Çoxları bu bitkinin nə adını bilir, nə də dadını - Çiriş otunun sezonudur - Faydaları


Bazarlarda bu bitkiyə çox rast gəlinir. Çoxları adını, dadını belə bilmir. 

coxlari-bu-bitkinin-ne-adini-bilir-ne-de-dadini
11.03.2023 12:11 4 dəq oxuma

Min bir dərdin dərmanı olan çirişin qədimdən bəri kətəsi, qovurması, şorbası hazırlanır. Hazırda mövsümü olduğuna görə mütləq sınamaq lazımdır. 

TurpKimi.com bilməyənlər üçün çiriş otunun faydalarını təqdim edir. 

Yazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından çıxan  nərgizi xatırladır. Bitkinin adı yunan dilindən tərcümədə "səhra quyruğu"  deməkdir,  qiymətli tərəvəz kimi geniş yayılıb. Çiriş köklərindən hazırlanan yapışqandan cildləmədə, papaq və çəkmə istehsalında istifadə edilir. Həmin yapışqana su dəyməyəndə yüz illərlə öz keyfiyyətini saxlayır.

Bitkinin təzə yarpaqlarındakı selik bağırsaq möhtəviyyatının yumşaldılmasında çox faydalıdır. Onun yarpaqlarından hazırlanan buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsinə kömək edir. Kətə və qutab bişirmək üçün ona soğan, dağkeşnişi və quzuqulağı əlavə edilərək doğranır, qarışığa azacıq duz qatılaraq adi qaydada kətə, yaxud qutab bişirilir. Çiriş kətəsi mədə-bağırsaq, xüsusən kolit xəstəliyi zamanı çox xeyirlidir.

Çirişin kökyumrusundan, kökündən, yarpağından və çiçəyindən lap qədimdən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur. Onun kökyumrusundan alınmış çiriş tozundan və yaxud unundan hazırlanmış məlhəmdən (təpitmədən) sınıq və çıxıqların çiban və dolama tipli yaraların müalicəsində istifadə olunur.

Azərbaycanda çiriş ən çox Naxçıvan MR-nin Ordubad, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur, Kəngərli rayonlarında, Ağstafa, Qazax, Xaldan, Göyçay, Füzuli, Xonaşen, Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir.

İmmunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyan, dəridəki problemlərə yaxşı təsir göstərən və saç tökülməsini azaldan çiriş otunun sağlamlıq baxımından bir çox faydası var. 

ÇİRİŞ OTUNUN FAYDALARI

- C vitamini baxımından zəngin olan çiriş otu immunitet sistemini gücləndirərək bədəni xəstəliklərdən qoruyar.

- Adət pozulmalarının azalmasına, reql dövrünün nizamlı bir şəkildə davam etməsinə köməkçi olar.

- Vaginal axıntının azalmasına və problemin tamamilə həll edilməsinə kömək edər. 

- Sidik yolu infeksiyalarında müalicə müddətinin sürətlənməsinə kömək edər.

- Çiriş otunun suyu sızanaq və eqzema kimi dəri problemlərinin yaxşılaşma müddətinə müsbət təsir edər. 

- İçindəki vitaminlər saç tökülmələrini azaldar, saç köklərinin daha güclü olmasını təmin edər.

- Saçqıran kimi daha ciddi saç problemlərinin də yaxşılaşmasında əhəmiyyətli rol oynayar.

- Hemoroid (Babasil) narahatlığının müalicəsində müsbət təsirləri vardır.

- Əmizdirən qadınlarda süd miqdarının artmasına kömək edir.

- Əqrəb və ilan sancmalarında müalicə məqsədli istifadə edilər.

- Ağ qan hüceyrələrinin artmasında rol oynayar.

Çiriş otunun müxtəlif xəstəliklərdə istifadəsinə dair xalq təbabətindən bəzi bilgiləri nəzərinizə çatdırırıq. 

