Azərbaycanda Ramazan bayramı qeyd olunur


Bu gün Azərbaycanda Ramazan bayramı qeyd edilir.

azerbaycanda-ramazan-bayrami-qeyd-olunur
13.05.2021 10:29 2 dəq oxuma

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləridir. İş həftəsi mayın 16-dan başlayacaq.