Almaniyada yaşayan azərbaycanlı həkimlərdən maarifləndirici videomaterial...
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev və Köln şəhəri Augustireninnen xəstəxanası Pnevmalogiya və süni tənəffüs təbabəti klinikasının mütəxəssis-həkimi Elvin Hüseynov COVID-19 xəstəliyini yüngül keçirənlərə məsləhətlər verib.
Almaniyada yaşayan azərbaycanlı həkimlər hazırladıqları maarifləndirici videomaterialda bildiriblər ki, yüngül formalı xəstəlik adətən özünü sadə qripal simptomlarla göstərir:
“Avropa müalicə protokollarında bu vəziyyətdə xüsusi müalicə nəzərdə tutulmur. Xəstəliyin yüngül forması əsasən cavan, immuniteti normal və yanaşı xəstəlikləri olmayan insanlarda olur. Lakin digər xəstəliklərin, məsələn: şəkərli diabet, böyrək xəstəlikləri, arterial hipertoniya, ürəyin koronar xəstəliyi və s. olması müəyyən formada xəstəliyi ağır keçirtmək üçün risk faktoru olsa da hələ xəstəliyin mütləq ağır gedişli olacağı demək deyil.
Hər kəs bilməlidir ki, öskürək, qızdırma, dad və qoxunun itməsi, ümumi halsızlıq və digər simptomlar xəstəliyin ağır forması demək deyil. Yuxarıda qeyd edilən simptomlar olarkən və ya yanaşı xəstəlikləri olan insanlar virusa yoluxarkən narahat olub ehtiyac olmayan dərmanlar, məsələn: antibiotik, deksametazon, müxtəlif antivirus preparatlarından istifadə etməməlidirlər. Ev şəraitində immuniteti aşağı salan dərmanların istifadəsi də viruslu xəstələr üçün qəti qadağandır. Sakit vəziyyətdə baş verən təngnəfəslik və boğulma ən ciddiyə alınmalı simptomlardandır. Bu zaman mütləq həkim müayinəsi vacibdir və ev şəraitində gözləmə mövqeyi doğru deyil. Çünki belə olan halda lazımı tibbi müalicənin başlanması gecikə bilər ki, bu da xəstəliyin ağırlaşmasına səbəb ola bilər”.
Report.az / TurpKimi.com