Veqan qidalanma xərçənglə mübarizədə yeni silah ola bilərmi? Riski 25 faiz azaldır! Bu necə baş verir?
Yeni bir araşdırma göstərib ki, veqan qidalanma sadəcə həyat tərzi seçimi deyil, ölümcül xərçəng növlərinə qarşı da qoruya bilər. Gənc insanlarda hətta döş və prostat xərçəngi riski də azalır. Bəs, ət yeməmək həqiqətən həyat qurtara bilərmi?
Yeni elmi araşdırma sübut edib ki, ət və süd məhsullarından imtina etmək ölümcül xərçəng növlərinə tutulma riskini dörddə birə qədər azalda bilər. Təxminən 80 min nəfər üzərində aparılan genişmiqyaslı tədqiqatda veqanların xərçəngə tutulma ehtimalının ət yeyənlərlə müqayisədə 25 faiz daha aşağı olduğu müəyyən edilib.
Araşdırma göstərib ki, veqan qidalanma xüsusilə gənc kişilərdə döş və prostat xərçəngi riskini azaldır. Alimlər Şimali Amerikadakı bəzi insanları səkkiz il ərzində izləyiblər və vegeterianlarda ümumi xərçəng riskinin 12 faiz azaldığını müəyyən ediblər.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, süd məhsulları və yumurta yeyən lakto-ovo vegeterianların qan xərçəngi riski daha aşağıdır; balıq yeyən pesketarianların isə yoğun bağırsaq (kolorektal) xərçənginə qarşı daha çox qorunduqları qeyd olunub.
YAŞAM TƏRZİ DƏ TƏSİR EDİR
Araşdırmaya əsasən müəyyən olunub ki, vegeterian insanlar daha arıq olmağa meyillidir, daha az alkoqol və siqaret istifadə edirlər, daha çox idmanla məşğul olurlar. Bundan başqa, hormon əvəzedici terapiya və ya doğuma nəzarət həbi istifadə faizləri də daha azdır. Mütəxəssislər, bu həyat tərzi fərqlərinin də xərçəng riskinə təsir edə biləcəyini bildirirlər.
Araşdırma Kaliforniyadakı Loma Linda Universiteti tərəfindən aparılıb və nəticələr “The American Journal of Clinical Nutrition” adlı elmi jurnalda dərc olunub.
GƏNCLƏRDƏ XƏRÇƏNGƏ TUTULMA HALLARI ARTIR
Bu nəticələr, gənc nəsildə xərçəngin artması ilə bağlı qlobal narahatlıqların yüksəldiyi dövrdə ortaya çıxıb. Son araşdırmalar göstərib ki, 50 yaşdan aşağı şəxslərdə yoğun bağırsaq xərçəngi 50 ölkənin 27-sində artmaqdadır.
Böyük Britaniyada gənc böyüklərdə yoğun bağırsaq xərçəngi ildə orta hesabla 3,6 faiz artır. ABŞ-da isə bu göstərici ildə təxminən 2 faizdir.
PİYLƏNMƏ İLƏ ƏLAQƏLİDİR, AMMA...
Həddindən artıq köklük yoğun bağırsaq xərçəngi ilə əlaqələndirilsə də, mütəxəssislər bu xəstəliyin sağlam insanlarda da olacağı barədə xəbərdarlıq edirlər. Bəzi tədqiqatçılar isə plastiklə təmas və çirklənmə kimi ekoloji faktorların bu artımda rol oynaya biləcəyini düşünürlər.
ERKƏN DİAQNOZ HƏYATİ ƏHƏMİYYƏT DAŞIYIR
Yoğun bağırsaq xərçənginin simptomları arasında qarın ağrısı, köp, həddindən artıq yorğunluq, nəfəs darlığı və qarında şişlik yer alır. İrəliləmiş mərhələlərdə nəcisdə qan və ya düz bağırsaq qanaxması müşahidə oluna bilər. Ancaq xəstəlik erkən mərhələdə symptom verməyə bilər və bu da diaqnozu çətinləşdirir. Bu hal müalicə prosesinə də mənfi təsir edir. Mütəxəssislər bildirirlər ki, diaqnoz qoyulan xəstələrin təxminən yarısı 10 ildən sonra sağ qalır.
DİGƏR XƏRÇƏNG NÖVLƏRİ DƏ ARTIR
Döş Xərçəngi Araşdırma Fondu bildirir ki, 40 yaşdan aşağı qadınlarda metastatik (bədənə yayılan) döş xərçəngi halları 2004–2017-ci illər arasında ildə 3,5 faiz artıb. Limfoma isə gənclər arasında ən çox görülən qan xərçəngi növünə çevrilib.
İngiltərə Xərçəng Araşdırmaları Təşkilatının 50 illik məlumatları əsasında apardığı analiz bütün xərçəng növlərinə tutulma riskinin əhəmiyyətli dərəcədə artdığını üzə çıxarıb. Mütəxəssislərin fikrincə, bu genetik meyillə yanaşı, həyat tərzi və ekoloji faktorların birləşməsindən qaynaqlanır.
QEYD: Xəbər "Daily Mail" qəzetində dərc olunan "Going vegan or veggie could slash risk of four top cancer killers by up to 25 per cent, experts discover" başlıqlı məqalədən hazırlanıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com