Bağırsaqlardakı köpdən xilas olmağın dərmansız yolu


Unutmayın, bağırsaqlar bizim 2-ci beynimiz sayılır...

bagirsaqlardaki-kopden-xilas-olmagin-dermansiz-yolu
17.02.2022 00:59 3 dəq oxuma

Sizi davamlı köp, bağırsaqlarda yaranan qazlar narahat edir? Bu vəziyyətdən təkcə dərmanlar vasitəsiylə deyil, həm də çox sadə idman hərəkətləri ilə qurtula bilərsiniz.

TurpKimi.com bildirir ki, bağırsaqlarda şişkinlik ən çox qazın yığılması nəticəsində baş verir. Bu son dərəcə narahatedici və xoşagəlməz bir haldır. Problemin yaranmasının əsas səbəbləri isə tez-tez yemək yemək, yağlı, duzlu və ədviyyatlı yeməklər dadmaqdır. Nəticədə bağırsaqlarda həddindən artıq qazlar yığılır. Lakin bu problemdən xilas olmaq üçün dərman içməyə ehtiyac yoxdur. Təqdim edəcəyimiz idman hərəkətləri ilə bağırsaqdakı köpdən tez və asanlıqla xilas olmaq mümkündür.

1 - Dartınma

Bu hərəkət bağırsaqları rahatladaraq sakitləşməsinə kömək edəcək. Bunun üçün döşəyin üzərində dizlərinizi sinənizə doğru çəkib üzü üstə uzanın. Bir neçə dəqiqə bu vəziyyətdə qalın və dərindən nəfəs alın.

2 - Yoqa

Bağırsaqlarınızı sakitləşdirməyin digər yolu yoqadır. Aparılan araşdırmalara görə, həftədə ən azı 1 saat yoqa ilə məşğul olan insanlar daimi köpdən qurtulur.

Yoqada ən təsirli hərəkətlərdən biri pişik-inək pozasıdır. Döşək üzərində dördayaqlılar kimi dayanmaq, nəfəs verərkən qarnınızı yerə endirib kürəyinizi qaldırın. Sonra yuxarı baxın. Nəfəs alarkən kürəyinizi əyərək qarnınızı onurğanıza doğru çəkin. Başınız aşağı olsun. Bu məşqi bir neçə dəfə təkrarlayın.

3 - Ürəyin məşqi

Üzgüçülük, qaçış, velosiped sürmək kimi idman hərəkətləri şişkinlikdən xilas olmağa kömək edəcək. Evdə sınamağın ən asan yolu isə pilləkənlərlə yuxarı qalxmaqdır. Bu üsul bütün qazların həzm sistemindən daha sürətlə keçməsinə kömək edir. 25 dəqiqəlik məşqdən sonra köpün azaldığına şahid olacaqsınız.

4 - Dizləri qucaqlamaq

Bu hərəkəti həm yerdə oturmuş, həm də yataqda uzanmış halda etmək mümkündür. Bunun üçün ayaqları qarın hissyə sıxıb bir neçə dəqiqə həmin vəziyyətdə qalmaq kifayət edir. Bir qədər sonra bağırsaqlarınızın necə rahatlandığını hiss edəcəksiniz.

5 - Oturaq vəziyyətdə onurğanın burulması

Şəkildə göstərildiyi kimi yerdə oturub onurğanın yana doğru çevrilməsi beldəki əzələlərin gərginliyini azaldır, qarın əzələlərini hərəkətə gətirir və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

6 - Xoşbəxt uşaq pozası

Bu sadə hərəkət bel və qarın əzələlərini rahatlaşdırır.

7 - Uzanaraq onurğanın burulması

Yerdə və ya yataqda uzanıb qollarınızı şəkildəki kimi yana doğru açın. Başınızı isə sağa doğru çevirin. Bu vəziyyətdə 30 saniyə və ya daha çox qala bilərsiniz. Onurğanızın necə uzandığını və burulduğunu hiss edəcəksiniz. Hətta səs eşitsəniz qorxmayın.

8 - Balıq

Bu hərəkət də sizin qarın əzələlərinizi uzadaraq rahatladacaq. Bu vəziyyətdə yarım dəqiqə dayanmanız kifayət edir.

9 - Kobra

Qarın əzələlərinin bu şəkildə yüklənməsi həzm sisteminin işini yaxşılaşdırır.

10 - Mürəkkəb oturuş

Bu rahatladıcı yoqa hərəkəti bağırsaqlardakı köpün yaratdığı narahatlığı azaldacaq.

11 - Ayaqlar bir-birindən aralı şəkildə irəli əyilmək

Yoqada bu hərəkət “prasarita padottanasana” adlanır. Qarın əzələlərini gücləndirir və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. 5 dəfə dərin nəfəs alandan sonra asta-asta özünüzü yuxarı qaldırın.

12 - Oturmuş vəziyyətdə açıq ürək hərəkəti

Bu hərəkət də qarın əzələlərini yumşaldır və köpün yaratdığı ağrıları azaldır. Hərəkət zamanı 5 dəfə nəfəs alana kimi dayana bilərsiniz.

Firuzə Alimova / TurpKimi.com