Uşaq sağlamlığı ailələrin diqqət mərkəzində olan məsələlərdən biridir. Nə qədər bilikli olsaq da bu mövzuda həmişə həkim məsləhətinə ehtiyac vardır. Son zamanlarda valideynləri narahat edən sualları bir yerə yığıb əsl mütəxəssisinə ünvanladıq.
TurpKimi.com-un qonağı tanınmış uşaq həkimi, Bioloji Təbabət Klinikasının pediatrı Aytən İsmayılzadədir.
Qurd xəstəliklərindən danışaq. Hazırda bu xəstəliklərin üstündən böyük bir biznes qurulub. Müxtəlif məcunlar hazırlanıb satılır. Həkimlərin qəbulu baha, hazırlayıb satdıqları dərmanın qiyməti isə əl yandırır. Ev şəraitində qurd xəstəliklərinin müalicəsi necə aparıla bilər? Xalq təbabəti təkbaşına işə yarayırmı?
- Bu mövzu hal-hazırda da aktualdır. Mənə müraciət edən pasientlərin çoxu bildirir ki, qurd müalicəsi üçün həkim yanına gedib və həkimin hazırladığı xüsusi preparatdan istifadə edib, effekti də olmayıb. Bu preparatların qiyməti 300 manat, hətta daha bahadır. Burada əsas məsələ qurd xəstəliyi deyil, mədə bağırsaq problemləridir. Bu da uşaqların qidalanması ilə bağlıdır. Qurdu olan uşaqlarda ürəkbulanma, qarında ağrı, allergik əlamətlər müşahidə edilir. Bəzi həkimlər valideynlərdə xof yaransın deyə, bunu sırf qurdla əlaqələndirirlər. Çünki, qurd adı gələndə valideynlər qurdun beyinə, ciyərə gedib çıxmasından qorxurlar. Halbuki, bir çox əlamətlərdə qurd günahkar deyil, sadəcə qidalanmanı düzəltməklə, normal qidalanmaqla, probiotiklər, ödqovucu və s. verməklə mədə bağırsaq traktı sakitləşir. Bu məcunların da tərkibində belə bitkilər olur. Bunlar ödqovucu olur və iştahaçıcı, desensebilizəedici təsir göstərir. Bitkilər birmənalı olaraq qurdu öldürmür. Məsələn, boranı toxumunun tərkibində olan kokorbitin maddəsi qurdları iflic edə bilir, onların ölməsini asanlaşdırır. Kokorbitin maddəsi balqabaq tumunun altında yerləşən pərdədə olur. Verdiyimiz kimyəvi dərmanla birlikdə bağırsaq divarından qopması və bağırsaq möhtəviyyatına qarışması və qurdun daha tez məhv olma prosesi gedir. Müalicədə belə şeylər yaza bilərik. Valideynlər bilməlidir ki, qurd xəstəlikləri ilə bağlı qanla verilən analiz doğru deyil. Həkimlərin çoxu qan analizinə uyğun müalicə yazır. Hər şeyin səbəbi qurd xəstəlikləri deyil, müxtəlif səbəblər ola bilər. 1-ci növbədə düzgün qidalanmamaq, yalnız bol şəkərli, əlüstü yeməklər, paketləşdirilmiş qidalar qəbul edəndə bağırsaqda selikli qişa zədələnir. Səbəb budur. Həqiqətən qurd xəstəlikləri varsa, onu öldürə bilmərik. Kimyəvi müalicəyə dəstək kimi bitkilərlə profilaktika apara bilərik. Məsələn, dağ tərxununun tərkibində tuyon maddəsi var, o qurdlara keyləşdirici, narkotik təsir göstərir. Biz bunu profilaktika məqsədilə istifadə edə bilərik. Yumurtadan çıxan yeni qurdlar tez məhv olsun deyə, gündəlik, ya da günaşırı tərxun, kəklikotudan istifadə edərik. Böyük ölçülü, 20-40 sm aralığında olan askarid kimi qurdlara heç bir bitki tək başına kömək ola bilməz. Kimyəvi dərmanlarla birlikdə istifadə edilər. Qurd xəstəliklərinin təsbiti mütləq nəcisdən analizlə qoyulur. Nəcisdə yumurtalar varsa, deməli bu yumurtaları qoyan qurd da var. Bu zaman kimyəvi dərman təyin olunur. Qurd müalicələri kurs-kurs aparılmır, 1-2 gün dərman təyin olunur. Hətta cəmi 1 gündə 1 kapsul təyin oluna bilər. 2 həftə sonra təkrar verilir. Yanaşı olaraq ödqovucu, probiotik verməklə bağırsaq florasını yaxşılaşdıran preparatlar təyin etmək olar. 5 gündən sonra gəl və s. kimi prosedurlar mənasızdır.
