Bakıda koronavirusa yoluxan ana süni nəfəs aparatına qoşulu halda uşaq dünyaya gətirdi


Koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

bakida-koronavirusa-yoluxan-ana-suni-nefes-aparatina-qosulu-halda-usaq-dunyaya-getirdi
08.12.2021 15:34 1 dəq oxuma

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, bir ay əvvəl səhhətində yaranan kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edilən və hətta özəl xəstəxanaların birində böyük məbləğdə depozit istənilən, ancaq COVID-19 testi müsbət çıxdığına görə imtina verilən ana ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib. Olduqca riskli əməliyyat nəticəsində qadının 28 həftəlik qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.

Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə üç gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP aparatına qoşulub. Səkkiz gün müddətində həmin aparatda qalan körpənin vəziyyəti təxminən iki həftə sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib.

Hazırda yenidoğulmuşun vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır.