Balığı qoxusuna görə evdə bişirmək istəməyənlər - İncəlikləri var


Balığı sevirsiz, amma evdə bişirməkdən qorxursuz? - Balıq bişirməyin incəliklərindən yazacayıq.

baligi-qoxusuna-gore-evde-bisirmek-istemeyenler
25.09.2022 10:01 2 dəq oxuma

Balığı çoxları xoşlayır. Amma evdə bişirərkən qoxusunun bir neçə gün evə yayılmasına görə bu faydalı qidadan imtina edənlər də olur. 

TurpKimi.com balıq bişirməyin incəliklərindən yazacaq.  

Balıq yeməyinin sağlamlığa inanılmaz faydaları var.  Mütəxəssislər həftədə ən azı iki dəfə balıq istehlak edilməsini təklif edir. Amma balığı düzgün bişirmək insandan məharət tələb edir.  Həmçinin balıq bişirərkən evə hopan  qoxu da bir başqa problem yaradır. Amma bu dəniz məhsulundan imtina etməyiniz üçün heç bir  əsas vermir. Balığı xüsusi qaydalara riayət edərək bişirməklə evə hopan qoxudan xilas olmaq mümkündür. 

Evdən balıq qoxusu gəlməsin deyə

Balıq bişirərkən evi bürüyən qoxunun qarşısını almaq üçün tavanın içinə bir neçə ədəd dəfnə yarpağı atın.  Beləliklə, yeməkdən  çıxan pis qoxu bir az da olsa azalacaq,  balıqlar da dəfnə yarpağının ətri ilə daha dadlı olacaq. 

Mətbəxin iy verməsini əngəlləmək üçün

Balıq qızardılandan sonra mətbəxə hopan qoxunu aradan qaldırmaq üçün, 1 çay stəkanı su və 2 xörək qaşığı sirkə qaynada bilərsiniz. Qaynayan sirkəli su, evin içinə hopan qızartma qoxusunun qarşısını alacaq.

Balıq qoxusunu mətbəx ləvazimatlarından  çıxartmaq üçün

Balıq qoxusunu əlinizdən və istifadə etdiyiniz ləvazimatlardan çıxartmaq üçün əvvəlcə soyuq su ilə yuyub, sonra sirkə və ya limon ilə ovun. Qablarda qalan balıq qoxusunu da yenə soyuq su ilə yuduqdan sonra sirkəli suya batıraraq apara bilərsiz.

Balığın tez bişməsi üçün

Balığın həm tez bişməsi, həm də çatlamasının qarşısını almaq üçün iki tərəfinə bıçaqla kəsik atın. Amma balığın içindəki suyun, lazımi vitaminlərin axıb getməməsi üçün kəsikləri dərin etməyin. 

Balıq qızartması necə edilir?

Kilkə kimi kiçik balıq növlərini unlayaraq bişirisinizsə, tavada tək-tək deyil,  ümumilikdə birdən çevirin. Bunun üçün tavanın üstünə bir boşqab və ya qapaq bağlayaraq, bircə həmlədə tərs üz edin. Beləliklə, balıqları dağıtmadan bişirəssiz və eyni temperaturda bərabər qızaracaq.  

Kilkə balıqları çöp şişlərə yığıb asan şəkildə də bişirə bilərsiz. 

Balığı qızardacaqsınızsa, balığın iri və yağlı olmasına diqqət edin. Yağlı balıq üçün mövsümünü yaxşı tanımalısız. Yanvar ayında palamut, kefal və kilkə yağlıdır. Həmçinin balığa soğan suyu və zeytun yağı sürtüb 2 saat saxladıqdan sonra qızardın.

Balıq buğlaması necə hazırlanır?

 Buğlama bişirmək istəyirsinizsə, qılçığı  az, ağ ətli balıqları seçməlisiniz. Bişməyindən əmin olmaq üçün də sümüyündən asanlıqla ayrılıb-ayrılmadığına nəzarət etməlisiniz.

Dondurulmuş balıq necə bişirilir?

Dondurulmuş balığı istifadə edəcəyiniz zaman sirkəli suya qoyun, beləcə balığın donu həm tez açılacaq, həm də yumşaq olacaq.  

Vüsalə Əlövsətqızı, TurpKimi.com

27-03-2019