Qurdun müalicəsi üçün dərman yazırlar, o da ciyəri zədələyir. Bədəni toksinlə doldurur. Bəzi həkimlər deyir ki, qurda görə müalicə lazım deyil, uşağın immun sitemini gücləndirmək lazımdır. Bu haqda nə deyə bilərsiz?
- Qurdun immunitetlə heç bir əlaqəsi yoxdur. Askarid qurdu 30-40 sm-ə qədər uzana, sayı yüzlərlə arta bilən şeydir, bağırsaq keçməməzliyi yaradır, miqrasiyası genişdi, beyinə, ağciyərə gedə bilər. Bunu ciddiyə almaq lazımdır. İmmunitetlə əlaqəsi yoxdur. Profilaktik dərmanlarla da heç nə olmur. Özbaşına dərman vermək olmaz. Nəcisdən analiz götürülür. Analizə uyğun, əgər yumurtalar çoxdursa, qurd da çoxdur, azdırsa qurd da azdır. Müalicə ilə hissə-hissə öldürməklə bağırsaqdan çıxartmaq lazımdır.
Pediatr Aytən İsmayılzadə - Qəbula yazılmaq üçün əlaqə telefonu 070 390 70 40
Son zamanlarda uşaqarlarda əzələ zəifliyi və sümük boşluğu problemləri artıb, sümüklərdə əyilmələr var. Bu nə ilə bağlıdır? Həkimlər deyirlər ki, uşaqlara D vitamini, Kalsium verilməlidir. Bu fikirlə bağlı nələri deyə bilərdiz?
- Burda hansı yaş qrupuna aid uşaqlardan söhbət getdiyini bilməliyik. 0-18 yaşa qədər olanlar uşaq sayılır. Əzələ zəifliyinin hər yaş qrupunda müxtəlif səbəbləri var. Məktəbə gedən uşaqdadırsa, hərəki aktivliyinin az olması ilə əlaqədardır. Vitamin D və Kalsiuma bağlı deyil. Məktəblərdə bədən tərbiyəsi dərslərinin keçirilməməsi, ixtisara düşməsi, fiziki aktivliyin aşağı düşməsi və ya zəif olması uşaqlarda bu problemlərin daha da artmasına səbəb olur. Belə uşaqlarda əzələ sistemi də zəifdir.
Söhbət körpə yaşlı - 5 yaşa qədər, yəni məktəbəqədər uşaqlardan gedirsə vəziyyət dəyişir. Bu uşaqlarda anadangəlmə birləşdirici toxuma, displaziya probemi olur. Bu genetik xəstəlikdir. Təzə bir şey deyil. Həmişə olub.
Bu cür uşaqlarda bağ boşluğu olur, hipermobil olurlar - əlləri çox arxaya gedir, dirsəkləri çox açılır, dizləri arxaya qatlanır, val deformasiyası olur, topuqlar içəriyə doğru əyilir. Bu uşaqlar skolioza meyilli olurlar. Bir az yol gedəndə tez yorulurlar. Bunun da Kalsium və D vitamini çatışmazlığı ilə əlaqəsi yoxdur. Genetik bir əlamətdir. Belə problemi olan uşaqlarda bağlar boş olur, əzələlərin möhkəmlənməsi üçün fiziki aktivlik lazımdır.
