Azərbaycanın dünya hərb sahəsinə gətirdiyi PUA gerçəkliyi - ARAŞDIRMA


İstər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı dönəmdə dünyanın bir çox ölkəsi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı.

azerbaycanin-dunya-herb-sahesine-getirdiyi-pua-gercekliyi
30.03.2022 19:18 5 dəq oxuma

Buna səbəb Azərbaycan Ordusunun müharibədə ilk dəfə geniş miqyasda süni intellektdən – pilotsuz uçuş aparatlarından, idarəolunan raketlərdən istifadə etməsi olub.

Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-sı, İsrail istehsalı “Harop” kamikadze dronu, habelə “Spayk” tankəleyhinə daşınabilən raket kompleksi döyüşlərdə ağır texnikanın, xüsusilə manevr qabiliyyəti mürəkkəb olan tankların effektivliyini sual altında qoyub. Belə ki, Azərbaycan Ordusundakı süni intellektli silahların vasitəsilə Ermənistan tanklarının mütləq əksəriyyəti məhv edilmiş və ya sıradan çıxarılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində 366 tankın məhv edildiyini və ya qənimət kimi götürüldüyünü bildirərək burada “Bayraktar”ın rolunu da vurğulayıb: “Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları “Bayraktar ТВ2” PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar”. Bundan başqa, “Bayraktar” PUA-sının effektivliyini Azərbaycan və Türkiyəyə qarşı birmənalı münasibət bəsləməyən “Le Monde” qəzeti də etiraf edib: “2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub”. Nəşrin məqaləsində həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq İkinci Qarabağ müharibəsində PUA-ların “yer-yer" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də qeyd edilib.

Maraqlıdır ki, Rusiya Silahlı Qüvvələri geniş miqyasda ilk dəfə Vətən müharibəsində istifadə olunan “Bayraktar”la hələ daha öncədən – 2018-ci ildən Türkiyənin Suriyadakı tətbiqindən tanışdır. Xüsusilə 2020-ci ildə Türkiyə Silahlı Qüvvələrinin qarşı cəza tədbirləri çərçivəsində cəmi bir gecədə Türkiyə Ordusu Rusiyanın dəstəyi ilə azğınlaşmış Bəşər Əsəd rejiminin qüvvələrinə xeyli ziyan vurub: 23 tank, 23 artilleriya sistemi, 5 helikopter məhv edilib, 2 “Pantsir-S1” zərərsizləşdirilib, 309 hərbçi öldürülüb. Əsasən “Bayraktar” və “ANKA-S” PUA-larından, həmçinin pilotsuz uçuş aparatları ilə hədəfi nişan alan artilleriyadan istifadə edilib. Bundan başqa, Türkiyənin “Koral” radioelektron mübarizə vasitəsi öncə Suriyanın hava hücumundan müdafiə radarlarını təsbit edərək onları sıradan çıxarıb, daha sonra həmin hava hücumundan müdafiə vasitələri Türkiyənin zərbə PUA-ları ilə məhv edilib. Qeyd edək ki, məhv edilən Suriya texnikasının mütləq əksəriyyəti sovet və ya Rusiya istehsalı olub. Bu məqamda Rusiyanın çağdaş texnologiyası olaraq təqdim edilən, “Bayraktar”ın qənimi olaraq irəli sürülən “Pantsir”in də Türkiyə PUA-sı tərəfindən məhv edilməsini xüsusilə vurğulamaq gərəkdir.

Suriyadakı qızğın döyüşlərdə milyonlarla vəsaitə başa gələn Rusiya texnikasının, xüsusilə tank və hava hücumundan müdafiə sistemlərinin onlardan ölçü baxımından qat-qat kiçik, lakin süni intellekt baxımından böyük PUA-lar tərəfindən zərərsizləşdirilməsi Rusiya texnikasına qarşı etibarı növbəti dəfə sarsıdıb. Sözsüz ki, Qarabağ müharibəsi isə Rusiya texnikasının müasir dünyadan nə dərəcədə geri qaldığı məsələsində nöqtə qoyub.

Maraqlıdır ki, süni intellektin önəmini hələ 5 il öncə Rusiya Prezidenti Vladimir Putin özünəməxsus şəkildə vurğulayıb: “Süni intellekt təkcə Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyidir. Bu gün proqnozlaşdırmaq çətin olan nəhəng imkanlar və təhlükələr var. Bu sahədə lider olan dünyanın hökmdarı olacaq”. Bundan əlavə, 2019-cu ildə Putin ordusunun pilotsuz aparatlar, xüsusilə zərbə PUA-larının potensialının artırılmasının vacibliyini bildirib. Bununla belə, ötən ilin aprel ayında Rusiyanın “Bayraktar”la maraqlanması barədə şayiələrin yayılması fonunda Moskva rəsmiləri bu iddiaları təkzib edib. Onların sözlərinə görə, Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir.

