Boya görə pulsuz dərman verilən uşaqların sayı artırılacaq


"Hazırda ölkədə somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 480 uşağ pulsuz müalicə alır. Gələcəkdə bu sayın artırılması planlaşdırılır".

boya-gore-pulsuz-derman-verilen-usaqlarin-sayi-artirilacaq
18.02.2022 16:16 2 dəq oxuma

Bunu Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə boy çatışmazlığı problemi olan uşaqlı ailələrin sayı çoxluq təşkil edir: "Hansı ki həmin uşaqların yaşı 18-ə çatanda boyları 1.20-1.30 metrdən yuxarı qalxmırdı. Bunun müalicəsi olsa da, maddi baxımdan çətinliklər olurdu. Çünki bir aylıq müalicə 600-800 manata başa gəlirdi. Lakin indi təmənnasız olaraq 480-ə yaxın uşaq boy hormonu preparatı ilə təmin olunur".

O qeyd edib ki, bununla bağlı işçi qrupu yaradılıb: "Müraciət qəbul olunandan sonra həmin uşaqlar tibbi göstəriş əsasında müayinədən keçirilir. Diaqnozlar təsdiqləndiyi halda onlara hormon verilir. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Hazırda dərmanlar bir aylıq verilir. Gələcəkdə ətraf rayonlarda yaşayanlara 2-3 aylıq dərman verilməsi planlaşdırılır".

Həkim əlavə edib ki, valideynlərinin boyu 150-smdən aşağı olanların övladları üçün müraciətə ehtiyac yoxdur, çünki həmin uşaqlara dərman vasitəsi kömək edə bilməz: "Uşaq yoxlanışdan keçəndə valideynlərin orta boy göstəriciləri hesablanır. Ümumilikdə ehtiyacı olan şəxslər bu dərmanla təmin olunacaq. Hazırda dərmanlar 18 yaşdan yuxarı olan şəxslərə verilmir. 16 yaş üçün də məhdudiyyət var. Çünki bu yaşda orqanizmdə sümükləşmə gedir və dərmanın təsiri olmur. Boy çatışmazlığı diaqnozu əsasən 2 yaşdan sonra qoyulur, çünki uşaqlar 2 yaşa qədər normal şəkildə böyüyür. 2 yaşdan sonra isə illik artımlar olur, bu artırmaların göstəricisi 5-7 sm-dən aşağı olursa yoxlama aparılır".

TurpKimi.com