Amma 1-2 yaşa qədər əzələ zəifliyi, sümük əyilməsi, sümük deformasiyaları müşahidə edilibsə raxitliklə əlaqələnəcək. Bu da hamiləlikdən qaynaqlanır. Bu problemlər hamiləlik zamanı düzgün D vitamini, Kalsium balansının az olması ilə əlaqədardır. Hamilə olarkən ana vaxtının çox hissəsini evdə keçirdir, ya işdədir, qapalı yerdə olur, günəş görmür, aktiv olmur. Vitamin D az qəbul edir. Bilirik ki, D vitamininin 97 faizi günəşlənməklə qəbul edilir. Ağızdan da qəbul edilə bilər. Hamiləliyin 20-ci həftəsindən başlayaraq bu iki vitaminin qəbulu doğulacaq körpənin sümüklərinin möhkəm olmasına gətiib çıxarır.
Yaz fəsli üçün spesifik olan allergiyadan danışaq. Uşaqlar arasında geniş yayılıb, burun axması, gözlərdə sulanma, asqırma, qaşınma ilə müşahidə edilir. Valideynlərin çoxu soyuqdəymə və qripdən seçməkdə çətinlik çəkirlər. Hansı məsləhətləri verə bilərdiniz?
- Başqa adı pollinoz, bahar xəstəliyi də deyilir. Gözlərdə sulanma, burun axması, asqırma, öskürmə, qaşınma kimi əlamətlərlə müşahidə edilir. Qripdə, yuxarı tənəffüs yolları infeksiyalarında qaşınma olmur. Ana bu əlamətləri tanımalıdır. Süni qidalanıb, bunun fonunda nələr olub, yanağında səpkilər –diatez olubmu, sitrus meyvələri yeyəndə səpirdimi, yun yorğan-döşəkdə yatanda səhərlər burnunda tıxanıqlıq, burunda danışmaq, burunda tıntınlıq və s. əlamətlər olubmu? Ana bu sualların cavabını bilməlidir. Allergik əlamətlər yalnız birdən-birə yazda büruzə vermir. Yazda sadəcə biz əlamətlərin gücləndiyini görürük.Yaza qarşı allergiya olmur, havada uçuşan polenlərə, çiçək tozcuqlarına qarşı olur. Yanız o insanda ola bilər ki, onun polen allergiyası olsun. Evdəki toza qarşı da allergiya ola bilər, qidaya da qarşı allergik əlamətlər müşahidə edilə bilər. Uşağının allergik olduğunu ana, ata əvvəlcədən sezməlidir. Evdəki, ya da ətrafdakı digər uşaqlara fikir verir, əlamətlərdə qaşınma yoxdursa, demək ki, virus infeksiyası var.
Uşaqlar arasında Su çiçəyi xəstəliyi geniş yayılıb. Su çiçəyinə yoluxan uşaqları çimizdirməkdən çəkinirlər. Əslində necə olmalıdır? Uşağı bu zaman çimizdirmək olarmı? Valideynlər su çiçəyinə yoluxan uşağa necə qulluq etməlidirlər?
