Ötən il Azərbaycanda 597 intihar faktı qeydə alınıb.
Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur. Yəni həmin il 565 intihar hadisəsi qeydə alınıb. 18 yaşdan aşağı olan 37 nəfər intihar edib. Bu, 2019-cu illə müqayisədə 17 nəfər (iki dəfəyə yaxın) çoxdur. Yəni həmin il 18 yaşdan aşağı olan 20 nəfərin intiharı qeydə alınıb.
Son günlərdə də artan intihar hadisələri ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, sosial şəbəkələrdə intihar videolarının olduğu kimi paylaşılması hadisələrin çoxalmasına səbəb olub:
"Pandemiya ilə əlaqədar olaraq keçən il martdan başlayaraq sərt karantin rejimi tətbiq olundu. Hələ də bu proses davam edir. Karantin dövründə intihar, ailədaxili zorakılıq, depressiya və digər psixoloji problemlər daha az olur. Çünki insan düşüncəsi yalnız sağ qalmaq uğrunda mübarizəyə yönəlir. Həmin vaxtı konkret olaraq bir düşmənə "COVID- 19”-a qarşı mübarizə aparılırdı. Keçən il bunun fonunda intihar və digər psixoloji problemlər az oldu. Artıq bu il karantinlə bağlı müəyyən yumşaldılmalar olan kimi intihar hadisələrinin artması müşahidə olundu. Amma hər bir intihar hadisəsinin müəyyən səbəbləri var. Hesab edirəm ki, bununla əlaqədar olaraq profilaktik işlər aparılmalıdır. İntihar xəbərləri həm sosial şəbəkələrdə, həm də sosial mediada xəbər kimi paylaşılmasa çox yaxşı olardı.
Məsələn, ilk olaraq intihar hadisəsi olan yüksəkmərtəbəli binadan özünü atan insanın videosunu çəkib paylaşdılar. Qısa müddətdən sonra məhz hündürmərtəbəli binadan özünü atanların sayı xeyli artdı. Bu cür videoların birbaşa şəkildə sosial şəbəkələrdə yayılması düzgün deyil. Bu çox təhlükəli tendensiyadır. Hər bir vətəndaş bundan qorunmağı bacarmalıdır. Ən azı bunun travma faktoru olmasına diqqət etməlidir. Həmin şəxsə kömək edə bilməsə də, hadisəni çəkib olduğu kimi yerləşdirmək doğru deyil. Mətbuatda bunu hansısa formada tənzimləmək olar. Amma sosial şəbəkələrdə bu prosesi idarə etmək çox çətindir. Paylaşılan videolar vasitəsi ilə də sosial mediada məlumatlar verilir. Ona görə də əsas məsələ vətəndaş məsuliyyətinin olmasıdır.
Məsələn, tanımadığın birinin intahar anının görüntülərini paylaşdıqdan sonra o videonun nə vaxtsa öz yaxın insanıva psixoloji travma verəcəyini öncədən bilmək olmaz. Ona görə də intihar videolarını çəkib paylaşmayın. Onunla problem həll olunmur. Əksinə olaraq intihar hadisələri çoxalır”. Psixoloq qeyd edib ki, dünyada da aparılan tədqiqatlar da intihar və digər hadisələrlə bağlı videoların paylaşıldığı zaman çoxalmaların baş verdiyini sübuta yetirib. Elnur Rüstəmov onu da əlavə edib ki, psixi sağlamlıq və psixi təhlükəsizliklə bağlı maarifləndirmə işləri aparılmalıdır: "Hazırda o istiqamətdə tədbirlər görülür”.
TurpKimi.com