Baş infeksionisti Təyyar Eyvazovun açıqlaması...
"Ölkədə vaksinasiya prosesi mərhələlərlə həyata keçiriləcək".
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə açıqlamasında deyib. O bildirib ki, ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir: "Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir".
Baş infeksionist bildirib ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib: "Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98%) qiymətləndirilmişdir. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcəkdir. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcəkdir".
Trend.az / TurpKimi.com