Bu şəxslər omikron ştamını ağır keçirdir


Yüksəliş dövrünü keçirən yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış "omikron” ştamına yoluxma statsitikasında müxtəlif antirekordlar müşahidə edilir.

bu-sexsler-omikron-stamini-agir-kecirdir
08.02.2022 16:08 2 dəq oxuma

İndi demək olar ki, hər kəsin ailə üzvləri arasında və yaxın ətrafında ona yoluxanlar var. Say çoxluğu nə qədər təlaş yaratsa da, həkimlərin tövsiyəsi peyvənd olunmaqdır.

 AZƏRTAC xəbər verir ki, bunu həkim-infeksionist Səxavət Xəlilli deyib: "Peyvənd olunmuşlarla olunmamışlar arasında xəstəliyin gedişatı fərqlidir. Ötən dalğalarla müqayisədə "omikron”un gedişi nə qədər mülayim olsa da, peyvənd olunmayanların xəstəliyi ağır keçirmə ehtimalı yüksəkdir”.

Mütəxəssislərin fikrincə, bu gün xəstəliyi ağır keçirənlər və reanimasiya palatalarına düşənlərin əksəriyyəti vaksinasiya olunmayanlardır.

Xüsusilə risk qrupunda olanların xəstəliyi ağır keçirmək ehtimalı var. Nəzərə almaq lazımdır ki, "omikron” variantında təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir.

Bəzən elə düşünürlər ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Peyvənd olunanlar arasında yoluxma olanda da onu sərt mövqe ilə qarşılayırlar.

Mütəxəssislər isə peyvənd olunanların da xəstəliyə yoluxa biləcəyini etiraf edirlər, lakin peyvənd sayəsində xəstəliyi yüngül keçirirlər.

Həkim-infeksionist infeksiyanı yüngül keçirənlərə öz məsləhətini də ünvanlayıb:

"Ev şəraitində müalicə zamanı çoxlu maye qəbul etmək, qidalanma və yuxu rejimini gözləmək, hərarət yüksəldiyi zaman müəyyən temperaturu aşağı salan vasitələrdən istifadə etmək tövsiyə olunur. COVID-19-un əlamətləri müşahidə olunanda mütləq şəkildə həkimə üz tutmaq lazımdır”.

Virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır.

Sosial məsafənin gözlənilməsi, maskalardan istifadə və əl təmizliyi virusun variantlarından asılı olmayaraq qoruyucu qaydalar olaraq qalır.

TurpKimi.com