Bu xəstəlik artıq yaş həddi tanımır! - Necə mübarizə aparmalı


Artıq yaş tanımır! Damar tıxanıqlığı infarktdan iflicə qədər ciddi problemlərə səbəb ola bilər!

bu-xestelik-artiq-yas-heddi-tanimir
09.06.2025 17:06 4 dəq oxuma

Müasir həyatın gətirdiyi intensiv tempo, səhv qidalanma vərdişləri və hərəkətsiz həyat tərzi damar sağlamlığına daha çox təsir edir. İnfarkt, ifliclə əlaqələndirilən damar tıxanıqlığı artıq yalnız yaşlı insanların deyil, gənclərin də probleminə çevrilib. Səssiz inkişaf edən bu xəstəlik vaxtında aşkarlandıqda qarşısı alına və nəzarətə götürülə bilir.

Damar tıxanıqlığı yerləşdiyi hissəyə görə fərqli problemlər yaradır.

TurpKimi.com türk mediasına istinadla  Ürək və Damar cərrahı,  mütəxəssis Prof. Dr. Ünal Aydının maraqlı açıqlamalarını oxucuları ilə bölüşür:

“Tıxanmış damarların orqanizmdə yerləşdiyi hissəyə  görə əlamətləri fərqli ola bilər. Ən çox ürək (koronar arteriyalar), beyin (karotis və serebral arteriyalar) və ayaqlarda (periferik arteriyalar) tıxanma müşahidə edilir.”

Ürək damarları tıxandıqda:

Sinə ağrısı meydana gələ bilər. Bu ağrı adətən sinənin ortasında basqı və ya sıxılma şəklində olur. Hərəkət  zamanı artır, istirahət zamanı keçir.

Xəstələrdə həmçinin nəfəs darlığı, sol qola, çənəyə, arxaya yayılan ağrı, ürək döyüntüsü, soyuq tərləmə, ürəkbulanma, halsızlıq və ya huşsuzluq hissi ola bilər. Bu əlamətlər qəfil və şiddətli olduqda infarktın (miokard infarktı) xəbərçisi ola bilər.

Beyin damarları tıxandıqda:

Qəfldən başgicəllənmə, nitq pozğunluğu, üzün bir tərəfində sallanma (asimmetriya), qolda və ya ayaqda qəfil zəiflik və ya keyləşmə (adətən bir tərəfli), xüsusilə bir gözdə görmə itkisi və ya bulanıqlıq, tarazlıq itkisi və yerimədə çətinlik kimi əlamətlər meydana gələ bilər. Bunlar adətən insult və ya keçici işemik atak (TIA) əlamətləri ola bilər.

Ayaq damarları tıxandıqda:

Gəzərkən baldır, bud və ya omba hissəsində kramp şəklində ağrı və fasiləli axsama görülə bilər. Ayaqlarda soyuqluq, solğunluq, keyimə, iynələnmə, ayaqlarda və ya barmaqlarda sağalmayan yaralar, tüklərin tökülməsi, dırnaqlarda qalınlaşma kimi əlamətlər ola bilər. İrəliləmiş mərhələdə istirahət edərkən  belə ağrı ola bilər. Bu əlamətlərə halsızlıq və yorğunluq, xüsusilə kişilərdə cinsi funksiyalarda pozğunluq da əlavə edilir.

Bu əlamətlərdən biri və ya bir neçəsi varsa, mütəxəssisə müraciət etmək lazımdır.

Xüsusilə risk faktoru olanların – siqaret çəkənlər, yüksək qan təzyiqi, xolesterolu yüksək olan, diabet xəstələri və ailəsində ürək-damar xəstəliyi olanlar gecikmədən həkimə müraciət etməlidilər.

Tıxanmış damarların açılması üçün əməliyyat şərtdirmi?

Prof. Dr. Ünal Aydın bildirib ki, “Tıxanmış damarların açılması üçün həmişə əməliyyat tələb olunmur. Əgər şəxsin yan damarları inkişaf etmişsə və orqanın qan dövranını təmin edirsə, cərrahi müdaxiləyə ehtiyac yoxdur.
Eyni zamanda, damar tıxanıqlığı olsa da, tıxanma faizi yüksək deyilsə və qan dövranı normaldırsa əməliyyat tələb olunmur. Lakin damarda lövhə (plak) əmələ gəlibsə və yüksək riskli qrupa daxil olan xəstələrdə dərman müalicəsinə başlanılması mütləqdir.

