Bu qaydalara əməl etdikdə koronavirus qorxulu deyil - Əhaliyə tövsiyələr


Koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir.

bu-qaydalara-emel-etdikde-koronavirus-qorxulu-deyil
18.03.2020 17:34 3 dəq oxuma

Koronavirus zoonotoic (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur.

Bu barədə azərbaycanlı mütəxəssis Adil Qeybulla bildirib.

Ekspert deyir ki, xəstəliyin əlamətləri kəskin respirator virus infeksiyaları üçün xarakterikdir: “Xəstəlik qızdırma, öskürək, təngnəfəsliklə başlayır, getdikcə ağır virus pnevmoniyası inkişaf edir. Bəzi hallarda xəstəli böyrək çatmazlığı ilə müşayiət edilir.

Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir. Ona görə də panikaya düşməyin, sadəcə rejimə və Ümumdünya Səhiyyə təşkilatının tövsiyələrinə riayət edin”, - deyə Adil Qeybulla bildirib.

Mütəxəssis əhaliyə hansı qaydalara əməl etməyi də əlavə edib:

Əhaliyə tövsiyələr:

Karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:

1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra).

Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur.

Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin.

Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. ÜST məhz onların tətbiqini tövsiyə edir.

2. Boğazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.

3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir.

Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır.

Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər.

Xüsusi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.

4. Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.

5. Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin.

6. Kalorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.

7. Yaxşı yatın, stresdən uzaq durun, vitamin D balansını doldurun, əks-göstərişi olmayanlar (bəzi anemiyallı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər.

8. Xəstəxanalarda boş kabinetləri kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir”. BAKU.WS