İntihar edənlərin 1/3-i cavanlardır.
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə 1 nəfər intihar edir”.
TurpKimi.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının intiharların qarşısının alınmasına dair keçirdiyi dəyirmi masada Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, əvvəllər bunun daha çox yaşlı insanların problemi olduğu düşünülürdü: “Son zamanlar baş verən intiharlara nəzər yetirsək görərik ki, intihar edənlərin 1/3-i cavanlardır. Son 40-45 ildə intiharların sayı 60 faiz artıb”.
Nazir müavini bildirib ki, Azərbaycanda son 5 ildə intiharların sayı təqribən 3000-ə çatıb: “Bu da çox yüksək rəqəmdir. İntihar edənlərin 2/3-i kişilər təşkil edir. Bunun ən üzücü tərəfi odur ki, intihar edənlərin 173 nəfəri uşaq və yeniyetmədir”.
A.Kərimov intiharların səbəblərini də açıqlayıb: “Sosial təminatla, işsizliklə bağlı problemlər, bəzi hallarda sosial psixoloji məsələlər intihara səbəb ola bilər. Digər tərəfdən də görürük ki, Azərbaycanda bir çox hallarda bu, həssas təbəqələr arasında baş verir. Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbuslar və s. aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir”.
A.Kərimov bildirib ki, intiharların qarşısının alınması üçün daha geniş və kompleks yanaşma tələb olunur: “Bu, yalnız bir qurumun, təşkilatın problemi olmalı deyil. Bütöv cəmiyyət bu problemin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir”.
Nazir müavini vurğulayıb ki, ölkədə sosial xidmətlərin əhatəsi genişlənir, onların çeşidləri artır. Digər tərəfdən bu xidmətlər elektron şəkildə göstərilir: “Bir çox məqamlarda bunlar artıq vətəndaşlarda qıcıq yaratmır. Onlar artıq əlavə süründürməçiliklə üzləşməyə, hansısa sənədləri toplamağa məcbur deyillər. Bu da vətəndaşların psixoloji durumuna müsbət təsir göstərir”.
A.Kərimov qeyd edib ki, intiharların səbəblərindən biri də maddi təminatdır: “Bu il ərzində 14 növ müavinət, 7 növ təqaüd artırılıb. 2 yeni təqaüd təsis edilib. Azərbaycanda təqribən 70 min ailə il ərzində ünvanlı sosial yardımdan bəhrələnir. Bu da 160 min insanı əhatə edir”.