Qədim dövrlərdən qiymətli daş-qaş bəşəriyyətə var-dövlət və bəzək əşyası kimi tanınmışdır.
Qadınlarımız daş-qaşdan çox müxtəlif bər-bəzək əşyaları düzəltdirib, özlərini bəzəmiş, ondan zövq almışlar. Daş-qaş məişətimizə əsasən sərvət, bəzək, şan-şöhrət kimi daxil edilib. Buna görə də onun digər xüsusiyyətləri diqqəti az cəlb edib. Lakin yazılı mənbələrdən məlumdur ki, qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan, Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazıblar.
Firuzə daşı
Zaman keçdikcə xalq təbabətinin biliciləri zinət daşlarından müalicə məqsədilə istifadə etməyə başlayıblar. Məsələn, firuzə insanlara, qələbə xoş əhval-ruhiyyə bəxş edən gözəl görkəmli bir daş kimi şöhrət tapmışdır. Xalq təbibləri hesab edirlər ki, firuzəyə baxanda göz işıqlanır. Bu cəhəti nəzərə alaraq göz dərmanları hazırlanarkən firuzədən istifadə etmişlər. Deyilənə görə, üstündə firuzə gəzdirən qalib əhval-ruhiyyəsində olur.
Mirvari
Mirvarini əzib toz halına salırlar və onu isti suda həll edirlər, ondan şərbətə, müxtəlif məcunlara qatırlar. Ondan gündə 3-4 dəfə və hər dəfə də 15-20 qram qəbul edirlər ki, bu da ürək tutmalarına və sıxıntılarına kömək edir. Göz xəstəliklərinin müalicəsində də mirvari tozundan və suda həll olunmuşundan istifadə etdikdə xeyirlidir. O, gözün işığını artırır, görmə qabiliyyətini yaxşılaşdırır.
Zümrüd daşı
Misir və ərəb ölkələrində xalq təbibləri tünd yaşıl rəngli zümrüd daşından bir çox xəstəliklərin müalicə olunmasında istifadə edirmişlər. Zümrüdü əzib onu ya toz halında, yaxud suda həll edib ilançalma və digər zəhərlənmə hallarına qarşı işlədiblər. Soyuq şərbətlərə və müxtəlik maye dərmanlara qatıb qızdırma, malyariya, ishal xəstəliklərinin sağaldılmasında həkimlərin əlindən tuturmuş. Zümrüdə baxmaq qəlbə fərəh hissi gətirir, ürəyi açır. O, görmə qabiliyyətinin artırılması kimi də təqdim edilir. Zümrüdün suyunu bədənə sürtdükdə zərərli həşəratlar adama yaxınlaşmır və çalmır.
Kəhrəba daşı
Ta qədim zamanlardan kəhrəbadan boyunbağı hazırlayır, onu zabul (uru) olanların boynundan asırlarmış. Kəhrəbanın təsirindən ur tədricən əriyib yox olur və yaxud onun inkişafı dayanır. Kəhrəba angina, malyariya xəstəliklərinin müalicəsi üçün də münasib hesab edilir.
Nefrit daşı
Nefrit böyrək daşı adlanır. Avropada ara həkimləri onu toz halında xəstələrə verməklə və böyrəklərinin üstünə qoyub bağlamaqla böyrək xəstəliklərini müalicə edirmişlər.
Əqiq daşı
Bu daşın şüanı dəfetmə xüsusiyyəti var. Qara ciyərə və gözə xeyirlidir.
Hətta Papa VII Klement (XVI əsr) ağır xəstələnəndə almazı, yaqutu, zümrüdü döydürüb toz halına saldırıb, bu qarışıqdan gündə bir neçə dəfə su ilə qəbul edərmiş.
Firuzə Alimova / TurpKimi.com
Mənbə: “Xalq təbabəti” kitabı