Bu gün dünya metrosu 157 yaşını qeyd edir


Dünyanın ən uzun metro şəbəkəsi hansı ölkəyə məxsusdur?

bu-gun-dunya-metrosu-157-yasini-qeyd-edir
10.01.2020 10:56 2 dəq oxuma

Bu gün dünyada ilk metronun açılışından 157 il ötür. 

TurpKimi.com xəbər verir ki, ilk metro stansiyası 1863-cü ilin bu günü Londonda açılıb. 1890-cı ildə isə ilk elektrikləşdirilmiş yeraltı xətt açılıb.

Bu gün Bakı şəhəri də daxil olmaqla dünyanın 56 ölkəsinin 178 şəhərində metro fəaliyyət göstərir. Bu ilin əvvəlində açıqlanan məlumatlara görə, ən uzun metro şəbəkəsi Çinin paytaxtı Pekinə məxsusdur. Belə ki, gündəlik ortalama 10,5 mln (rekord 2019-cu ilin iyulun 12-də qeydə alınıb – 13,7538 mln nəfər), illik isə 3,8484 mlrd sərnişinə xidmət göstərən bu metro şəbəkəsi ümumi uzunluğu 699,3 km olan 23 marşrut xətti, 405 stansiyaya malikdir.

Çin həm də şəhərlərində metropolitenlərinin sayına görə də liderdir. Belə ki, hazırda bu ölkənin 40 şəhərində qeyd edilən yeraltı nəqliyyat vasitəsi fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi dünyada bu unikal nəqliyyat vasitəsinə malik şəhərlər sırasında Bakı da var. Bakıda ilk metro 1967-ci ilin noyabrın 6-da yaradılıb. Ümumilikdə 25 stansiyadan ibarət olan Bakı Metrosu onların sayını 2030-cu ilə qədər 76-ya, xəttlərin ümumi uzunlıuğunu isə 119,1 km-ə çatdırmağı nəzərdə tutub.

1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – “Bakı Soveti” (indiki – “İçərişəhər”), “Sahil”, “28 Aprel” (indiki – “28 May”), “Gənclik” və “Nəriman Nərimanov” 9,2 km-lik yeraltı xətt istifadəyə verilib.

Azərbaycan metropolitençiləri 2006-cı ili Bakı metrosu üçün dönüş ili hesab edir və bu il metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yaranıb. 2008-ci il oktyabrın 9-da “Nəsimi”, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verilib.

2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatıb.

2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı, 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verilib və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatdırılıb.

Hazırda mövcud olan stansiyaların xəttlərinin ümumi uzunluğu 36,63 km-dir. Gündəlik 590-608,2 min nəfər sərnişindaşıma həyata keçirən “Bakı Metropoliteni” il ərzində 222 mln nəfərə qədər sərnişini mənzil başına çatdırır.