Bu qidalar sidik yolları infeksiyasını məhv edir - Mərcangilə nədir?


Uroloq Dr. Mustafa Sofikerim sidik yolları infeksiyası ilə bağlı bəzi bilgilər haqda açıqlama verib.

bu-qidalar-sidik-yollari-infeksiyasini-mehv-edir
25.03.2021 09:21 3 dəq oxuma

TurpKimi.com uroloqun maraqlı açıqlamlarını təqdim edir:

Sidik yolları infeksiyasından  qorunmasında  və müalicəsində probiotiklər və mərcanı- qaragilə cinsinə aid (ingiliscə-cranberry, rusca клюква, türkçə-turna yemişi) bitkilərdən istifadə edilir. 

Sidik yollarının  hər hansı bir qismində iltihablanmağa səbəb olan bakterial infeksiyalar hər yaşda ola bilər.

Xalq arasında sidik kisəsi infeksiyaları və ya sistit adlanır. Bu infeksiyalar vaxtında müalicə edilmədikdə böyrəklər zərər görür.  

Xəstəlik ən çox qadınlarda yaş artdıqca müşahidə edilir. 

Sidik yolları infeksiyalarının ən məşhur simptomları ağrılı sidiyə çıxma, ümumiyyətlə kəskin ağrı və ya yanma hissi, tez-tez sidiyə çıxmaqdır. Bundan əlavə sistitdən əziyyət çəkənlərin gecə sidiyə tez-tez çıxma ehtiyacı, anormal sidik rəngi, pis və ya kəskin qoxulu sidik, sidikdə qan, sidikdə iltihab, bel və ya qarın ağrısı olur. İnfeksiya böyrəklərə yayılsa qızdırma, titrəmə, ürəkbulanma və qusma kimi şikayətlər ola bilir. 


Xəstəliyin müşahidə edilmə sıxlığı  menopozdan sonra qadınlarda yaşla birlikdə artır. 

Mərcangilə bitkisi infeksiya ehtimalını azaldır

(Mərcanı bitkisi qaragilə cinsinə aiddir və Azərbaycanda, tibb dilində mərcangilə də adlandırılır. Mərcangilə bitkisinə Azərbaycanın dağ-meşə rayonlarında tək-tək rast gəlinir. Mərcangilə yarımkol bitkidir. O, boyca xırda, 25-30 sm hündürlükdə, həmişə yaşıl, yerlə sürünən incə kökümsovlara malikdir. Onun açıq-çəhrayı rəngli, salxıma düzülmüş gözəl çiçəkləri və nəzəri cəlb edən qırmızı rəngdə giləmeyvələri vardır. Meyvələri yetişdikcə pıl-pıl qızarır, turşuluğu azalır, şirinliyi isə artır. Mərcangilə may-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvələri yetişir. Mərcangilənin xoşa gələn turşməzə dadlı qırmızı və ya çəhrayı rəngli meyvələri vardır. Apteklərdə satılan dərmanlarda adı mərcangilə kimi keçir. Onun yarpaqları və giləmeyvələri ayrıca da satılır-Red)

Mərcangilə bakteriyaların quruluşunu dəyişdirir. Son illərdə aparılan araşdırmalar isə sidik yolu infeksiyalarına qarşı probiotik istifadə edilməsinin müalicədə təsirli olduğunu göstərir.

Bu meyvənin tərkibində olan elementlər bakteriyaların azalmasına yaxşı təsir edir.  Bakteriyaların bir-birilə əlaqə qurub çoxalmasının qarşısını alır. 

Bu xüsusiyyətlərinə görə, sidik yolları infeksiyasından qorunmaq üçün bu bitkidən istifadə edilir. Sidik yolları infeksiyasının müalicəsində probiotiklərlə yanaşı mərcangilədə olan elementlərdən geniş istifadə edilir.


Araşdırmalar mərcangilənin təsiri haqqında nələri ortaya çıxarıb?

"American Journal of Clinical Nutrition jurnalında dərc olunan araşdırmaya görə hər gün 240 ml (təxminən bir su stəkanı) mərcanı suyu içmək  qadınlarda təkrarlanan sidik yolu infeksiyasının əlamətlərini təxminən 40 faizə qədər azaldır.

Boston Universitetinin Tibb Professoru və İnfeksion Xəstəliklər üzrə Mütəxəssisi Dr. Kalpana Gupta araşdırma ilə əlaqədar olaraq mərcangilənin dünya səviyyəsində antibiotik istifadəsini azalda biləcəyinə inandığını və sistitdən qorunmaq üçün sağlam bir qida olduğunu açıqlayıb. 

Bəzi araşdırmaçılara görə isə mərcangilənin faydasının  bu cür şişirdilməsi gərəksizdir. O sadəcə olaraq  sidik yolu infeksiyasının əlamətlərini azaldır. Müalicə müddətini azaltmaq və ya müalicənin təsirini gücləndirmək üçün yetərli bilgilər yoxdur. 

2020-ci ildə mövcud araşdırmalar mərcanı kimi bitkilərin sidik yolu infeksiyasının önləməsi və ya müalicəsində plaseboya ilə müqayisədə çox az fayda verdiyini və ya heç olmadığını göstərir.

Hətta mütəxəssislər qeyd edir ki,  az da olsa fayda görmək istəyirsinizsə,  satın alacağınız mərcangilə suyunun 100 faiz təbii və original olması çox əhəmiyyətlidir.

Çünki tərkibində bu giləmeyvənin da olduğu meyvə şirələrini içməklə digər meyvə sularını içmək arasında heç bir fərq yoxdur.

Əgər istifadə edirsinizsə, faydasına inanırsınızsa təmiz mərcanı suyu için. 

Hər şeydən əvvəl bol su içməyi, genital bölgənizi təmiz tutmağa xüsusi diqqət edin. 

Həkiminizin yazdığı antibiotik müalicəsini olduğu kimi tətbiq edin və alternativ müalicə üsullarından istifadə etməmişdən qabaq mütləq həkiminizlə məsləhətləşin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com