Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhlükəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.
Gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturu yüksələcək.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yay ərzində isti dövrlərin müşahidə olunması gözlənilir.
“Bu, Azərbaycanın iqliminə xas olan xüsusiyyətdir. 40 dərəcədən yüksək temperatur adətən respublikanın Aran rayonlarında, Naxçıvan MR-da demək olar ki hər il qeydə alınır. Abşeron yarımadasında da son illər bir neçə gün ərzində havanın temperaturu 40 dərəcə ətrafında olub, bu Abşeron yarımadası üçün xarakterikdir. 2022-2023-cü illərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, Naxçıvan MR və Aran rayonlarında isə 43 dərəcəyədək isti qeydə alınıb", - G.Məmmədova qeyd edib.
O bildirib ki, hazırda davam edən qeyri-sabit havaların gələn həftədən etibarən, daha mülayim və sabit olacağı, temperaturun tədricən artacağı gözlənilir:
“Hava şəraiti ilə bağlı məlumatlar hər gün meteo.az saytında yerləşdirilir”.