Oruc tutarkən ağız qoxusunu yox etməyin təbii vasitəylə həlli...
Ramazanda ən çox diqqət edilən mövzulardan biri oruc tutarkən ağız qoxusunun olmasıdır.
Bu sahə üzrə türkiyəli mütəxəssis Dr.Mustafa Gündoğar Ramazan ayında oruc tutanların ağız qoxusunun qarşısını almaq və ağız sağlamlığını qorumağın yollarından danışıb. Tənəffüs yollarındakı infeksiyalar, diş və dişəti problemləri, mədə, böyrək və qaraciyər xəstəlikləri kimi ciddi xəstəliklərin ağız qoxusuna səbəb ola biləcəyini deyən həkim “Ramazan ayında ağız qoxusu aclıq və susuzluqla bağlı olaraq ortaya çıxan problemlərdən biridi. Lakin ağız və nəfəs qoxusunun qarşısını almaq sizin əlinizdədir” deyib.
TurpKimi.com ağızdakı qoxunu yox edən təbii vasitələri təqdim edir:
1 – İftarla sahur arasında çoxlu çay, qəhvə və şirniyyat qəbul etməyin
Oruc tutduğunuz gün ərzində yemə-içmə funksiyaları, tüpürcək vəzlərinin ifrazatı və tüpürcəyin yenilənmə qabiliyyəti azalır. Bu da bakteriya və dişlərdə çürümənin yaranması üçün əlverişli mühit yaradır. Ramazan ayında digər aylarla müqayisədə şirniyyat növləri daha çox yeyildiyi, axşam saatlarında daha çox qəhvə və çay içildiyi üçün ağızda bakteriyaların artması və çürüklərin yaranması sürətlənir.
2 – İftar və sahurdan sonra dişlərinizi mütləq fırçalayın
Ramazan ayında dişlər fırçalanmadıqda sahurdan iftara qədər olan müddətdə bakteriyaların asanlıqla ağızda çoxalmasına imkanı yaranır. Bu hal ağızda pis qoxu və diş çürümələrinə yol açır. Bu, infeksiya yolu ilə bir çox xəstəliyə münbit şərait yaranır. Odur ki, ağızdakı qoxudan və diş çürümələrindən qorunmaq üçün iftar və sahurdan sonra dişlərinizi fırçalayın!
3 – Duzlu su ilə qarqara edin
Dişləri fırçaladıqdan sonra dilin üzərini və dişətini də fırçanın köməyi ilə yaxşı təmizləyin. Oruc tutan insanlar dişlərini yuduqdan sonra xüsusi antiseptik ağız spreylərindən istifadə edə bilərlər. Belə bir imkan yoxdursa, duzlu su ilə qarqara edilə bilər.
4 – Ramazanda ağız qoxusuyla bağlı problem yaşamaq istəmirsinizsə, turş qidalardan uzaq durmaqda fayda var. Sahurda karbohidratlı qidalardan az yeyilməli, üstünlük pendir və süd kimi kalsiumlu qidalara, meyvə və tərəvəzə verilməlidir.
Firuzə Alimova / TurpKimi.com