Əgər tıxanma simptomlara səbəb olursa və müdaxilə tələb olunursa, şəxsin vəziyyəti, cərrahın yanaşması, tibbi mərkəzin imkanları, tıxanmanın dərəcəsi və uzunluğu nəzərə alınaraq cərrahi və ya angioqrafik müdaxilə seçilə bilər.

Cərrahiyyədə plak çıxarılır və damar yenidən bərpa edilir və ya sintetik və ya şəxsin öz damarı ilə baypass əməliyyatı aparılır. Angiografiyada isə damar bəzən balonla açılır, bəzən isə stent yerləşdirilir. Bu da vəziyyətə, uzunluğa və damarın diametrinə görə dəyişir.”

Bu xəstəlik təkcə yaşlıları incitmir!

Damar tıxanıqlığı "yaşlılıq xəstəliyi" kimi qəbul olunsa da, əslində proses gənc yaşlardan başlayır. Ona görə də profilaktik tədbirlərə nə qədər erkən başlanılsa, bir o qədər təsirli olur.

Kişilər 30, qadınlar 40 yaşından sonra tədbir görməlidir

Kişilərdə damar sərtliyi (ateroskleroz) riski 35 yaşdan sonra artır. Siqaret çəkən, yüksək xolesterolu olan və ailəsində ürək xəstəliyi olan kişilərdə bu risk 30 yaşdan da düşə bilər. Bu səbəbdən 30 yaşdan etibarən mütəmadi yoxlamalar və sağlam həyat tərzi vacibdir.

Qadınlar isə estrogen hormonu sayəsində menopauza qədər damar tıxanıqlığına qarşı nisbətən daha üstün mövqedədirlər. Lakin menopauza dövründə (45-55 yaş) bu qoruyucu təsir azalır və risk kişilərlə bərabərləşir, bəzi hallarda onları belə ötə bilir. Bu səbəbdən qadınlarda profilaktik tədbirlər 40 yaşdan etibarən fəal şəkildə həyata keçirilməlidir.

Bu qrup 20 yaşdan etibarən tədbir almalıdır!

Ailəsində ürək-damar xəstəliyi olanlar, piylənmə, diabet, hipertoniya, yüksək xolesterol kimi risk faktoru daşıyanlar, siqaret çəkənlər və hərəkətsiz həyat tərzi keçirənlər 20 yaşlardan etibarən damar sağlamlıqlarını qorumaq üçün tədbir görməlidirlər.

Damar sağlamlığını qorumaq üçün:

Sağlam və balanslı qidalanın:

  • Trans yağlardan, marqarinlərdən və emal olunmuş qidalardan uzaq durun.
  • Tərəvəz, meyvə, tam taxıllar, paxlalılar, zeytun yağı, balıq kimi təbii və antioksidant baxımından zəngin qidalarla qidalanın.
  • Duz və şəkər qəbulunu azaldın.
  • Qızartmadan uzaq durun, buxarda, sobada və ya qaynadılmış yeməklərə üstünlük verin.

Mütəmadi idmanla məşğul olun:

  • Həftədə ən az 150 dəqiqə orta tempolu gəzinti (gündə 30 dəqiqə, həftədə 5 gün) tövsiyə olunur.
  • İdman damarların elastikliyini artırır, qan dövranını tənzimləyir və yaxşı xolesterol səviyyəsini yüksəldir.

Siqaret və tütün məhsullarından uzaq olun:

  • Siqaret damarları daraldır, laxtalanmanı artırır və tıxanıqlığa zəmin yaradır.
  • Passiv siqaret çəkmək belə damar sağlamlığını poza bilər.

Stresi azaldın və yuxu rejiminə diqqət edin:

  • Davamlı stress damarların strukturunu pozur.
  • Rahatlama texnikaları, meditasiya, təbiət gəzintiləri və kifayət qədər yuxu (6-8 saat) damar sağlamlığı üçün faydalıdır.

Qan dəyərlərinizi yoxlatdırın:

  • Xolesterol, triqliserid, qan şəkəri və qan təzyiqini mütəmadi olaraq ölçdürün.
  • Hipertoniya və diabet nəzarətdə saxlanılmazsa, damar quruluşuna zərər verə bilər.

İdeal çəkinizi qoruyun:

  • Artıq çəki damarların daxili səthinə zərər verir və ürəyi yükləyir.
  • Xüsusilə bel ətrafında toplanan yağlar risk faktorudur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com