlarını özümüzdə də tətbiq edə bilərik. 

Azərbaycanda istehsal açılmasa, idxala qalarsa, dərmanların qiymət məsələ həll olunmayacaq”. 

Azxeber.com məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin də fikirlərini öyrənib.

O qeyd edib ki, deputatın qaldırdığı bu mövzü hər zaman gündəmdədir:

"Dərman bazarında inhisarçılıq və inhisarçılığın gətirdiyi qiymət bahalaşması illərdir vətəndaşları narahat edən məsələdir. Dərman bazarının  digər bazarlardan fərqi var. Burda tənzimlənmələr daha yüksək səviyyədədir. İstənilən dərmanı bazara gətirmək olmur. Səhiyyə Nazirliyini müvafiq qurumu həmin dərmanı istehsal edən mənbəni təsdiq etməlidir. 

Burada lisenziyalaşdırmağa icazə və tənzimlənmə məsələləri mövcuddur. Dərman bazarında  böyük oyunçular var. İmkan vermirlər ki, bazar liberallaşsın. Bu da ona gətirib çıxarır ki, dərman bazarında monopolist qüvvələr qiymətləri təyin edirlər”.

İqtisadçı ekspert vurğulayıb ki, istehsal ölkəsinin qiyməti ilə bizim dərman bazarının qiymətlərini müqayisə etmək absurddur:

"Çünki burda nəzərə alınması vacib olan məqamlar, daşınma xərcləri, vergi və rüsumlar var. Son dönəmlər Türkiyədən daşınmaların qiyməti kəskin artdı. Dərmanın daşınma xərcləri dərmanın dəyərinə ciddi təsir edir. Vergi və rüsumlar da ciddi təsir edir. İstehsalçı ölkə üçün daşınma xərcləri əhəmiyyətlidir. 

Dərmanların çəkisi yüngül olsa da, tabletkaların, qutuların tutumu çoxdur. Bu da istehsalçı  ölkə  ilə müqayisədə bahalaşmaya səbəb olur.  5-10 dəfə bahalı dərmanların olması istənilən halda qəbul edilməzdir. Dərmanların  bir çoxunun qiymətlərini Tarif Şurası tənzimləyir. 14-15 min adda dərman var ki, mütəmmadi olaraq bu qiymətə baxıb vahid qiymət təyin edirlər. Dövlət bu bazarı tam olaraq öz başına buraxmayıb. Tənzimlənməyən  dərman çeşidləri də çoxdur ki, bu zaman qiymət fərqləri ortaya çıxır”.

Xalid Kərimlinin sözlərini görə, vacib məqam Azərbaycanın da dərman istehsalını təşkil etməsi məsələsidir:

"Düşünürəm ki, ölkədə dərman istehsalını təşkil etmək mümkündür. Dərman istehsalı üçün Sənaye Parkı da açıldı ki, dərman şirkətləri burda qeydiyyatdan keçsinlər. Hökumət bu istiqamətdə Sənaye Parkı yaratdı. Biz dərman istehsalını təşkil edə bilməsək, monopolist meyilləri ləğv edə bilməsək, hər zaman bahalı qiymətlərdən əziyyət çəkəcəyik. İstehsalı təşkil  etmək qlobal  problem deyil. Ancaq  bazarda mümkün qədər monopolistlərin rahat qiymət qoymasının qarşısını almaq, bazarda monopolistləri müəyyənləşdirib onların qiymət siyasətini nəzarət altına almaq lazımdır”.