Azərbaycanda "Trendyol"un fəaliyyətinin məhdudlaşdırılmasına ekspert münasibəti


"Trendyol"un fəaliyyətini məhdudlaşdırmaqla digər daşıyıcılara şərait yaratmaq istəyirlər”

azerbaycanda-trendyol-un-fealiyyetinin-mehdudlasdirilmasina-ekspert-munasibeti
24.02.2023 20:51 1 dəq oxuma

"Məndə olan məlumata görə, "Trendyol” karqo şirkəti olaraq onlayn çatdırılma ilə bağlı bazarda böyük paya malikdir. Görünür, istehlakçı hüquqlarını qoruyan orqanlar onun fəaliyyətini məhdudlaşdırmaqla digər daşıyıcılara şərait yaratmaq istəyir”.

Bu sözləri Azxeber.com-a açıqlamasında Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov deyib.

O, qeyd edib ki, bazara yeni oyunçular daxil etmək və şərait yaratmaq lazımdır:

"Düşünürəm ki, bu, doğru mövqe deyil. Hökumət orqanları özünün administrativ inzibati rıçaqlarından istifadə edərək şirkətin fəaliyyətini saxlamamalıdır. Vəzifəsi odur ki, bazara yeni oyunçular daxil etsin, şərait yaratsın və yaxud "Trendyol”a alternativ olan digərləri üçün gömrük rüsumlarının azaldılması kimi bir iş aparsın ki, həm bundan istehlakçılar yararlansın, həm də "Trendyol”a iqtisadi üsullarla təsir olunsun. Belə olduqda başqa daşıyıcılar da bu siyasətdən yararlanacaq. Ona görə də, şərait yaradılmalıdır ki, bazarda azad və rahat rəqabət şəraiti olsun ki, istelakçılar da, biznes qurumları da ondan yararlansın”.

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.