Bizi bakteriyalar idarə edir? - Bilmədiyimiz faktlar


Uşaqlıqda aldığımız travmalar nəyə təsir edir?

bizi-bakteriyalar-idare-edir
12.11.2019 21:49 3 dəq oxuma

Verdiyimiz qərarları, stress, depresiya və iştah kimi bir çox hallarda biri idarə edənin beyin olduğunu bilirik. Ancaq bunları müəyyən edən daha bir idarəedicimiz də var: bağırsaqlarda olan bakteriyalar.

Bədənimiz bakteriya ilə zəngindir. bədənimizdəki hüceyrələrin 10 qatı qədər bakteriya hüceyrəsinə ev sahibliyi edirik. Bu bakteriyaları araşdırmaq üçün başladılan araşdırma ortaya təəccübləndirən nəticələr çıxarıb. Belə ki, insan bədəni 8 milyon bakterial gen daşıyan 10 mindən çox bakteriya növünə ev sahibliyi edir. Bizim isə buna qarşı təqribən 22 min genimiz var. Bu nəticələrə baxanda ev sahibinin biz deyil, bakteriyal olduğunu söyləyə bilərik.

Beyin-bağırsaq əlaqəsi...

Hər insanda bağırsaq bakteriyalarının xüsusi olduğunu deyə bilərik. Əgər Yaponiyada yaşayırsınızsa, suşini həzm edə bilməniz üçün Azərbaycanda yaşayan yaxınlarınızdan fərqli bakteriyalara sahib olmalısınız. Bu zaman bağırsaqlarınızda dənizdə yaşayan bakteriyalar olacaq və bu bakteriyaların genindən dəniz məhsullarını parçalamaq üçün borc almış olacaqsınız.

Bakteriyalarla bağlı ən təəccüb doğuran tapıntılardan biri də onların ətrafa sürətlə cavab verəcək şəkildə metabolik aktiv olmalarıdır. Bu aktivlik nəticəsində ortaya çıxan kimyəvi məhsullar beynin quruluşuna təsir edə bilir. Ona görə də autizm və depresiya hallarının bir hissəsinin əslində bağırsaq bakteriyalarındakı nizamsızlıqlardan qaynaqlandığı düşünülür.

Bağırsaq beynə təsir edə bildiyi kimi, beyin də bağırsağa təsir edə bilər.  Uşaqlıqda yaşanan travmalar beynin quruluşuna təsir edərkən bağırsağın bakteriya mühitini də dəyişdirir. Bunu açıqlamaq üçün elm adamlarının verdiyi şərh budur: uşaqlıq travması nəticəsində beyindən alınan siqnalların bağırsaq bakteriyalarını dəyişdirdiyi, bu dəyişikliyin isə beynə təsir edərək müxtəlif xəstəliklərə səbəb olmasıdır.

Qeysəriyyə yolu ilə doğum bağırsaq problemlərini artırır...

Doğuş zamanı ana bətnindən çıxarkən anaya aid olan bakteriyalara məruz qalırıq. Bu mərləhə bizim bağırsaqlarımızın yaranmasında ilk və bəlkə də ən əhəmiyyətli mərhələdir. Anadan alınan faydalı bakteriyalar bizim 3 yaşımızda stabilləşəcək mikrobiyonumuzun ilk daşını yaradır. Ana bətnindən çıxmaqla başlayan və ətrafdan aldığımız bakteriyalarla davam edən proseslə sağlam mikrobiyon yaranır. Ancaq körpə doğuş kanalından keçmədən qeysəriyyə yolu ilə dünyaya gələrsə, bu zaman qeyd etdiyimiz bakteriyalara məruz qalmayacağı üçün mikrobiyomun meydana gəlməsində əsas olan ilkin mərhələ həyata keçmədən arxada qalır.  Bu isə maddələr mübadiləsinin pozulması bə diabet kimi bir çox sağlamlıq problemlərinə qapı açır. Məsələn, kök insanlarla arıq insanların bağırsaqlarından alınan nümunələr qarşılaşdırıldığında kök insanlarda daha az bakteriya növünə rast gəlindiyi müşahidə olunub.

Bundan başqa doğuş kanalından çıxan körpələrin udduğu bəzi bakteriyalar ana südünün həzm edilmsinə də kömək edir. Odur ki, qeysəriyyə ilə doğulan uşaqlar ana südündəki qidalardan kifayət qədər faydalana bilmirlər.

Antibiotiklərdən istifadə...

Antibiotiklər də bağırsaq bakteriyalarını öldürüb onların müxtəlifliyini azaldırlar. Ona görə də uşaq vaxtlarında istifadə olunan antibiotiklər bağırsaqların mikroflorasına zərər verir. Bu isə gələcəkdə maddələr mübadiləsinin pozulmasına, diabetə yola açan bakteriyalar yaradır.

Siçanlar üzərində aparılan araşdırmanın nəticələrinə görə, az miqdarda antibiotik verilən siçanda antibiotik verilməyən siçanlarla müqayisədə 15 faizdən çox piylənmə olduğu müşahidə olunub.

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, qidalanma və psixoloji durumun mikrobiyot üzərində təsiri var və bu təsirlər insanda bir çox xəstəliklərə yol aça bilir. Ona görə də uşaqların bağırsaq mkroflorasını qorumaq və qidalanmalarına və olduqları mühitin psixoloji olaraq onlara zərər verməməsinə diqqət etməlisiniz.

Firuzə Alimova / TurpKimi.com