Balığı bu cür bişirməyin - 8 qızıl qayda 


Balığı seçərkən, bişirərkən və yeyərkən etdiyimiz səhvlər balığın qida dəyərini aşağı salır, hətta qaydalara düzgün əməl etmədikdə orqanizmə fayda yerinə zərər verir.

baligi-bu-cur-bisirmeyin
01.02.2023 00:01 3 dəq oxuma

Balıq zülal baxımından yüksək dəyəri olan, A, D, K və B qrupu (B1, B2, B3, B6, B12) vitaminləri, omeqa-3, yod, selenium, fosfor, sink və maqnezium cəhətdən zəngin qida qaynağıdır. Aparılan elmi araşdırmalara görə,  vitamin və minerallarla zəngin balığı nizamlı istehlak etdikdə yaddaş, göz və sümük sağlamlığı güclənir,   ürək xəstəlikləri riski və  ümumi  xolesterol aşağı düşür. Balıq  kolon-yoğun bağırsaq, döş, rektum xərçənglərinə qarşı qoruyucudur.  Tərkibində olan  omeqa-3 və omeqa-6 yağ turşuları beyin ilə sinir sistemini gücləndirərək immunitet sistemini qoruyur. 

TurpKimi.com xəbər verir ki,  Amerika Ürək Cəmiyyətinin tövsiyələrinə görə, şəfa anbarı olan balığı həftədə 2 boşqab (300 qr) istehlak etmək lazımdır. Ancaq burda bir məsələyə xüsusi diqqət yetirməliyik.  Balığı seçərkən, bişirərkən və yeyərkən etdiyimiz səhvlər balığın qida dəyərini aşağı salır, hətta qaydalara düzgün əməl etmədikdə orqanizmə fayda yerinə zərər verir.

 Bəs, balıqdan maksimum dərəcədə faydalanmaq üçün nələr etməli, nələrdən qaçınmalıyıq?

Mütəxəssislərin hazırladığı 8 qaydaya ciddi əməl etməklə balıqdan maksimum dərəcədə faydalanmış oluruq. 

1. Xırt-xırt olmasın

Çox qızardılmış və xırt-xırt balıq daha ləzzətli ola bilər, ancaq sağlamlıq üçün risk yaradır.  Çünki zülalın quruluşu yüksək temperaturda dəyişir, dəyəri aşağı düşür. Bu da balığın faydalı təsirini azaldır. 

2. Qazlı içkilərlə birlikdə istehlak etməyin

Balıq yeyərkən yanında limonad, kola, meyvə şirəsi kimi qazlı içkilər içməyin. Çünki bu içkilər balığın faydalı təsirini azaldır. Onun yerinə təzə sıxılmış limon  və mineral su istehlak edə bilərsiniz. Bununla həm  həzm sisteminin işinə kömək edəcəksiz, həm də antioksidant və minerallarla zəngin qida qəbul etmiş olacaqsız. Balığın təzəliyindən əminsinizsə, yanında ayran istehlak edə bilərsiniz.

3. Limonla  omeqa-3-dən daha çox yararlanın

Limon və balıq ayrılmaz ikilidir. 
 
Qida üzrə mütəxəssislərin gəldiyi qənaətə görə,  balığın üzərinə sıxılan limonun tərkibində olan C vitamini və antioksidantlar balığın içindəki omeqa-3-ün təsirini artırır. Eyni zamanda balığın zəhərləyici təsiri varsa, bədəndəki toksik təsirini də azaldır. Buna görə də  balığa limon sıxmaqla istehlak etmək ən sağlam seçimdir. 

4. Yaşıl tərəvəzlərlə C vitamininin təsirini daha da artırın 

Balığın tərkibində C vitamini azdır. Bu vitaminin səviyyəsini isə limon və yaşıl salatla artırmaq olar. Bu seçim həm  omeqa-3-ün orqanizmdən sorulmasını yaxşılaşdırır. Həm də yüksək miqdarda lif  sizə qan şəkərini tənzimləməyə və uzun müddət tox qalmağa kömək edir. 


5. Soğanla immunitetinizi gücləndirin

Balıq süfrələrinin bəzəyi həm də soğandır. Qan şəkəri yüksək olanlar balıqla birlikdə  soğan  istehlak edərək bunu tənzimləyə bilərlər. 
Ancaq qastrit və reflü (mədə qıcqırması) kimi həzm sistemi xəstəlikləri olanlar mədə turşuluğunu artırmamaq üçün soğan yeməkdən qaçınmalıdır. 

6. Qatıqdan istifadəyə diqqət!

Süd və süd məhsullarının zülal quruluşunda olan histamin balıqda  olan histamindən çoxdur. Əgər balıq köhnədirsə, balıqla birlikdə istifadə edilən qatıq toksik təsiri daha da artırır və sağlamlığınız üçün risk yaradır.  Balıq təzədirsə, toksik təsir göstərməyəcəyi üçün yeməkdən qabaq,  yemək yeyərkən və ya yeməkdən sonra  süd və qatıq kimi süd məhsullarından istehlak edə bilərsiniz. 


7. Balığın qılçıqları kiçikdirsə balığı qılçıqları ilə yeyin

Balığın qılçığında yüksək miqdarda olan kalsium ilə fosfor sümük sağlamlığı üçün  böyük əhəmiyyət daşıyır. Osteoporoz riskini azaltmaq üçün kilkə kimi kiçik balıqları qılçıqları ilə birlikdə istehlak etmək mütləqdir. 

8. Balıq alarkən bunlara diqqət edin

Balığı təzə halda istehlak etməkdə fayda var. Köhnə, bayat  balıq zəhərlənməyə səbəb ola bilir. Balıq seçərkən gözləri canlı və parlaq,dərisi parlaq və bərk, üzgəcləri qırmızı-çəhrayı rəngdə olmağına diqqət edin. Balığa barmağınızla bir az bərk şəkildə toxunub çəkdikdə barmaq izi qalmamalıdır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

27-09-2022