14 RAYON - VAHİD AZƏRBAYCAN: artıq ölkənin iqtisadi inkişafında torpağının hər qarışı iştirak edir.
Ərazi, siyasi və indi isə iqtisadi bütövlük - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” tarixi fərmanı yalnız Qarabağın “dağlıq” və “aşağı” hissələrə bölünməsi ilə bağlı yüzillik haqsızlığa son qoymadı.
Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ rayonunun yaradılması və Cəbrayıl, Kəlbəcər, Lanın və Zəngilan rayonlarını birləşdirən tarixi Zəngəzur toponiminin qaytarılması, şübhəsiz ki, Azərbaycanın birliyinin və bölünməzliyinin yekun elanı baxımından müstəsna dəyərə malikdir.
Amma bununla yanaşı, mahiyyət etibarilə bu sənəd Azərbaycanın vahid və bir-biri ilə əlaqəli iqtisadi inkişafı üçün yeni hədəf və vəzifələrə, ən əsası isə yeni imkanlara malik yeni strategiyadır.
İdarəetmənin optimallaşdırılması
Məlum olduğu kimi, yeni bölgü mövcud 10 iqtisadi rayon əvəzinə 14 rayonu əhatə edir. Prezidentin fərmanı ilə Azərbaycanın iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:
1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);
2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Əlbəttə, Azərbaycanın son iqtisadi rayonlaşdırılmasından (1995) bu yana hər regionun həm iqtisadi potensialını, həm də onun üçün ən effektiv inkişaf şərtlərini müəyyənləşdirmək üçün kifayət qədər vaxt keçib. Buna görə əvvəlki sxemə düzəlişlər edilməsi hər bir halda lazım idi. Məsələn, məhz bu amillər nəzərə alınaraq Bakı şəhəri Abşeron iqtisadi rayonundan ayrılıb. Çünki müəssisələrin və biznes obyektlərinin əksəriyyətinin paytaxtda cəmləşməsi Abşeron rayonunun potensialını obyektiv qiymətləndirməyi və oradakı çatışmazlıqları və boşluqları müəyyənləşdirməyi çətinləşdirirdi, axı statistika bir yerdə əks olunurdu.
Lakin iqtisadi rayonlaşdırmada islahatlar üçün ən mühüm təkan, şübhəsiz ki, İkinci Qarabağ müharibəsindəki qələbə, işğal olunmuş ərazilərin respublikanın iqtisadi balansına qaytarılması və onların bərpasına və ölkənin iqtisadi inkişaf mənzərəsinə yenidən inteqrasiya olunmasına ehtiyac idi. Bu da öz növbəsində digər iqtisadi rayonlarda, o cümlədən yaxınlıqdakı Gəncə-Qazax və Aran rayonlarında planlaşdırma işlərinin səmərəliliyinin artırılmasını tələb edirdi. Bu baxımdan yeni bölgü yolu ilə onların idarə edilməsi optimallaşdırılıb.
Beləliklə, həm dövlət, həm də özəl sektor tərəfindən kapital qoyuluşlarının bölgüsünün indi iqtisadiyyatın müxtəlif sahələri arasında koordinasiya, bütün rayonların cəlb ediləcəyi yeni istehsalat zəncirlərinin yaradılması nəzərə alınaraq yeni planlaşdırma sxeminə əsasən həyata keçiriləcəyini gözləmək olar.
Məlum olduğu kimi, ölkənin iqtisadi inkişafının beş illik dövrünün planlaşdırıldığı əsas sənədlərdən biri də Azərbaycan rayonlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarıdır. Onların sayəsində qeyri-neft sektoruna ümumi regional vergi daxilolmalarının payı 2005-ci illə müqayisədə iki dəfə artaraq 15%-ə çatıb. Sonuncu belə proqram 2019-cu ildə təsdiqlənib və 2023-cü ilə qədər nəzərdə tutulub. Onun həyata keçirilməsinə qoyulan investisiyaların 17,4 milyard manat təşkil edəcəyi və 12 min yeni iş yerinin açılacağı güman edilirdi...
