Bu gün "Beynəlxalq Qızlar Günü"dür


11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.

bu-gun-beynelxalq-qizlar-gunu-dur-1
11.10.2023 10:07 2 dəq oxuma

Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Hər il uşaqların, xüsusilə qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nigahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nigahın qarşısı alınıb. Eyni zamanda bu bayramın məqsədi dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburu evlilikdən müdafiə olunmaq həmin problemlərin sırasındadır. Hər il bir mövzu ətrafında qeyd edilən bu günün carı ildəki şüarı: "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlıq planlaması"dır.