- Çimizdirməklə bir şey əldə edilmir. İstəyən çimizdirsin, istəməyən çimizdirməsin. Bu müzakirə mövzusu olmamalıdır. Amma burda bir məsələ var. Nə baş verə bilər? Hər kəsin ev şəraiti, isti su, soyuq su eyni deyil. Bəlkə birinin hamamı uzaqdadır, çimizdirib gətirənədək soyuq alacaq. Burda əsas məqsəd budur ki, uşaq təkrar soyuqlamasın. Çünki, onun bədənində artıq bir virus var, təkrar soyuqlamaya məruz qalarsa daha da ağırlaşa bilər. Bəlkə evində elə bir adam var ki, kondisioneri qoşacaq, uşaq çimib çıxacaq, daha da pis olacaq, soyuqlayacaq, meningit olacaq. Risk faktorları var, bunları nəzə alıb dyirik ki, çimizdirməyin. 1 həftə uşaq sabit temperaturda qalmalıdır. Birinci isti hamam olmaz. Çünki bədəndə virus var. Su ilıq olmalıdır. Hər kəsin ilıq anlayışı fərqli ola bilər. Ən yaxşısı çimizdrməməkdir. 1 həftə keçdikdən sonra virus passiv mərhələyə keçir, onda çimizdirmək olar.
Xeyriyyə tədbirlərində çox iştirak edirsiz. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yaxından maraqlanırsız. Onların problemlərinin həlli üçün hansı məsələlərin gündəmdə olub həll edilməsini istərdiniz? Dilə gətirmək istədiyiniz problemlər hansılardır?
- Azərbaycan üçün qlobal problemlərdən biri də xüsusi qayğıya ehtiyacı olanların sosial müavinətləri ilə bağlı məsələlərdir. Belə bir şeylə rastlaşmışam. Əlil uşağa xüsusi müavinət kəsilib. Halbuki, o uşağın o pula ehtiyacı var. Konkret olaraq sosial müavinətləri artırılsa yaxşıdır. Verilən pul onların xərclərinin heç bir hissəsini ödəmir. Reabilitasiya lazımdır. Bu bahalı prosedurdur. Uşağın sayı çoxdur, dövlət qarşılaya bilmir. Valideyn məcburdur özəl klinikalara müraciət etsin. Buna da çoxlu pul tələb olunur. Bu uşaqların da əylənməyə ehtiyacı var. Mənim elə pasientlərim var ki, çox imkansızdılar.
Daun sindromlu uşaqlar üçün dövlət səviyyəsində anaların maarifləndirilməsi prosesi keçirilməlidir. Ailələr çox vaxt bu cür uşaqları ikinci plana atır, məşğul olmur və ya gecikdirilmiş halda həkimə müraciət edirlər. Həkim yanına aparılmasına baxmayaraq, yaxşı yoxlanılmır. Məsələn, bu yaxınlarda daun sindromlu bir pasientin TSH (El arasında zob) dəyərləri yoxlanılmamışdı. Mən yoxlayanda faiz çox idi. Əvvəldən bilinsəydi, müalicə olunsaydı, bu qədər geri qalmazdı. Analizləri vaxtında edilməli, yoxlanılmalıdır. Daun sindromludur deyə, nəzarətdən kənarda heç nə qalmamalıdır.
Bir pediatr kimi valideynlərin uşaqlara qarşı olan hansı hərəkətlərindən narazısız? Sizi ən çox nələr narahat edir?
- Valideynlərin uşaqlara qarşı olduğu kimi davranmalarını tövsiyyə edirəm. Məsələn, valideyn uşağı yanıma gətirib, deyir niyə bu çəlimsizdir, yaşıdlarından geri qalır, arıqdı və s. Belə sözlər uşağın yaddaşına yazılır. Uşağın şəxsiyyəti var. “Dərs oxuyur yadında qalmır” və s. kimi ifadələri onun xətrinə dəyəcək formada deyir. “Ye, əmələ gəl, adama oxşamırsan” kimi deyimlər uşağa psixoloji basqı yaradır, uşağı sındırır. Həm immun sistemi zəifləyir, həm endokrin. Bizim bütün bədənimiz psixikamızın təsiri altındadır. Yaxşı sözlər yaxşı təsir göstərir, pis sözlər mənfi təsir göstərir. Arığı arıq, kökü də kök kimi qəbul etmək lazımdır. Bəlkə evdə hamı kökdür. Valideynlər bu mövzularda uşağa qarşı olduqca həssas yanaşmalıdır.
