Baş ağrısı son zamanlarda həyat keyfiyyətini aşağı salan, iş həyatına ciddi mənada təsir edən və getdikcə geniş yayılan sağlamlıq problemlərindən birinə çevrilib.
Baş ağrısının müxtəlif yaranma səbəbləri var. Bunlardan ən əsası yuxu, stress, düzgün qidalanmamaq və düzgün qida seçimi etməməkdir.
TurpKimi.com xəbər verir ki, türkiyəli diyetoloq Zülal Yalçın baş ağrısına yaxşı təsir edən qidalar haqqında bəzi məlumatları oxucularla bölüşüb.
Sağlam qidalanma tərzi xəstəliklərin yaranmasının qarşısını alır. Düzgün qida seçimi ilə də sağlamlıq problemlərinin qarşısını almaq mükündür.
Hazırda stressiz gün keçirtmək demək olar ki, mümkün deyil. Doğru qida seçimi etməklə bədəndə xoşbəxtlik hormonu kimi tanınan Seratoninin səviyyəsini yüksəldərək gün ərzində yaşadığınız stressə nəzarət edə bilərsiniz.
Gündəlik həyat tərzimizdə baş ağrısına yaxşı təsir edən üsullara və qidalara nəzər salaq:
Kafein
Baş ağrınızı yüngülləşdirmək üçün qəhvə yaxşı seçimdir. Amma “yaxşı təsir edir”- deyə fikirləşərək çox içməmək lazımdır. Gün ərzində iki fincan qəhvədən artıq qəbul etməyin.
Maqnezium çatışmazlığı ola bilər
Əgər başınız tez-tez ağrıyırsa, maqnezium səviyyəniz aşağı ola bilər. Gün ərzində qidalanmada çərəz və tünd yaşıl yarpaqlı tərəvəzləri daha çox istehlak edə bilərsiniz. Ən əhəmiyyətlisi isə təzyiq probleminiz yoxdursa, hər gün bir şüşə mineral su içərək maqnezium səviyyənizi artıra bilərsiniz.
Zəncəfil
Gün ərzində içdiyiniz suyun içinə yaş zəncəfil əlavə edə bilərsiniz. Aparılan elmi araşdırmalara görə zəncəfil ağrıkəsicilər qədər baş ağrısını kəsməkdə effektlidir. Eyni zamanda zəncəfil baş ağrısının səbəb olduğu ürəkbulanmanın da təbii dərmanıdır.
Bitki çayları
Əgər stresdən yaranan baş ağrınız varsa, stressi azaltmaq və orqanizmi sakitləşdirmək üçün bəzi bitki çaylarından istifadə edə bilərsiniz. Xüsusilə razyana, cökə, melisa və çobanyastığı çayından gündə bir fincan içməklə həm istirahət də, həm də baş ağrısının yüngülləşməsinə kömək etmiş olarsız.
Maye qəbuluna diqqət edin
Bədənin susuz qalması baş ağrısına səbəb ola bilər.Ona görə də günboyu bol miqdarda su içməklə baş ağrısını yüngülləşdirə bilərsiz. Unutmayın, gündə içdiyiniz ən azı iki litr su bədən sağlamlığını qoruyur.
Təmiz hava və idman
Oksigen qəbulunu çoxaltmaq lazımdır. Əgər qapalı məkanda çox vaxt keçirirsinizsə, mütləq açıq havaya çıxmaq baş ağrısının kəsməsinə səbəb olacaq.
Bunlardan əlavə, yemək və yuxu saatına da ciddi fikir vermək lazımdır.
-Axşam ən gec 20:00-dan sonra bir şey yeməyin.
-Gecə yarısına qədər oyaq qalmayın.
-Mümkün olduqca çöldə yemək yeməyin, öz bişirdiyiniz yeməkləri seçin.
-Başınız ağrıdığı anda dərhal ağrıkəsicilər qəbul etmək əvəzinə təbii üsullara əl atın. Nəticədə çox böyük faydasını görəcəksiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com