Xəstəliyə yoluxan uşaqlarda səpkilərin də olması insanlarda bunun meymunçiçəyi olub-olmaması ilə bağlı şübhələr yaradır.
Son günlər ölkə ərazisində uşaqlar arasında qızdırma, boğaz ağrısı və səpkilərlə müşahidə olunan xəstəlik yayılıb. Xəstəlik uşaqlar arasında müşahidə olunur və hansı üsulla müalicə olunduğu məlum deyil. Xəstəliyə yoluxan uşaqlarda səpkilərin də olması insanlarda bunun meymunçiçəyi olub-olmaması ilə bağlı şübhələr yaradır.
AZXEBER.COM-a açıqlamasında həkim-pediatr Xəyalə Quliyeva yayılan xəstəliklə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, yayılan virus yeni deyil və hər il müşahidə olunur:
"Son zamanlar uşaqlar arasında xəstəlik yayılıb. Amma bu yeni deyil, demək olar ki, hər il müşahidə olunur. Sadəcə əvvəllər adları başqa idi, qızılcavari məxmərək də deyirdilər. Amma bunun tibbdə əsl adı "6-cı xəstəlik” və ya "Roseola infantum”dur. Bu bir virus xəstəliyidir. Əsasən 6 aydan 6 yaşadək uşaqlar arasında rast gəlinir. Amma evdə kimdəsə olarsa, o zaman daha körpə uşaqlara və bir qədər böyük, yəni 8-9 yaşlı uşaqlara da keçə bilir. Bu infeksiya böyüklər arasında yayılmır. Bu xəstəlik hava-damcı yolu ilə yayılır. Hər hansı bir insanda olarsa, asqırmaq, öskürməklə ətrafdakı insanlara keçə bilər”.
Pediatr onu da xüsusi qeyd edib ki, bu xəstəliyin meymunçiçəyi ilə heç bir əlaqəsi yoxdur:
"Uşaqlarda əsasən yüngül boğaz ağrısı, qızdırma kimi əlamətlərlə özünü göstərir. Qızdırma 3-5 gün davam edir, 39, bəzən 40 dərəcə temperaturadək qalxa bilir. Amma bəzi uşaqlarda da 37-38 arası müşahidə olunur. Təqribən 3-5 gündən sonra qızdırma düşür və daha sonra xırda-xırda səpkilər əmələ gəlir. Bu səpkilər isə 1-3 gün davam edir. Sonra keçib gedir. Bu xəstəlikdə demək olar ki, ağırlaşma müşahidə olunmur. Burada heç bir əlavə antibiotikə, sistemə ehtiyac yoxdur. Yalnız nadir hallarda əgərə hərarət düşməzsə, parastamol tərkibli, sistem şəklində dərmanlardan istifadə etmək olar. Amma bunun nə peyvəndi, nə də xüsusi müalicə üsulu var. Özündən sonra da immunitet yaradır. Xüsusi qeyd edim ki, bunun meymunçiçəyi xəstəliyi ilə heç bir əlaqəsi yoxdur”.