Şəhər əhli turistlərdən narahatdır, həm də çox...
Bir çox istiqamətlər üzrə turizm ciddi problemə çevrilib. Belə ki, yerli icmalar artıq gəlirlərini itirsələr belə, ölkələrində turistləri görmək istəmirlər.
TurpKimi.com UNİAN-a istinadla xəbər verir ki, “Travel Off Path” 2024-cü ilin yayında turistləri qəbul etməyəcək yeddi məşhur turizm istiqamətinin adını açıqlayıb. Bunlar aşağıdakılardır:
1. Amsterdam (Hollandiya) - artıq bir neçə ildir ki, şəhər kütləvi turistləri qorxutmaq üçün hər şeyi edir. Amsterdam Avropada ən yüksək turist vergisini tətbiq etmək qərarına gəlib. Bundan əlavə, şəhər sosial şəbəkələrdə aktiv kampaniya aparır, şəhərə sərxoş olmağa və narkotik çəkməyə gələn səs-küylü turistlərin burada xoş qarşılanmadıqlarını bildirir.
2. Kanar adaları (İspaniya) - Son zamanlar yerli sakinlər turizmlə mübarizə üçün aktiv kampaniyaya başlayıblar və bu artıq öz bəhrəsini verib. Belə ki, İspaniyanın Kanar adalarında hökumət qısamüddətli kirayə evlərə məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
3. Komo gölü (İtaliya) - Bir müddət əvvəl Komo şəhərinin səlahiyyətliləri Venesiya prinsipinə uyğun olaraq turistlər üçün giriş haqqı tətbiq etmək istəyiblər.
4. Afina (Yunanıstan) - Keçən il Yunanıstanın paytaxtı həddindən artıq turizm səbəbindən ən çox zərər çəkən yerlərdən biri seçilib. Nəticədə, ötən ilin sentyabrından hökumət Afina Akropolunu ziyarət etmək üçün məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, bu ildən etibarən ölkədə turistlər üçün yeni “iqlim” vergisi tətbiq edilib və çimərlik qaydaları sərtləşdirilib.
5. Barselona (İspaniya) - Altı ay əvvəl bu meqa-populyar şəhər kruiz gəmilərinin mərkəzə girməsinə qadağa qoyub və aprel ayından etibarən oradakı turist vergisi yenidən artırılıb.
6. Butan - Koronavirus pandemiyası zamanı ölkə sakinləri turistlərsiz həyatın bütün gözəlliklərini dadıblar və indi onların geri qayıtmasını istəmirlər. Turistlərdən ölkəyə daxil olarkən haqq alınır. Sərhədlər açıldıqdan sonra bu, iki dəfə artaraq 200 dollara çatıb.
7. Tokio (Yaponiya) - Yaponiyanın paytaxtı COVID-dən sonra böyük turist axını görüb və ötən il bu sahə bütün əvvəlki turizm rekordlarını qırıb. Yerli hakimiyyət orqanları paytaxtda həddindən artıq turizmə nəzarət etmək üçün nəqliyyat imkanlarını genişləndirib və bəzi turistik məkanlarda ziyarətçilərin sayına məhdudiyyətlər qoyub.
Firuzə Alimova / TURPKİMİ.COM