Ancaq pandemiya, daha sonra isə Qarabağdakı müharibə vəziyyəti kökündən dəyişdirdi, iqtisadi inkişaf üçün yeni cəhətlər və istiqamətlər açdı - regional siyasətdə konseptual olaraq yeni dövr başladı. Əvvəlki mərhələlərdə diqqət ayrılan kənd təsərrüfatı, sənaye və turizm sahələrinə mütləq yeniləri əlavə ediləcək. Axı nəqliyyat kommunikasiyalarının açılması bütün ölkənin ixrac imkanlarına ciddi şəkildə təsir edir, özəl sektoru istehsal həcmini artırmağa stimullaşdırır.
Qlobal hədəflər
Söhbətin tam olaraq nədən getdiyini daha aydın təsəvvür etmək üçün millət vəkili Vüqar Bayramovun açıqladığı rəqəmlərə istinad edəcəyik: keçən il iqtisadiyyatın əsas sahələrinin istehsalında Qarabağın payı cəmi 0,7%, əvvəlki Kəlbəcər-Laçın iqtisadi rayonunun payı isə daha az - 0,1% təşkil edib. Ancaq yalnız bu iki rayonun iqtisadi potensialını Bakı ilə müqayisə etmək olar!..
Azərbaycanın bütün regionları üçün ənənəvi olan heyvandarlıq və əkinçiliyi bir kənara qoyaraq (Qarabağın təbii şəraiti tarixən bu iki sahənin bütün istiqamətlərində yaxşı nəticələr əldə olunmasına kömək edib) onların olduqca güclü sənaye və turizm potensialına malik olduqlarını xatırladaq - zəngin qiymətli metal mədənləri, faydalı qazıntı yataqları, müalicəvi sular və s. hamıya bəllidir. İqtisadi imkanların detallı təhlili və hesablanması hələlik mütəxəssislərin azad edilmiş ərazilərə buraxılması çərçivəsində aparılır, lakin hətta bu gün üçün mövcud olan məlumatlar da oraya həyat qayıtdıqdan sonra rayonların kifayət qədər qısa müddətdə özünütəminetmə və investisiyaların qarşılanması səviyyəsinə çata biləcəyini göstərir.
Ümumi danışsaq, bütün bunlar, şübhəsiz ki, dövlət büdcəsinə, özü də məhz qeyri-neft gəlirləri səviyyəsində müsbət təsir göstərəcək.
Daha dərinə getsək, bu rayonlarda “yaşıl iqtisadiyyat” prinsiplərinin geniş yayılacağını nəzərə alsaq, onlar mütləq dünyanın hər yerindən istehsal prosesinin ekologiyaya uyğunluğu prinsiplərinə önəm verən investorları cəlb edəcəklər.
Bundan əlavə, Şərqi Zəngəzur istifadəyə verilməsi ilə Azərbaycanın praktiki olaraq regiondakı nəqliyyat mərkəzinə çevriləcəyi Zəngəzur dəhlizinin bir növ davamı olacaq. O, yalnız Azərbaycanın müxtəlif bölgələrindən olan sahibkarlar yox, həm də qonşu ölkələrdən olan iş adamları arasında əlaqələr yaradacaq, onlara istehsal zəncirləri yaratmaq və dünya bazarlarına çıxmaq imkan verəcək.
Beləliklə, Azərbaycanın 14 yeni rayonu ölkə üçün yeni imkanlar, yeni layihələr, yeni investisiyalar və yeni gəlirlərdir. İndi əsas odur ki, azad edilmiş ərazilərin infrastruktur bərpası prosesini uğurla başa çatdırılsın və onların iqtisadi potensiallarının canlandırılması prosesinə sürətlə başlanılsın.
Qulu Nuriyev - ekspert, Report