Azərbaycanda erkən nikah halları ilə bağlı statistik rəqəmlər açıqlanıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda deyib.
B.Muradova bildirib ki, ayrı-ayrı iqtisadi rayonlar üzrə bu faktları nəzərdən keçirdikdə müəyyən olunmuşdur ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “Qırmızı xəttə daxil olan bölgələrdə - birinci yerdə Aran iqtisadi rayonu üzrə 96 fakt, ikinci yerdə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, üçüncü yerdə Bakı şəhəri üzrə 36 fakt, dördüncü yerdə Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”
O eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb.
B.Muradova “erkən nikah” və “uşaq evliliyi” anlayışlarının hüquqi-normativ sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib. Komitə sədri qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.
Təhsil Nazirliyi: Erkən nikaha dair mövzuların salındığı yeni dərsliklər hazırlanacaq
"Ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür"
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda deyib.
M.Vəliyeva Təhsil Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərini, layihələri və qəbul edilmiş yeni sənəddən irəli gələrək görüləcək işləri diqqətə çatdırıb:
“9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir. 2010-cu ildə ümumi təhsilin dövlət standartları sənədi və 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi təsdiq edilmişdir. Həmin sənəddən irəli gələrək bu il Nazirlik tərəfindən ümumi təhsilin dövlət standartları sənədinə dəyişikliklər edilərək hökumətə təqdim edilmişdir və həmin dəyişikliklər arasında yer alan başlıca məqamlardan biri sənədə səriştələrin və dəyərlərin salınmasıdır. Azərbaycanda təhsilin məzmununda kifayət qədər dəyərlərə, ailə dəyərlərinə yer ayrılmasına baxmayaraq, hazırda strateji sənəd olan dövlət standartları sənədində artıq bu, daha geniş yer tutacaq və növbəti mərhələdə bu sənəd əsasında proqramlar yenilənəcək və yeni dərsliklər hazırlanacaqdır”. (Report)