Sınıq və çıxıqların müalicəsi

Çiriş bitkisi illik vegetasiyanı başa vurduqda, yeni yerüstü hissəsi quruduqda (bu iyun ayında baş verir) onu qazıyıb çıxarır, köklərini yarpaqdan, torpaqdan təmizləyib qurudurlar. Sonra həvəngdəstədə, xırda dəyirmanda və ya kofe üyüdəndə üyüdürlər. Çiriş unundan (tozundan) 3 xörək qaşığı götürüb (sınığın ölçüsündə asılı olaraq az və ya çox da götürmək olar), qarağac qabığını suda tünd dəmindən (qabığı xırda-xırda doğrayıb adi çay kimi dəmləyir, 2 stəkan suya 4 xörək qaşığı qabıq əlavə edilir) təpitmə hazırlayırlar. Təpitmə yuxadan bir az qalın, yeni fətir qalınlığında olmalıdır. Sınıq yer təmiz spirtlə silinib təmizlənir. Hazırlanmış təpitməni (məlhəmi) ağ çit parçaya yaxır, üzərinə bir balaca yumurta ağı çəkirlər. Səriştəli, təcrübəli sınıqçı sınmış yerləri qaydaya salır. Hazırlanmış məlhəmi sınığın üzərinə qoyur. Sonra sınıqdan asılı olaraq, həmin hissəni taxta parçası, iri qarğını iki yerə bölüb ondan hazırlanmış xüsusi alətlərlə sarıyırlar. Bütün əməliyyat təcrübəli türkəçarəçi loğmanın əli ilə aparılsa, həmin hazırlanmış davacatın əvəzi olmaz. Dəvədən, atdan, ulaqdan yıxılanlar, müxtəlif qəzalar zamanı sınıq alanlar bu üsuldan faydalana bilərlər.

Davacat düzgün hazırlanmalı, sarğı çox səliqəli aparılmalıdır. Sarğı 3 gündən bir dəyişdirilməlidir. Yaxşı olar ki, müalicə ərəfəsində çiriş yarpaqlarından kətə bişirilsin və gündə kətə yeyilsin. Bu sınaqların birləşməsini daha da sürətləndirir.

İrin, dolama, çiban tipli yaraların müalicəsi

Bir ədəd çirişin kökünü götürüb yaxşı-yaxşı təmizləyir, qurudur, sonra onu üyüdürlər. Çiriş tozundan 100 qram götürüb 100 qram təmiz balla qarışdırıb vam odun üzərində qaynadırlar. Azacıq soyuduqdan sonra davacatın üzərinə 30 qram əzvay şirəsi qatırlar. Bu qayda ilə hazırlanmış davacatı məlhəm və ya təpitmə şəklində dolamanın, irinləmək istəyən hovlanmış kor çiban tipli yaraların müalicəsində istifadə etmək olar.

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq, qarayara, bağırsaq keçməzliyi zamanı çirişin xüsusi müalicəvi əhəmiyyəti vardır. Çirişin tək yarpaqlarından hazırlanmış buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsi üçün daha çox faydalıdır.

Toplanmış çiriş yarpaqları duzlu suda pörtülür, acı suyu çıxarılır. Qazana aşağı hissədən bir qat çiriş düzülür, sonra üzərinə düyü, alça və ya gavalı turşusu əlavə edilir. Daha sonra xırda doğranmış soğan düzülür. Onların üzərinə bir stəkan ilıq su tökülür. Vam odun üzərində qoyulur. Yemək qaynara düşəndən 15 dəqiqə sonra üzərinə 2 xörək qaşığı yağ əlavə etmək lazımdır. Sonra bir qaşıq götürüb dadına baxırsınız. Tam bişibsə götürmək məsləhətdir. Bu qayda ilə hazırlanmış buğlama və sıyıq yazqabağı vitamin qıtlığından əziyyət çəkən orqanizmi vitaminlərlə qidalandırır, həmçinin qida borusu, mədə və bağırsağın divarlarını yumşaldır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

26-02-2020