Azərbaycanda əhalini pensiya yaşı maraqlandırmır - Əksinə...


Milli Məclisin mayın 30-da keçirilən iclasında pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib.

azerbaycanda-ehalini-pensiya-yasi-maraqlandirmir
02.06.2023 18:21 2 dəq oxuma

Milli Məclisin mayın 30-da keçirilən iclasında pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib. Deputat Tahir Kərimli bildirib ki, Azərbaycan MDB məkanında ən çox pensiya yaşı tətbiq edən ölkədir. O təklif edib ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. 

Pensiya yaşı məsələsi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Azxeber.com-a açıqlama verib.

Ekspert bildirir ki, bu müzakirələrin əsas məğzi pensiya yaşı olmamalıdır:

"Azərbaycanda pensiyanın məbləğinin aşağı olması məsələsi müzakirə olunmalıdır. Azərbaycan nadir ölkələrdəndir ki, pensiya yaşının artırılmasına əhalinin böyük hissəsi etiraz etmir. Avropa və digər ölkələrdə pensiya yaşı artarkən etirazları görürük. Ancaq Azərbaycanda əksinə bir çox insanlar pensiyaya çıxmaq istəmirlər. Əsasən də dövlət işlərində çalışanlar. Çünki onların maaşı, alacaqları təqaüddən yüksək olur. Təqaüd yaşının artırılıb-azaldılması məsələsi vacib məsələ olsa da, ikinci dərəcəlidir. Məsələyə bu yöndən baxmağı yanlış hesab edirəm. Əsas problem təqaüdlərin az olması ilə bağlıdır. Təqaüd fondları dövlətə məxsusdur. Özəl təqaüd fondları yaradılmalıdır ki, seçim imkanları olsun. ABŞ və Avropa ölkələrində bu fondlar uzun zamandır fəaliyyət göstərir. Özəl təqaüd fondlarının yaradılması ilk növbədə vətəndaşlara seçim imkanı verir”.

Natiq Cəfərli bu problemlər ard-arda həll olunduqdan sonra təqaüd yaşı məsələsinin birdəfəlik həll olunacağını deyir:

"Fərdi müqavilələr olarsa, insanların özlərinin seçim imkanları olacaq ki, hansı yaşda təqaüdə çıxsınlar. Digər məsələ pensiya kapitalı ilə bağlıdır. Minimum təqaüd artan kimi təqaüdün yığım hissəsi də artır. Ötən il 34000 manata yaxın idi. Prezidentin fərmanı ilə minimum təqaüd 240 manatdan 280 manat olduqda, yığım kapitalı 40350 manata qalxdı. Normal təqaüd imkanlarına çıxış əldə edəndən sonra təqaüd yaşı məsələsi də həll olunacaq. Məsələnin məğzi qalıb kənarda bir çoxları təqaüd yaşını müzakirə edir. Vətəndaşlar arasında sorğu keçirsəniz,  bir çoxunun təqaüd yaşının artırılmasından heç bir narahatlıq ifadə etməyəcəklərinin şahidi olacaqsınız”.

Qeyd edək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 63 yaşdır.