Bayram 3 gün davam edə bilər.
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir.
Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq.
Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.
Azərbaycan xalqı bu il Qurban bayramını Zəfər abı-havasında qarşılayır. Eyni zamanda builki Qurban bayramı dünyada hələ də davam edən pandemiya şəraitində qarşılanır və buna görə də müqəddəs Həcc ziyarəti bu il də təxirə salınıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.
Bildirilib ki, qurban kəsmək əsasən Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcəkdir. Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hər-hansı məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq. Vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrində əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər.
Əziz həmvətənlər! İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini ehtiyacı olan sоydаşlаrımızа yаşаtmаq, özəlliklə pandemiya şəraitində mаddi sıхıntı çəкən insanlara yardım etmək Аllаhа хоş gedən əməllərdəndir. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları Allah-Təala yanında savab əməllərdəndir.
Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, iyulun 18, 19, 20 və 21-i qeyri-iş günləri sayılır.
TurpKimi.com