Mütəxəssislər yay mövsümündə qum və günəşdən maksimum faydalanmağı məsləhət görürlər. Dənizin sağlamlıq üçün faydaları nələrdir? Valideynlər çimərliyin sağlamlığa olan müsbət təsirlərindən maksimum necə yararlana bilərlər? Uşaqların immunitet sistemini qışa necə hazırlamaq lazımdır? Dənizi xüsusi edən nədir?
Dəniz təbiətin bir neçə hissəsinin birləşdiyi yerdir. Dənizi təkcə suya görə tövsiyə etmirik. Açıq səma, günəş, qum, minerallar və dəniz. Dənizdəki su adi su deyil. Uşaq suya girir və bu su çoxlu minerallar və yodlarla zəngindir. Dənizdəki yosunlarda çoxlu yod olur. Əgər suyun üzəri neft qatı ilə örtülməyibsə, yosundakı yodlar suyun üzərinə uçur, dənizin üzərində cəmləşir. Dənizin havası ozonla zənginləşdiyindən faydalıdır. Uşaq günəşin təsiri ilə qızan suya girir. Bu su isti olmur, ilıq olur. Sudan çıxır, bədəninə hava dəyir, bədən soyuyur, isti qumla təmas edir, yenidən suya girir. Bunlar hamısı kontrast temperatur dəyişkənliyidir. Valideynlərə uşağı çimizdirəndən sonra bir az soyuq su ilə duş aldırmağı tövsiyə edirik. Bu zaman kəskin olaraq temperatur dəyişməsi immunitet sistemini möhkəmləndirmə xüsusiyyətinə malikdir. Bunun mahiyyəti bundan ibarətdir. Bədəndə enerji dönüşümü yaranır. Biz ətrafımızda nələrə toxunuruqsa, mebel, kauçuk, kağız və s. enerji ötürmürlər və enerji özümüzdə qalır. İnsan insanla və təbiətlə təmasda olarkən enerji ötürülür. Bir yerdə yığılıb qalmır. İnsanın bədənində enerji yığılıb qaldıqda xəstəliklərə səbəb olur. Ona görə də tez-tez təbiətlə təmas, torpağın, qumun üstündə ayaqyalın gəzmək ayağın altından tutmuş başa qədər enerji dönüşümünə səbəb olur. Orqanizm yenilənir. Yayda təbiətlə sıx təmasda olsaq, qışa orqanizmi yeniləmiş halda girəcəyik. Bu da xəstəliklərlə mübarizədə kömək edəcək, psixi gərginliyimizi azaldacaq. Qışa sağlam girmək baxımından dəniz, su, hava, günəş və qum önəmlidir.
Dəniz suyunu udmamaq lazımdır
Yayda bağırsaq infeksiyaları geniş yayılır. Bunun qarşısını almaq üçün uşaqları əvvəlcədən xəbərdar etmək lazımdır. Uşaqlar bağırsaq infeksiyalarına yoluxmasınlar deyə, dəniz suyunu udmamalıdır. Uşaqlara başa salmaq lazımdır ki, suyun altında çox qalmasınlar. İstər-istəməz hava çatışmazlığı olacaq, ağzını açacaq və su udacaq. Bu su çirkli sudur. Dəniz suyunun udulması nəticəsində bağırsağa lyamblya qurdu, parazit, amöb düşə bilər. Bu da uşaqda kəskin ishal, baş ağrısı, temperaturun qalxması kimi əlamətlərlə büruzə verə bilər. Həmin vaxt bol maye qəbul etmək və gecikmədən həkimə müraciət etmək lazımdır. Bundan əlavə uşaqları günvurma və istivurmadan da qorumalıyıq. Yayın bu risklərindən qorxub, təbiət və dənizdən uzaq durmaq olmaz. Dənizin və günəşin faydalarından maksimum yararlanmağın vaxtıdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com