"Biz insanları geyim tərzinə görə yox, əməl və niyyətlərinə görə mühakimə edə bilərik" - Deputatların Şuşa haqda müzakirələrə münasibəti


Şuşa işğaldan azad olunandan sonra ora baş tutan istənilən səfər müzakirəsiz ötüşmür.

biz-insanlari-geyim-terzine-gore-yox-emel-ve-niyyetlerine-gore-muhakime-ede-bilerik
14.08.2022 20:07 4 dəq oxuma

Təəssüf ki, bu müzakirələr heç də pozitiv deyil. Belə ki, Şuşaya gedənlərin gah geyimi, gah əylənib şəkil çəkdirməsi, gah da kiminsə spirtli içki qəbul etməsi müzakirə olunur. Bütün bunlar soail şəbəkələrdə geniş müzakirə, tənqid, hətta təhqirlərə səbəb olur. Son müzakirə mövzusu isə Şuşaya bloger və müğənnilərin səfəri oldu. Onların geyim tərzi bir çoxları tərəfindən birmənalı qarşılamadı. Əksəriyyət bloger və müğənniləri daha münasib geyinə bilərdilər deyə qınadılar. Bir qism sosial şəbəkə istifadəçiləri isə daha da irəli gedib şəhid qanı ilə alınan torpaqlara bloger, müğənni, ümumiyyətlə, şou adamlarının ayaq basmasını doğru saymadıqlarnı dedilər: "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?!”

Bəs Şuşa səfərləri ilə bağlı bu cür xoşagəlməz müzakirələrin səbəbi nədir? 

Bununla bağlı fikirlərini News24.az-la bölüşən millət Vəkili Fazil Mustafa hesab edir ki, hər kəsin öz həyat tərzi var və buna qarışmaq, onlara nəyi və necə geyinməyi diqtə eləmək doğru deyil: "Biz insanları geyim tərzinə görə yox, əməl və niyyətlərinə görə mühakimə edə bilərik. Əsas məsələ odur ki, ora nə niyyətlə gediblər? Gediblər ki, Şuşanı görsünlər. Niyə bu insanlar hamısı təftişçi olub? Hamı hər şeyə qarışır. İnsanların geyim tərzini pis yozmağın nə mənası var? Hər kəs geyiminə, yaşam tərzinə görə özü məsuliyyət daşıyır. Heç kim öz həyatını yaşamır. Onları ancaq başqaları maraqlandırır. Mühakimə edənlərin özlərinin imkanı yoxdur. Olsa, onlardan da pis geyinərlər. Hamı özünə bir vətənpərvərlik modeli tapıb. O modelin içində özlərinin "müqəddəsliyini" göstərmək istəyirlər. Ümumiyyətlə, bu cür müzakirələr, mübahisələr, yanaşmalar olmamalıdır. İndi kimsə orda açıq-saçıq şəkil çəkdiribsə, ayağı görünübsə, nə edək? Gedək örpək götürüb üstünü örtək?"

 

Deputat sosial şəbəkə istifadəçilərinin "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?" şərhinə də münasibət bildirib: "Azərbaycanda şəhid qanı hara tökülməyib ki? Bakıda şəhid qanı tökülməyib? Bakıda 20 Yanvarda, 30-cu illərdə Gəncədə tökülən qanlar nə idi bəs?  Hər yerdə şəhid qanı tökülüb də. Onda belə çıxır ki, Bakıda əylənmək olar, Şuşada olmaz? Bir məkanı müqəddəsləşdirib, digərini qeyri-müqəddəs məkana çevirmək yanlış düşüncənin məshuludur. Şəhid qanı min illərdir tökülür. Bunu indi gündəlik rituala çevirə bilmərik ki... Belə absurd yanaşmaları müzakirədən çıxarmalıyıq. Daha çox vətənpərvər görünmək üçün bu fikirləri meydana çıxarırlar. Müharibədə şəhid də olur, qazi də".

Millət vəkili Razi Nurullayev da hesab edir ki, oxşar düşüncələrin absurd və mənasız olduğunu bildirib: "Belə çıxır ki, biz Şuşanı qurub-yaratmalı, sonra da Corc Oruellin "1984” adlı romanında olduğu kimi ora ayaq basan hər kəsi kamera ilə izləməli, hətta nə düşündüyünü belə bilməliyik? Ümumiyyətlə, gəlin öz vətəndaşlarımız daxil Şuşaya gediş üçün viza rejimi tətbiq edək və kim aylarla çarpışmadan və mübarizədən sonra viza ala bilsə, ora getsin. Şuşada siqaret çəkmək, içki içmək, qısa geyinmək, mahnı oxumaq, deyib-gülmək olmaz. Şuşaya nə bloger, nə müğənni, nə də şou əhli getsin. Ümumiyyətlə, gəlin onları ölkədən qovub çıxaraq. Şuşanı bağlı məkan, ya da Şəhidlər şəhəri elan edək, olsun Şəhidlər xiyabanı. Nə restoran olsun, nə də hotel. Ora ancaq hicablı xanımlar və çalmalı kişilər gedə bilsin. Bəlkə Şuşada İranın konsulluğunu da açaq? Bəs onda Şuşa, Şəhidlər xiyabanı kimə lazımdır? Şəhidlərimiz ona görə qan axıdıblar ki, vətəndaşlarımız orada xoşbəxt, azad və sərbəst yaşasın. ". 

Deputat onu da bildirib ki, Şuşa bizim üçün əziz şəhərdir, amma həm də digərləri kimi bir Azərbaycan şəhərdir: "Şəhidlərimiz Şuşa ilə bərabər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Hadrut və Kəlbəcərdə də qan axıdıblar. Ümumiyyətlə, Şuşa adı ilə bağlı qəbul olunan qərar da ürəkaçan deyildi. Niyə biz qadağalara meyllənirik? Onsuz da ölkəmiz elə qadağalardan ibarətdir.  Bir qadağanı qanunlarımız qoyur. Qanundan da kəskin qadağanı dinimiz qoyur. Dinimizdən də kəskin qadağanı adət-ənənəmiz qoyur. Adət-ənənəmizdən də kəskin qadağanı yazılmayan qanunlarımız qoyur. Nədən bu ölkəni qadağalar diyarına çevirək? O olmaz, bu olmaz, onu etmə, bunu et, onu geymə, bunu gey, onu yemə, bunu ye, onu içmə, bunu iç. Bu nə düşüncədir? Ölkəmizi hara yuvarlamaq istəyirlər?"