Rusiyanın PUA potensialını hazırda Ukrayna ərazisində davam edən müharibədə hərtərəfli nümayiş edəcəyi, qarşı tərəfin hərbçilərini vahiməyə salacağı gözlənilsə də, bu baş vermədi. Rusiya bu müharibədə, demək olar, yalnız kəşfiyyat PUA-larından istifadə edir, zərbə PUA-larının tətbiqi isə epizodik xarakter daşıyır. Ekspertlər bunun dəqiq səbəbini müəyyənləşdirə bilməsə də, onlardan biri logistika problemi, yaxud, “Conversation” portalının bildirdiyi kimi, texnologiyaya güvənsizlik problemi ola bilər. Misal üçün, “Popular Mechanics” nəşrinin yazdığına görə, Rusiyaya aid “Kub” kamikadze dronun Ukrayna ərazisində istifadəsinə dair yalnız 2 dəlil mövcuddur. Buna baxmayaraq, Ukraynanın məhdud sayda sahib olduğu “Bayraktar”ların döyüş videoları saysızdır. Qeyd etmək lazımdır ki, müasir zərbə PUA-sı sadəcə döyüş meydanında deyil, informasiya müharibəsində də müstəsna rol oynayır. Belə ki, istər Azərbaycanın Qarabağ müharibəsində yayımladığı videokadrlar, istərsə də Ukraynanın Rusiya hərbçilərini zərərsizləşdirdiyi kadrlar qarşı tərəfin həm əsgərlərini, həm də ümumiyyətlə xalqını ruhdan salır. Hər halda “Google”da “Bayraktar” axtarışı verənlərin əksəriyyətinin erməni olması da təsadüfi deyil.

Ümumiyyətlə, süni intellekt sayın, ölçünün önəm daşımadığını bizə nümayiş etdirib, eynilə Türkiyə, Azərbaycan və Ukraynanın etdiyi kimi. Dünyaca məşhur “Forbes” nəşri İkinci Qarabağ müharibəsində dronların tətbiqi haqqında bunları yazıb: “Azərbaycanın 21-ci əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə müəyyənləşdirmək üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər... Necə olur, olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”.


Bütün bunlara baxmayaraq, Qərb erməni lobbilərinin əli ilə NATO üzvü olan Türkiyənin müasir hərbi texnologiyasının Qarabağda tətbiq olunmasına qarşı çıxıb və hava texnologiyası sahəsində sanksiya tətbiq etməyə başlayıb. Qlobal maraqları ermənilərin kiçik maraqlarına satan Qərb Türkiyənin regionda, xüsusilə Qərbin təhdid olaraq gördüyü Rusiyaya qarşı elan olunmamış cəbhələrdə ön sıralarda olmasının fərqində deyil. Misal üçün, Türkiyənin Azərbaycan və Ukraynaya müasir PUA silahlarını satması hər kəsə məlum olsa da, rəsmi Ankaranın bu baxımdan Mərkəzi Asiya siyasəti heç də çox işıqlandırılmır. Rusiyanın öndərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Qazaxıstan və Qırğız Respublikası NATO üzvü Türkiyənin “Bayraktar”larını müttəfiqi olan Rusiyanın uçuş aparatlarından üstün tutaraq onlardan satın almağa başlayıb. Bundan başqa, Rusiya ilə bütün sahələrdə sıx tərəfdaşlıq münasibətləri olan Türkmənistan da Türkiyənin bu texnologiyasına sahibdir. Ümumiyyətlə, həmin ölkələrin hərbi sahədə Türkiyə ilə əməkdaşlığının ilbəil genişlənməsi Rusiyanı da narahat etməmiş deyil.

Qərbin hərbi sahədə Türkiyəyə qarşı illərdir apardığı bu riyakar siyasəti nəticəsində Ukraynaya S-400-lərin verilməsi məsələsində rəsmi Ankara ilə uzlaşmaq mümkün olmayıb.

Beləliklə, xüsusilə Azərbaycan, Liviya, Suriya, indisə Ukraynada pilotsuz uçuş aparatlarının simasında süni intellektdən istifadənin nə dərəcədə əhəmiyyətli olması məlum olub. Tank kimi ağır texnikaların dövrünü qüruba uğradan pilotsuz uçuş aparatları süni intellektin ölçü, say tanımadığı, ən böyük gücün zəka olduğunu nümayiş etdirib.

Report.az